“Vaqner”dən qandonduran əməl – Əmrə tabe olmayan 19 əsgəri…
Rusiyanın “Vaqner” qruplaşmasının muzdluları Luqansk vilayətinin Biloqorivka şəhərində yeni səfərbər edilmiş əsgərlərə qarşı qanlı qırğın törədiblər. “Vaqnerçilər” döyüşə çıxmaqdan imtina edən 19 yeni çağırışçını güllələyərək öldürüblər.
Tacxeber.com Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın “Kanal 24” telekanalı məlumat yayıb.
Kanal Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən bildirir ki, “Vaqner” öz sıralarını gücləndirmək üçün Biloqorivkaya 109 çağırışçı gətiriblər:
“Onlara bir saat ərzində meşə zolağının tutulması əmri verildi. Amma çağırışçılar “vaqnerçilər”in bu əmrini yerinə yetirməkdən boyun qaçıraraq, döyüşə girməkdən imtina ediblər”.
“Vaqner” komandirləri dərhal dörd etiraz edən əsgəri vuraraq digərlərini döyüşə getməyə məcbur ediblər. 105 nəfərdən yalnız 18-i hücumdan salamat qayıdıb. Qayıdanlardan üçü isə növbəti gün ölüb.
“Elə həmin gecə “vaqnerçilər” onların qayıdışı şərəfinə “əyləncə” təşkil ediblər, sıyıqlarına narkotik qataraq, bundan sonra onlara qarşı zorakılıq nümayiş etdiriblər. “Vaqnerçilər” daha 15 nəfəri soyuqqanlılıqla öldürərək, qalanlarını sağ buraxıblar”, – məlumatda deyilir.