• 21 Dekabr 2024 18:38

Rusların Qarabağda qalmaq bəhanəsi: Bunu əllərindən almaq lazımdır – Müsahibə

Tacxeber olaraq bu müsahibəni sizə təqdim edirik:

– Zərdüşt bəy, Ermənistan tərəfinin sülh prosesi ilə bağlı son davranışlarını məsələyə nə dərəcədə adekvat hesab etmək olar?

– İndi əslində vəziyyət çox sadədir. Ermənistan rəhbərliyi, başda Nikol Paşinyan olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirlər. Bəlkə də Paşinyan bunu istəyir. Bu addımı atsa, onu hakimiyyətdən devirmək riski çox yüksək olar. Paşinyana qarşı hərbi çevriliş və terror da ola bilər. Çünki Ermənistan tərəfi xoş dillə razılaşmaq istəmir ki, Qarabağ Azərbaycandır! Ona görə də Nikol maksimum şəkildə vaxtı uzatmağa çalışır.

– Əlavə vaxt Ermənistana nə qazandıra bilər?

– Düşünürlər ki, hansısa bir şərait, yeni bir hadisə, dəyişiklik yarada bilər. Bu daha çox Rusiyanın Ukraynadakı məğlubiyyətinə bağlıdır. Bununla da ruspərəst qüvvələr Ermənistanda öz gücünü itirmiş olacaq. Onlar da razılaşacaqlar ki, Qarabağ Azərbaycan torpağıdır. Bunun əksinə bir hadisə baş versə, Rusiya əvvəlki kimi Cənubi Qafqazı nəzarətdə saxlamağa çalışacaq. Bununla da hələ də Azərbaycan ərazisində qalmış rus sülhməramlılarının bölgədəki mövcudluğu davam edəcək. Bu əslində Ermənistana sərf edir. Çünki onlar bununla vaxt qazandıqlarını düşünürlər. Azərbaycan isə tələsir ki, Ermənistanla sülh müqaviləsi imzalasın və Qarabağın öz ərazisi olduğunu qəbul etdirsin.

– Avropadan bu məsələ ilə hansı təhlükəli yanaşmalar gözlənilir?

– Fransa amili əslində ciddi bir yanaşma deyil. Sözsüz ki, burada da təhlükələr var. Avropada bir çox ölkələr var ki, beynəlxalq hüquqa, haqq-ədalətə dırnaqarası yanaşır. Onlar üçün “Qarabağın müstəqilliyini” tanımaq heç bir məna ifadə etmir. Fransa BMT Təhlükəsizlik Şurasında “zavallı”, “cəfakeş erməni xalqının təhlükəsizliyinin” təminatı məsələsini qaldıra bilər. Buna da kimlərsə qarşı çıxmasa, məsələ bir qədər ağırlaşa bilər. Bu, zəif də olsa, mümkün olan ehtimaldır. Ona görə də Azərbaycan daha adekvat siyasət yürüdür.

– Son zamanlar Ermənistan tərəfinin təxribatları fonunda yeni hərbi əməliyyatların olması mümkündür?

– Yeni bir müharibə ehtimalına o qədər də inanmaq olmaz. Sadəcə olaraq diplomatiya və hərbi gərginliyin artırılması üsullarından birgə istifadə etməklə məqsədə nail olmaq cəhdləri müşahidə edilir.

– Sülhməramlıların davranışları ilə bağlı məsələləri necə şərh etmək olar?

– 2024-cü ilin 6-ı ayından sonra buna münasibət bildirmək olar. Məhz bundan sonra sülhməramlıların gedib-qalması məsələsi həll olunmalıdır. Amma Rusiyanın məqsədi odur ki, sülhməramlıları burada daha çox saxlasın. Onlar çalışır ki, vəziyyət bizi sülhməramlılara “qalın” deməyə məcbur etsin. Amma biz onların qalmasını istəmirik. Çünki bir 5 ildə burada qalsalar, yenə təxribat törədib vəziyyəti gərginləşdirəcəklər.

– Rusların bizim ərazidə qalmaq üçün gətirdikləri bəhanələr hansılardır?

– Erməni əhalinin təhlükəsizliyini təmin etmək bəhanəsini ilə ruslar burada uzun müddət qalmaq niyyətindədir. Bunu onların əlindən almaq üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Bununla da iki dövlət arasında etimad mühiti formalaşmalıdır. Bunu isə Ermənistandakı radikal qüvvələr istəmir.

Tacxeber.com

Oxşar xəbərlər