• 30 Dekabr 2024 21:54

Azərbaycanda onkoloji xəstələrin son ümidi – “Ağıllı dərman” nədir? – AÇIQLAMA

 

Artıq bir neçə ildir ki, xərçəng müalicəsində istifadə olunan “ağıllı dərman” bir çox xəstələrdə ümid yaradıb.

Əməliyyat və kimyadan əli üzülən xəstələr “”ağıllı iynə” olsa, sağalaram” deyə 3500-5500 manatlıq dərmanlara üz tutur.

Bakupost.az “ağıllı dərman”ların onkoloji xəstələrə necə təsir etdiyini araşdırıb.

Qeyd edək ki, “ağıllı dərman” anormal şiş hüceyrələrini blok etmək, sağlam hüceyrələri zədələmənək xüsusiyyəti ilə fərqlənir.

Xərçəng hüceyrələri başdansovdu çoxalmaq, yayılmaq və birləşməyə meyillidir. Onların normal iş funksiyaları pozulur. “Agıllı dərman”lar bu hüceyrələrin pozulmuş mexanizmlərinə təsir etmək gücündədir.

“Ağıllı dərman”lar 2 qrupa ayrılır: Şiş hüceyrələrini bağlayan monoklonal antikorlar və hüceyrəiçi funksiyaların artmasını bloklayan dərmanlar. Monoklonal iynə, digəri tablet formasındadır.

Bu dərmanların kimyaterapiyadan üstünlüyü nədir?

Kimyaterapiya dərmanları bölünə bilən bütün hüceyrələri yox etdiyi üçün şiş ətrafı sağlam, normal bölünə bilən hüceyrələri də yox edir. “Ağıllı dərman” isə bölünmə təhükəsi olub, xərçəngə çevrilə biləcək hüceyrələrə təsir edir. Sümük iliyi, ağız mukozası, saç, tük hüceyrələri ən çox bölünən hüceyrələrdir.

Ona görə kimyaterapiyadan bu hüceyrələr də əziyyət çəkir, saçlar tökülür, ilik azalır. Dərman isə artıq xərçəngə proqramlanmış hüceyrəni seçib tanıyır.

Bir normal hüceyrədə 2-3-4 anten mövcuddur, xərçəng hüceyrələrində isə bu antenlərdən 100-ü, hətta 1000-i ola bilər.

“Ağıllı dərman” bu antenlərə yapışır, daha çox anteni olana daha çox dərman çökür, dərmanın da seçiciliyi bununla izah olunur.

Kimyaterapiya ilə yanaşı “ağıllı dərman” müalicəsi də aparıldıqda sağalmaq şansı artır və xəstənin ömrü bir qədər də uzanır.

Artıq qaraciyərə metastaz vermiş xəstəyə “ağıllı dərman” tətbiqindən sonra onun yaşama müddəri 3-6 aydan 3-5 ilə qədər uzadıla bilir. Miyalom, leykoz kimi xəstəliklərdə yaşama müddəti 20 ilə qədər uzadıla bilir. Avropada metastaz verməyən ağciyər xərçəngli xəstə heç bir kimyaterapiya görmədən “ağıllı dərman”la 4-5 ilə qədər yaşayır.

“Ağıllı dərman”ların kimyaterapiya qədər yan təsirləri yoxdur. Kimyaterapiyadan sonra sümük iliyi azaldığı üçün qan dəyərləri də düşür. “Ağıllı dərman” sümük iliyinə təsir etmir. Bəzi xəstələrdə təzyiq qalxır, baş ağrısı olur, saç rəngi dəyişə və xəstənin burnundan qan açıla bilər.

Target terapiya – təkcə şişə yox, metastazlara və şiş hüceyrəsinə çevrilməyə meyilli hüceyrələrə yönəlmiş terapiyadır.

Ciddi olaraq yalnız bir neçə növ xərçəngdə həkim təyinatı ilə edilir.

Bu gün onkoterapiyada əməliyyatdan sonra şüa və kimyaterapiya yardımçı və əlavə müalicə olaraq təyin olunur.

Target dərmanlar ucuz deyil, kursla təyin olinir və onların təyinatı yarım il çəkə bilər. Dərmanların qiyməti 2000 dollardan 5000 dollara kimidir.

Türkiyəli professor, onkoloji uzmanı Bülent Karagöz bildirib ki, xərçəng hüceyrələrinə digər müalicə üsulları ilə hücum zamanı sağlam və normal bölünən hüceyrələr də məhv olur:

“Bu əks-təsiri azaltmaq üçün hədəfə yönəlik “ağıllı dərman” müalicəsi başlanılır. Əsasən süd vəzi, prostat, bağırsaq və ağciyər şişlərində çox aktiv olaraq istifadə etdiyimiz və nəticə gördüyümüz metoddur. Göstəriş üçün molekulyar patoloji və genetik testlər götürülür, yenidən şişin müxtəlif yerlərindən biopsilər alınır. Məqsəd şişdə hədəfə yönəlik hüceyrələrin miqdarı və dərmana təsirini öyrənməkdir”.

Onkoloq mammoloq Rəna Abdullayeva isə Bakupost.az -a açıqlamasında bildirib ki, “ağıllı dərman”lar ölkəmizdə onkoloq və kimyaterapiya mütəxəssisləri tərəfindən tətbiq olunur:

“Müalicə etdiyimiz xəstələrdən bəzilərinə gedişata uyğun olaraq, “ağıllı dərman” müalicəsi tövsiyə edirik. Lakin hər onkoloji xəstəyə bu dərmanları vermək olmaz.

“Ağıllı dərman” heç bir halda əməliyyatı, kimyaterapiyanı, şüa terapiyasını əvəz etmir və edə də bilməz. Bu dərmanların tətbiqi deyildiyi qədər asan terapiya deyil. Həkimlər onları mütləq xəstəyə və şişə uyğun təyin edirlər. “Ağıllı dərman” təəssüf ki, xərçəngi tam müalicə etmir. Əksər hallarda çox xəstələrə faydasız olur.

Xərçəngin əsas müalicəsi şişi erkən mərhələdə aşkarlayıb, əməliyyat etmək, süd vəzi xərçəngində şiş olan orqanı tamam götürmək, daha sonra kimyaterapiya ilə dəstək verməkdir”.  (Bakupost)

 

Tacxeber.com

 

Oxşar xəbərlər