• 15 Oktyabr 2024 23:24

Ermənistanın qızışdırılmasında üçüncü tərəflərin rolu böyük narahatlıq doğurur – Ceyhun Bayramov

“Ermənistanın revanşist davranışının qızışdırılmasında bəzi üçüncü tərəflərin rolu böyük narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları gücləndirməyə və döyüşkən ritorikaya əl atmağa sövq edir”.

Tacxeber.com xəbər verir ki, bu fikirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Azərbaycanın yanaşması aydın, ardıcıl və beynəlxalq hüquqa əsaslanır. Tərəflər təcili olaraq dövlətlərarası münasibətlərinin əsasını qoyan hüquqi qüvvəyə malik sənədi razılaşdırmalıdırlar. Bu sənəd onların iki bərabərhüquqlu suveren dövlət kimi hüquqlarına zəmanət verir və dövlətlərarası münasibətlər çərçivəsində ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün əsas yaradır”, – Nazir bildirib.

C.Bayramov qeyd edib ki, ikitərəfli danışıqların dinamikliyinin artmasına baxmayaraq, Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin üç əsas istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində irəliləyiş çox məhdud olaraq qalır:

“Hər üç ölçüdə Ermənistan prosesdə səmimi iştirak etməkdənsə, keçmiş imitasiya təcrübələrinə sadiqdir. Sülh gündəliyi ilə bağlı şifahi öhdəliklərə baxmayaraq, Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən yayınmağa çalışır”.

Nazir vurğulayıb ki, Ermənistan hələ də qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmayıb:

“Ermənistan Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz girişi təmin etməkdən imtina da daxil olmaqla, nəqliyyat əlaqələrinin bərpasını süni surətdə gecikdirir. Əvəzində Ermənistan normallaşma gündəmini ələ keçirmək və diqqəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdən yayındırmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyası aparır”.

Hər iki tərəfin nəhayət davamlı sülhə doğru irəliləmək üçün real şansının olduğu bir vaxtda beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT Ermənistanı normallaşma prosesinə xələl gətirmək cəhdlərindən əl çəkməyə inandırmalıdır. Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli və Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün tarixi fürsətdən istifadə etməlidir. Bu, regionda sülh, təhlükəsizlik və əməkdaşlığa yol açacaq.

Tacxeber.com

Oxşar xəbərlər