“Varlı balalarına görə saatlarla tıxacda qalırıq” – Məşhur liseydən narazılıq
“Şəhərin mərkəzində yerləşən ali və orta məktəblərin dərs saatını bir az fərqləndirmək olar. Amma ibtidai sinif şagirdlərini valideynlər özləri aparmağa üstünlük verir”.
Bunu nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
Qeyd edək ki, bəzi mütəxəssislər paytaxtda tıxac və nəqliyyatda sıxlığın qarşısını almaq üçün belə bir variant təklif edir: səhər saatlarında işə gedənlərlə orta və ali təhsil müəssisələrində təhsil alanların dərs saatları fərləndirilsin. Yəni nəqliyyatdan üçpilləli istifadə qaydası tətbiq olunsun.
E. Muradlının fikrincə, iş və dərs saatlarının fərqləndirilməsi çıxış yolu deyil:
“Çıxış yolu, ilk növbədə, ictimai nəqliyyatın inkişafı olmalıdır. Avtobusların sayı yetəri qədər deyil. İntervalları düzgün tənzimləmək, avtobus zolaqların inkişaf etdirmək lazımdır. Metro şəbəkəsi böyüdülməlidir, yəni metrostansiyalarının sayı artırılmalıdır.
Gələcəkdə Bakı Dairəvi Dəmir Yol Xəttinin inkişafı qaçılmazdır. Metro şəbəkəsini dəmir yol şəbəkəsi ilə birləşdirmək mümkündür.
Orta və ali məktəblə müəssisələrdə iş saatı rejiminin dəyişməsi tıxacı qismən aradan qaldıracaq. Məsələn, şəhərin mərkəzində yerləşən ali və orta məktəblərin dərs saatını bir az fərqləndirmək olar. Amma nəzərə alınmalıdır ki, valideynlər özləri ibtidai sinif şagirdlərini məktəbə aparmağa üstünlük verir. Bəzən də ictimai nəqliyyat olmadığından şəxsi avtomobil və taksilərdən istifadə edirlər.
Əlbəttə, fərdi yanaşmalarda ola bilər. Valideynlərində iş rejimin nəzərə almaq lazımdır. Elə valideyn olacaq ki, dərs rejimi onun işi rejimiylə üst-üstə düşəcək. Mənə elə gəlir ki, bu barədə Elm və Təhsil Nazirliyi Yol Polis Xidməti fərdi qaydada müzakirələr aparmaqla qərar verə bilər. Deyək ki, “İçərişəhər” metrosu ilə üzbəüz 132 və 134 saylı məktəblər fəaliyyət göstərir. Onları qismən fərqləndirmək olar.
Amma özəl məktəblər necə olsun. Məsələn, “Oxford” özəl məktəbi. Həmin məktəbə görə camaat saatlarla tıxacda qalır. İndi imkanlıların balaları orda oxuyur deyə, biz əziyyət çəkməliyik?!
Bayıl qəsəbəsində yeni bir məktəb açılıb. Buna görə yolumuzu dəyişirik ki, imkanlıların balası rahat gedib gəlsin. Halbuki o lisey yarananda camaatı aldatdılar ki, balalarımız məktəb avtobusları ilə gedib-gələcək. Dərs fəaliyyətə başlayır, aləm dəyir. İmkanlılar deyir ki, bizim şəxsi maşınımız ola-ola nəyə görə uşaqlarımız məktəb avtobusuna üstünlük versin… Mənim üçün maraqlıdır, müvafiq qurumların həddi çatar ki, “Oxford” məktəbinin dərs rejimini dəyişsin?..” (Yenisabah.az)
Həcər ƏMİRASLANLI
Tacxeber.com