• 22 Dekabr 2024 10:07

Rusiya MN-dən həyasızlıq: Qarabağda “silahlı birlik”…

Azərbaycan Müdafiə Nazirliyinin dəfələrlə, az qala hər gün və doğru olaraq xəbərdarlığına baxmayaraq, Rusiya Müdafiə Nazirliyi sülhməramlı kontingentin məsuliyyət zonasından yaydığı xəbərlərdə yenə də yer adlarını təhrif etməkdə davam edir. Belə ki, Rusiya MN israrla “Dağlıq Qarabağ” inzibati vahidinin olmasını “göstərməyə” çalışır, eyni zamanda Qarabağ iqtisadi rayonundakı bəzi toponimlərin adlarını ermənilərin adlandırdığı kimi yazır.

Qarabağın Azərbaycan ərazisi olduğu, Rusiyanın 22 fevral 2022-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyan əməkdaşlıq sazişi imzalaması Rusiya MN-i qətiyyən düşündürmür. Bu nazirlik ermənilərin qəlbini xoş etmək üçün hər cür qanunsuzluğa getməyə, hər cür təhriflərə hazır olduğunu günbəgün daha qabarıq şəkildə göstərir.

Bir müddət öncə Sarıbabada 2021-ci ildə Ermənistanda istehsal olunan minaların tapılması və əraziyə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin, o cümlədən rus sülhməramlıların dəvət edilməsi, hər şeyi yerindəcə görmələri belə bu olayın Rusiya MN-in gündəlik bülletenində əksini tapması üçün “kifayət” etmədi.

Səbəb olduqca sadədir: əgər Rusiya MN bu faktı uca səslə etiraf etsəydi, onda Rusiya sülhməramlı kontingentinin humanitar dəhliz kimi nəzarətində olan Laçın yolundan bu minaların necə daşınmasına da aydınlıq gətirməliydi. Rusiya MN dolayısıyla etiraf etməli idi ki, Laçın dəhlizindən silahlar, minalar daşınır, erməni qanunsuz silahlı birlikləri bu yoldan rahatlıqla istifadə edir və buna məhz rus sülhməramlılar Rusiya MN-in birbaşa göstərişi ilə şərait yaradırlar.

Ötən gün isə Rusiya MN və rus sülhməramlılar yaydıqları bülletendə bir az da irəli gedərək, növbəti qanunsuzluğa, bu dəfə Azərbaycanın ərazi bütövlüyünü birbaşa təhdidə cəhd etdi.

Rusiya MN-in yaydığı məlumatda qeyd edilir: “Şuşa rayonunda Azərbaycan tərəfi atıcı silahlardan Dağlıq Qarabağ silahlı birliklərinin postunu atəşə tutub, nəticədə iki nəfər yaralanıb”.

Bu, artıq Rusiya sülhməramlı qüvvələrinin bütün beynəlxalq qanunlara, Rusiya-Azərbaycan arasında imzalanan müqaviləyə, eyni zamanda 10 noyabr 2020-ci il bəyanatına tüpürməsi deməkdir.

10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndində açıq şəkildə bildirilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.

Aradan keçən 2 ildən də artıq müddətdə Rusiya sülhməramlıları nəinki erməni birliklərinin çıxarılmasını təmin edib, əksinə, “Dağlıq Qarabağ silahlı birliklərinin” yaradılmasına, onların post qurmasına, silahlanmasına birbaşa dəstək verib və artıq bu “qüvvələri” tanıdığını elan edəcək həyasızlığa, qanunsuzluğa getməkdən belə çəkinmir.

Rusiya MN-in bu məlumatı rus sülhməramlı kontingentinin əsl mahiyyətini bir daha ortaya çıxardı: Rusiya qüvvələri rəsmən elan etdilər ki, onların məqsədi dinc əhalinin qorunması, sülhyaratma deyil, separatçıların bölgədən sıxışdırılıb çıxarılmasının qarşısını almaq, erməni terrorunu himayə etmək, terrorçuların mövqelər, postlar tutmasına nail olmaqdır.

İki ildən sonra Rusiya MN-in bunu açıq şəkildə bildirməsi isə Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl missiyasına xitam verilməsi məsələsini gündəmə gətirir. Bütün dünyanın, o cümlədən Rusiyanın qəbul etdiyi Azərbaycan ərazilərindən yerləşdiyini qəti nəzərə almadan, sülh missiyası əvəzinə separatçı-terrorçuların işğalçı planlarını davam etdirməsinə birbaşa hamilik missiyasını yerinə yetirdiyini elan edən bir kontingent bəyanatın maddələrini pozduğuna, öhdəsinə düşən vəzifəni icra etməməsinə və təxribatlara dəstək verdiyinə görə mütləq ərazidən çıxarılmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər