• 15 Oktyabr 2024 22:35

Bu müəssisənin fəaliyyəti məhdudlaşdırıldı

Bu müəssisənin fəaliyyəti məhdudlaşdırıldı

Gəncədə kolbasa məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Məlumat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilib.

Agentlik əməkdaşları Gəncə şəhəri, Yevlax şosesində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Mobil Kamil oğluna məxsus kolbasa məmulatlarının istehsalı müəssisəsində apardığı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

Müəssisədə istehsal üçün uyğun şəraitin olmadığı, istehsal sahəsinin təmirsiz vəziyyətdə saxlandığı, bütün xammal və inqrediyentlərin çirklənmədən mühafizə edilmədiyi, qablaşdırmada istifadə olunan materialların uyğunluq sertifikatlarının mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, həmçinin “Elit” əmtəə nişanlı kolbasa məmulatlarının etiketlərində məhsulun tərkibi ilə bağlı təhrif olunmuş, həqiqətə uyğun olmayan məlumatlar müəyyən edilib.

Belə ki, etiket məlumatlarında istehsal prosesində mal ətindən istifadə olunduğu və məhsulun istehsalçısı barədə yanlış məlumatların qeyd olunduğu məlum olub. Aşkar olunmuş faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsulların satışa çıxarılmasının qarşısı alınıb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Müəssisədə istehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Oxşar xəbərlər