• 22 Noyabr 2024 22:14

Azərbaycan Rusiyanın sülhməramlı kontingentini Qarbağdan vaxtından əvvəl çıxara bilər – Siyavuş Novruzovdan AÇIQLAMA

“Rusiyanın sülhməramlı kontingenti ilk növbədə funksiyalarını yerinə yetirməli, başqa işlərə qarışmamalıdırlar. Bunlar 1990-cı ildəki sülhməramlıları xatırladırlar. Necə ki 90-cı ildə eyni hərəkəti edib, erməni tərəfinə xidmət göstərirdilər, indi də bu proses davam edir. İlkin dövr ərzində pis işləmədilər. Amma bu ilin sentyabr təxribatlarından sonra sülhməramlılar tamamilə funksiylarını dəyişib, başqa istiqamətdə hərəkət edirlər. Bu da qəbulolunmazdır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, sülhməramlılar Qarabağda vətəndaşların – Azərbaycan vətəndaşı olan ermənilərin və azərbaycanlıların, orada tikintidə işləyənlərin, yol çəkənlərin və digər şəxslərin təhlükəsizliyi ilə məşğul olmalıdırlar: “Bunlar isə tamam başqa funksiya ilə məşğuldurlar. İndi də bir nəfər milyarderi – Ruben Vardanyanı Xankəndinə gətiriblər, görünür, sülhməramlılara pul verir, onlar da başqa funksiya yerinə yetirməyə başlayırlar. Bir müddət əvvəl də məsələ qaldırıldı ki, sülhməramlıların Qarabağda müddəti var. Hətta Paşinyan müddəti 20 ilə qaldırmaq istəyirdi. Lakin cənab Prezident İlham Əliyev qəti şəkildə dedi ki, müddətlərini işləsinlər, hələ ona baxacağıq. Bizim hər an sülhməramlıları Qarabağdan çıxartmaq hüququmuz var. Bilirik ki, Qarabağda Türkiyə ilə birgə monitorinq aparılır. Monitorinqin nəticələri göstərsə ki, onlar bu cür hərəkətlərlə məşğul olublar, üzərilərinə düşən vəzifəni yerinə yetirmirlər, Azərbaycan rus sülhməramlılarını Qarbağdan vaxtından əvvəl çıxara bilər. Bu həm də beynəlxalq hüququn prinsipləridir. Çünki ərazi Azərbaycan ərazisidir”.

S.Novruzov Qarabağda baş verən proseslər fonunda müharibənin yenidən başlama ehtimalını isə belə dəyərləndirib: “İnanmıram ki, hələlik ermənilər hər hansı bir müharibəyə başlasınlar. Baxmayaraq ki, onların qızışdıranları çoxdur. Ermənistanın özündə vəziyyət ürəkaçan deyil. Bunların ağılları olsa, görərlər ki, ən yaxşı müttəfiqləri Türkiyə və Azərbaycan ola bilər. Erməniləri xilas edə biləcək dövlət Türkiyə və Azərbaycandır. Dəfələrlə görmüşük ki, ermənilər qeyri-qanuni addım atanda cəzalanıblar. Yenidən belə addım atsalar, cəzalandırılacaqlar”.

Tacxeber.com

Oxşar xəbərlər