• 06 Oktyabr 2024 09:04

Naxçıvan “Xan”ının sevimli “vəzir”ləri: DTX-nın döyəcəyi xeyli qapı var…

Son günlər maraqlı hadisələr, yoxlamalar, həbs xəbərləri ilə gündəm olan Naxçıvandan gələn məlumatlar, burada  “gözdən uzaq, könüldən iraq” prinsipinin necə dəqiqliklə işlədiyinə sübutdur.  

İlk olaraq Naxçıvan DTX-nın ləğv edilməsi baş verən kimi, saytlar və informasiya agentlikləri Naxçıvanın vəzifəli şəxslərindən məlumatlar öyrənməyə çalışdılar. Əvəzində isə bütün sorğulara “Naxçıvanda davam edən tikinit və quruculuq işlərindən, yol çəkilişlərindən” danışılaraq, “İnkişaf edən Naxçıvan” nağılları ilə cavab verildi.

Daha sonra gömrük komitəsində 132 milyonluq, Naxçıvan Maliyyə Nazirliyində isə 144 milyonluq yeyintilərlə bağlı rəsmi açıqlamalar yayıldı. İnsanların bu rəqəmlərə münasibəti də fərqli oldu. Kimisi bu rəqəmlərin Naxçıvan kimi balaca yer üçün çox böyük rəqəm olduğunu düşündü, kimisə isə bunun hələ sadəcə başlanğıc olduğunu, ciddi yoxlamalar baş verərsə, qat-qat artıq yeyinti və korrupsiya hallarının ortaya çıxacağını bildirdi.

Naxçıvanın yerli camaatından, orada yaşayanlardan aldığımız məlumatlar ikinci versiyanın daha düzgün olduğunu, Naxçıvana ayrılan illik təqribən yarım milyarda yaxın büdcənin böyük qisminin yeyintiyə, korrupsiyaya qurban getdiyini söyləməyə əsas verir. Bu yeyintilərin başında özünü Xan kimi aparan Vasif Talıbov və ailəsinin durduğu sirr deyil. Naxçıvandan məlumat verən mənbəmiz, yeyinti və korrupsiyalarda “Xan”ın sevimli “nazir”lərinin əsas rol oynadığını bildirdi. Sən demə hər fürsətdə deyilən “Tikinti və quruculuq, yol çəkilməsi və təmiri” söhbətləri əbəs deyilmiş. Naxçıvan büdcəsinin böyük hissəsi məhz bu yollarla göyə sovrulurmuş.

Mənbə bildirir ki, Naxçıvanda yolla bağlı bütün işlərə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi baxır. Hər şey bir yana, siz agnetliyin adına fikir verin! Niyə məhz “ Dövlət Agentliyi?” Məgər “dövlət” sözü agentliyin adında yazılmasa, nəsə dəyişəcəkmi? Və ya əksi, bu sözü yazmaqla Naxçıvanın ayrıca dövlət olduğunamı işarə edilir? Bütünlükdə avtomobil yollarının uzunluğu Bakının bir rayonunun yollarından az olan Muxtar Respublikada belə xüsusi bir quruma, nazirlik səviyyəli təşkilata nə ehtiyac var? 

 

Nə ehtiyac olduğunu mənbəmiz izah edir. Sən demə agentliyin direktoru Bəhruz Əsgərov Vasif Talıbova ən yaxın “nazir”lərdən biridir. Hər il yol təmiri və çəkilişi adı altında milyonlara büdcə vəsaitinin məhz əslən Ordubaddan olan Bəhruz Əsgərovun əli ilə yeyildiyini bildirir. Naxçıvana ayrılan pullar əvvəlcə bu idarəyə ötürülür, oradan isə minbir yolla “Əlahəzrətin şəxsi xəzinəsinə” göndərilir. Bu illər ərzində Bəhruz Əsgərovun özü üçün də külli miqdarda mənimsəmə etdiyi, milyonlarla dəyəri olan mülklərə və əmlaka yiyələndiyi deyilir. Necə deyərlər, bal tutan barmaq yalar. Mənbəmizin dediklərinə əsaslansaq, yaxın günlərdə DTX-nın Naxçıvanda yoxlamalara başlayacağı növbəti idarənin məhz “Avtomobil Yolları Dövlət Agentliyi”, qandallanıb üzü Bakıya gətiriləcək adamın isə, məhz Bəhruz Əsgərov olacağını ehtimal etmək olar. Yeyintinin məbləği isə, heç də bundan əvvəlki rəqəmlərdən az olmayacaq.

Bizə danışan Naxçıvan sakini ikinci bir təşkilatın adını çəkdi. Naxçıvandakı bütün təmir və tikinti, quruculuq işlərindən məsul olan orqan – “Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir”. Yenə də komitənin adında xüsusi vurğulanan “dövlət” sözü diqqət çəkir. Komitəyə rəhbərlik isə, bütün Naxçıvanda “tikinti naziri” kimi tanınan Hicran Rüstəmova həvalə edilib. Naxçıvandakı bütün tikinti və təmir işləri məhz bu adamın kurasiyasındadır. Başqa sözlə, büdcədən hər il tikinti və təmir işlərinə ayrılan milyonlar Hicran Rüstəmovun əli ilə yeyilir. Tikintilərin həcmi, görünməyən hissələrdəki işlər və  çəkilən xərclər dəfələrlə şişirdilir. Beləcə korrupsiya maşınını “xüsusi istedadla çalışdıran” komitə sədri, bu maşından çıxan milyonlarla pulu “Xan”ın cibinə axıdır. Axan milyonlardan sızan hissə isə özünə və yaxınlarına yetər də artar belə. Çox güman ki, yaxın günlərdə bu məbləğin qədərini təqribi də olsa rəsmi xəbərlərdən öyrənəcəyik.

Anlaşılan, DTX-nın Naxçıvanda görəcəyi hələ xeyli iş, döyəcəyi xeyli qapı var. Nə deyək, Tanrı xalqın pullarını yeyənlərlə mübarizə aparanların yolunu açıq, qılıncını kəskin eləsin !  (Yeni Sabah)

 

Tacxeber.com

Oxşar xəbərlər