• 06 Oktyabr 2024 08:20

“Nazirliyin Kukla Teatrında “oğru” axtarması mənə çox təsir etdi”

“Nazirliyin Kukla Teatrında “oğru” axtarması mənə çox təsir etdi”

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Hüseyn Cavidin “Şeyx Sənan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunub.

Tacxeber “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ilk dəfə 25 il əvvəl səhnəyə qoyulmuş “Şeyx Sənan”ı izləməyə gələnlər arasında tamaşanın rejissoru Xalq artisti Cənnət Səlimova da var idi.

Tamaşadan sonra saytımıza açıqlama verən sənətkar bildirib ki, “Şeyx Sənan” onun ən sevdiyi tamaşalardan biridir: “Bu mənim üçün çox doğma tamaşadır. Mənim üçün Hüseyn Cavidin adı müqəddəsdir. Onun əsas ideyası bugünkü gün də aktualdır. O deyir ki, məhəbbətdən yüksək heç nə yoxdur. Ona görə mənim üçün bu, çox müasir əsərdir. Biz onu repertuatımızda daim saxlayırıq. Baş rol ifaçısı Əməkdar artist Şövqi Hüseynovun indi 50 yaşı var. Bu tamaşanı oynamağa başlayanda isə 25 yaşı var idi”.

C.Səlimova yaxın vaxtlarda yeni tamaşanın rejissorluğunu edəcəyini deyib: “Yeni tamaşa Molyerin 400 illiyi münasibətilə “Skapenin kələkləri”dir. Hazırda bütün teatr baş rejissor Mehriban Ələkbərzadənin tamaşasına hazırlaşır. O, təqdim olunandan sonra mənim tamaşamın hazırlaqlarına başlanılacaq”.

Xalq artisti Mədəniyyət Nazirliyinin Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparmasına da münasibət bildirib: “Böyük biabırçılıq və utancdır. Mədəniyyət Nazirliyinin Kukla Teatrında “oğru” axtarması mənə çox təsir etdi. Belə şey olar? Teatr ən təmənnasız şeydir. Aktyorlar kasıbdırlar, amma səhnəni sevirlər. Bu mənə çox pis təsir edir”.

O, fəaliyyətini davam etdirmək istədiyini əlavə edib: “İnanıram ki, hər şey yaxşı olacaq. İstəyirəm ki, işləyim, işləyim və işləyim… Böyük yaşım və təcrübəmə baxmayaraq, yenə işləmək istəyirəm”.

Qeyd edək ki, noyabrın 21-dən Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparır. İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır. Nazirliyin mətbuat katibi Nuridə Allahyarova isə bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda yol verilən pozuntu hallarına dair  nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.

Hüseyn Məmmədsalahov


Tacxeber.com

Oxşar xəbərlər