• 23 Noyabr 2024 03:53

Sabir Rüstəmxanlı: “Prezident İlham Əliyevin tarixi çıxışı İranın 30 il ərzində atdığı addımların diplomatik cavabıdır”

“Azərbaycan Prezidenti daha öncə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ana dilində oxumaq hüquqları barədə fikirlərini səsləndirmişdi. ADA Universitetində keçirilən beynəlxalq konfransda ikinci dəfə bu məsələyə qayıtdı. Bu, əslində İranın 30 il ərzində atdığı addımların  cavabıdır. Prezident diplomatik etikanı gözləyərək fikrini bu şəkildə ifadə edir. Halbuki, 30 ildə İran düşmənlərimizə kömək göstərib, Qarabağın dağıdılmasında, viran qoyulmasında, kəndlərimizin qarət olunmasında iştirak edib. Üstəlik 40 milyona yaxın cənublu soydaşımızın hüquqlarını tapdalayıb, onların yaşadıqları torpaqların üstündən düşmənə yol verib. Düşmən də həmin o imkanları “qullanaraq” – güneylilərin burdakı qardaşlarının torpaqlarını işğal edib. Necə ki, Ermənistan vaxtilə Qarabağda bu işi görüb, İran da ona kömək edib…”

 

Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.

 

“İranın sərhədlərimizdə güc nümayiş etdirməsinə, hərbi təlimlər keçirməsinə, İran televiziyalarında illər ərzində Azərbaycana qarşı həqarət dolu verilişlərə – hamısına Prezidentin cavabı böyük tarixi hadisədir. Prezident bəyan edir ki, Azərbaycan heç bir ölkənin bütövlüyünə şübhə yaratmaq istəmir. Bu, yalnız İranın atdığı addımlara uyğun bir cavabdır. Güman edirəm, İran məsələyə real yanaşsa, bu, normal qəbul olunmalıdır. İran çalışmalıdır ki, Azərbaycan dövlətinə sayqı ilə yanaşsın, bütün münasibətləri danışıqlar vasitəsilə həll etmək yolunu tutsun, Azərbaycanla münasibətləri pozmağa yox, yaxşılaşdırmağa çalışsın”, – deputat bildirib.

 

S.Rüstəmxanlı “cənab Prezident İlham Əliyevin Səmərqənddə İrana verdiyi mesajı ikinci dəfə təkrarlamasının səbəbi İranın Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin Azərbaycanla bağlı açıqlamasına görədirmi?” sualına isə belə cavab verib:

 

“Əli Əkbər Vilayətini tanıyıram, vaxtilə İranın xarici işlər naziri olanda onunla görüşmüşəm. Vilayətinin danışığında çox ciddi bir səhv var idi. “Hər bir azərbaycanlı iranlıdır, hər bir iranlı azərbaycanlıdır” dedi. Nəzərə alsaq ki, onlar “İran” deyəndə “Persiya” düşünürlər. Bunlar hesab edirlər ki, azərbaycanlıları da Persiyanın bir hissəsi edəcək, farslaşdıracaqlar və s. Yanılırlar. Qarabağ savaşı və ondan sonra atılan addımlar Azərbaycana dil uzadanlara dərs olmalıdır, Azərbaycan Prezidentinin mövqeyi göstərir ki, bu məsələlərdə sözü deyib, keçmək, bu cür ciddi məsələlərə yüngül yanaşmaq olmaz. Vilayəti kimilər bilməlidirlər ki, bunun cavabı olacaq…”

Tacxeber.com

Oxşar xəbərlər