• 23 Noyabr 2024 05:57

Qan analizi verməzdən əvvəl nələr etməliyik – Həkimdən AÇIQLAMA

Profilaktik olaraq ildə bir dəfə qanın ümumi analizinin aparılması tövsiyə olunur.

“Medicina” xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Könül Kərimova qanın ümumi analizi ilə bağlı vacib məqamlara aydınlıq gətirilib.

Qan analizlərinin dürüst nəticələrini əldə etmək üçün bir çox məqamlara diqqət yetirmək lazımdır. Bu həm xəstəliyin diaqnozunun qoyulmasına və həmçinin müalicə tədbirlərinin seçilməsi üçün olduqca vacibdir.

Qan analizinə hazırlıq prosesi aparılacaq tədqiqatın məqsədindən birbaşa asılıdır və bu məqsədi adətən müalicə həkimi müəyyən etməlidir. Yəni, ən doğru yol odur ki, laborator müayinəyə həkim göndərişi ilə müraciət olunsun. Eyni zamanda, həkim analizləri verməzdən əvvəl hazırlıq tövsiyələri haqqında xəstəni məlumatlandırmalıdır. Bu tövsiyələr ümumi və ayrı-ayrı göstəricilər üçün xüsusi xarakter daşıyır.

Adətən ümumi və biokimyəvi analiz üçün qanın səhər saatlarında götürülməsi tövsiyə olunur. Qan almadan öncə ən az 8 saat, optimal olaraq isə 12 saatlıq aclıq müddəti tələb olunur və qanalmadan öncə yalnız su içilməsinə icazə verilir. Qanalmadan əvvəl saqqız çeynəmək və ya siqaret çəkmək arzuolunmazdır. Həmçinin qan ianə edilən gün intensiv fiziki işlə məşğul olmamaq məsləhətdir.

Sağlamlığa zərər verməmək üçün dərman qəbulu yalnız müalicə həkiminin icazəsi ilə tamamilə dayandırıla bilər. Tədqiqat üçün dərman qəbuluna başlamazdan əvvəl və ya onların qəbulunun dayandırılmasından ən az 10-14 gün keçdikdən sonra qan alına bilər. Hər hansı bir dərman müalicəsinin effektivliyinə nəzarət etmək məqsədilə analiz dərmanın qəbulu müddətində və son qəbulundan 7-14 gün sonra təkrar aparılması məqsədyönlü hesab edilir. Əgər hər hansı bir dərman preparatı daimi olaraq qəbul edilirsə və həmin preparatın qan analizində yoxlanılacaq göstəricilərə təsiri yoxdursa, onun qəbulu davam etdirilə bilər.

Tacxeber.com

Oxşar xəbərlər