• 22 Noyabr 2024 18:06

Şəkinin Baqqal kəndində müəmmalı yol tikintisi – İki dövlət qurumu danır…

Təxminən 4 ay əvvəl Şəkinin Baqqal kəndini Şəki-Qax magistralına birləşdirilən yolda təmir işlərinə başlanılıb. Ancaq daha sonra iş yarımçıq qoyulub.

Tacxeber Teleqraf.com-a istinadən  xəbər verir ki, bu müəmmalı fəaliyyətin səbəbləri bəlli deyil.

Kənd sakinlərinin verdiyi məlumata görə, yol tikintisi üçün 1 ay iş görülüb. Yolun üzərində müvafiq hazırlıq işi aparılıb – yol genişləndirilib, üzəri hamarlanıb və çınqıl tökülüb, bir sözlə, asfalt çəkilməsi üçün bütün lazımi işlər başa çatdırılıb. Ancaq nədənsə iş qəfil dayandırılıb. Bir neçə gün sonra əraziyə gətirilmiş texnika (yol təmizləyən maşın, traktor, işçilərin qaldığı vaqon) tədricən aparılıb.

Halbuki işçilər yola asfalt töküləcəyini bildirirdilər. Hətta onlar ərazini tərk edərkən bir müddət sonra yenidən qayıdacaqlarını deyiblər. Daha onları görən olmayıb.

Sakinlər kəndi magistrala birləşdirən yol tikintisinin yarımçıq qalması ilə bağlı şikayətlərini bildirirlər. Onlar hazırda yolun əvvəlki ilə müqayisədə daha pis vəziyyətdə olduğunu, bu yoldan istifadə edə bilmədiklərini qeyd edirlər.

Problemlə bağlı Azərbyacan Avtomobil Yolları Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq.

O bildirdi ki, həmin yolda hər hansı yenidənqurma və ya təmir işi icra olunmayıb: “Sadəcə olaraq atmosfer yağıntılarından müəyyən torpaq yatağında problemlər yaşanmışdı. Material verilib, yol yatağının müəyyən hissələri bərpa olunub. Ümumiyyətlə həmin yolun əsaslı şəkildə yenidən qurulması “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına daxil edilib”.

Şəki Rayon İcra Hakimiyyətindən isə məsələylə bağlı məlumatları olmadıqlarını bildirdilər.

Ümumiyyətlə, həm Azərbyacan Avtomobil Yolları Dövlət Agentliyi, həm də Şəki Rayon İcra Hakimiyyəti Baqqal kəndini magistrala birləşdirən yolda aparılmış işin həcmini və əhəmiyyətini kiçiltməyə səy göstərdilər. Bunun səbəbi isə bizə məlum deyil.

Onu da qeyd edək ki, Şəki rayonunun Baqqal kəndi çox gözəl bir ərazidə (həm turistik baxımdan səfalı, həm də Şəki-Qax yolu İpək yolunun üstündə) yerləşir. Buna baxmayaraq kənddə yaşayış səviyyəsi çox aşağıdır. Kəndin yolu bərbad vəziyyətdədir, qaz xətti yoxdur, internet çəkilməyib.

Baqqal kəndi ilə İkinci Biləcik kəndlərinin bələdiyyə qurumları birləşdirilib. Eyni bələdiyyənin tərkibində olan iki kənddən birinə – İkinci Biləcik kəndinə qaz çəkilsə də, Baqqal kəndindən mavi yanacağı əsirgəyiblər. Qazın olmaması isə meşə massivinə dəhşətli zərbə vurur.

Dəfələrlə Baqqal kəndi ilə bağlı məsələ aidiyyəti qurumlara çatdırılıb, kənd sakinləri tezliklə problemin həll olunacağı günü gözləyirlər.

Video 

 

Tacxeber.com

Oxşar xəbərlər