Paytaxt rayonlarında polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar nəticəsində ictimai nəqliyyatda – avtobuslarda və əhalinin sıx olduğu ticarət müəssisələrində cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə məlumat Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilib.
Tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş Rüfət Əliyev və Rəşid Ağayev tutularaq istintaqa təqdim ediliblər.
Araşdırmalarla bu şəxslərin paytaxtın bir neçə rayonlarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda 40-a yaxın sərnişinin pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyən edilib.
Qeyd edək ki, saxlanılan şəxslərin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.
Aşkarlanan faktlarla bağlı araşdırmalar davam etdirilir.
“Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə və “102” Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər”, – məlumatda qeyd olunub.