• 27 İyul 2024 08:15

Razi Nurullayevdən Serbiyanı dəstəklədiyinə görə onu tənqid edənlərə cavab: “Erməni onlardan yaxşıdır…”

Milli Məclisin deputatı Razi Nurullayevin futbol üzrə dünya çempionatında Azərbaycan Prezidentini yüksək səviyyədə qarşıladığına görə Serbiyanı dəstəkləməsi barədə sosial şəbəkədə paylaşdığı fikirlər birmənalı qarşılanmayıb, tənqid edilib. Deputatın Azərbaycan hakimiyyətinə yarınmaq üçün belə bir addım atdığını iddia edənlər də var.

R.Nurullayev Pravda.az-a açıqlamasında haqqında səsləndirilən fikirlərə münasibət bildirib.

Deputat deyib ki, tənqidlərdən xəbəri var: “Amma bu, məni zərrə qədər də narahat etmir. Kim nə yazır, nə yazmır, öz vicdanı ilə cavab versin, öz vicdanı qarşısında hesabatlaşsın. Azərbaycanı sevirəm, dəyərləndirirəm. Serbiya Prezidentinin İlham Əliyevə göstərdiyi dəyər həm də Azərbaycana verdiyi qiymət idi. Bu, Azərbaycan dövlətinin, Azərbaycan insanlarının başının ucalığı, ölkəmizə qoyulan hörmət, Azərbaycanın nüfuzu deməkdir. Kim Azərbaycanın nüfuzuna sevinmirsə, deməli, o, azərbaycanlı deyil. Onlar yalnız və yalnız hər şeyi qara görməyi sevirlər. Bəli, İlham Əliyevi MİQ-29-larla qəbul edib, yola saldılar. Bu, bütün dünya üçün bir mesaj idi. MİQ-29, F-16-larla qəbul edilib, yola salınan nə qədər ölkə prezidenti var ki? Bu, Azərbaycana qarşı göstərilən hörmətin pik nöqtəsi idi. Biz bundan niyə narahat oluruq ki? Narahat olmayaq. İlham Əliyevin o cür qarşılanması həm də Ermənistan lobbisinin qarşısında tab gətirməyimizə bir köməkdir. Kim Azərbaycanı, torpağımızı sevmirsə, təbii ki, onlar da İlham Əliyevin bu uğuruna sevinə bilməz. Bəli, müxalifətəm və elə bir öhdəliyim yoxdur ki, ya Prezident İlham Əliyevi, ya iqtidarı tərifləyəm. Belə bir fikrim yoxdur, bunu etmirəm də. Çoxlu tənqidlər də səsləndirirəm. Amma bu, o demək deyil ki, müxalifət elə ancaq tənqid deməlidir, söyməlidir və s. Belə olmalı deyil. Mən yaxşıları da görürəm və bunu edirəm. Bunu ona görə etməliyik ki, İlham Əliyev daha da güclənsin, İlham Əliyevin Paşinyanla mübarizəsində əli, məntiqi daha da güclü olsun. Yoxsa biz İlham Əliyevin ayağının altını qazaq, onu zəiflətməyə çalışaq, bütün uğurlarının üzərindən xətt çəkək ki, Ermənistan güclənsin? Bu arzuda olanların hamısı ermənidən də pisdir. Hələ erməni onlardan yaxşıdır. Ən azından bilirik ki, ermənidir və bizə dost deyil, bizə qarşı mübarizə aparır. Amma bunlar azərbaycanlı donuna girmiş ermənilərdir. Onlar hətta istəyirlər ki, Ermənistan qalib gəlsin, Azərbaycan Prezidenti, Azərbaycan zəifləsin, bunlar da istəklərinə çatsınlar. Deməli, bunlar dövlətə xəyanət yolunu tutan şəxslər imiş”.

Qeyd: Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya – Serbiya matçı başa çatıb. Qarşılaşma braziliyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tacxeber.com

Oxşar xəbərlər