“Hesab edirəm ki, bu gün Azərbaycan siyasi elitası ilə Rusiya siyasi elitası arasında hər hansı ciddi bir problem yoxdur və əvvəl də olmayıb. Deyilənlərin hamısı sadəcə üzdə olan məsələlərdir. Çünki 2 dövlət rəhbəri arasında problem mövcud deyil”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında müstəqil siyasətçi Azər Qasımlı deyib. O, Rusiyanın XİN rəhbəri Sergey Lavrovun bugünkü mətbuat konfransında Azərbaycanla bağlı səsləndirdiyi loyal fikirlərə münasibət bildirib.
A. Qasımlıya görə, məsələnin ikinci tərəfi də odur ki, Rusiya ənənəvi olaraq həm Qarabağ münaqişəsində, həm də digər münaqişələrdə eyni siyasəti yürüdüb:
“Yəni bir tərəfdən tənqid edib, o biri tərəfdən də tərifləyib. Eyni siyasəti onlar sadəcə Azərbaycana qarşı yox, Ermənistana qarşı da yürüdüblər.
Məsələn, yadınızdadırsa, “Pervı kanal”da Azərbaycanı tənqid edirlər, daha sonra AzTV onlara cavab verdi. Eynilə də həmin “Pervı kanal”da çıxıb Ermənistana qarşı demarş edirdilər, Paşinyana qarşı reportajlar hazırlayırdılar. Lakin sonradan biz Vladimir Putinin “Valday” forumundakı çıxışı gördük. Putin orada açıq şəkildə bildirdi ki, Ermənistan və Qarabağda olan ermənilərin tərəfdarı, onları müdafiə edən, yanlarında olan güc və yeganə dövlət Rusiyadır. Putin orada dedi ki, masada 2 layihə var, biri ABŞ-ın, digəri isə Rusiyanın verdiyi layihədir. Rusiyanın verdiyi layihə Ermənistan və Qarabağda olan ermənilərin maraqlarına tam olaraq uyğundur, amma ABŞ-ın verdiyi təkliflər isə Ermənistan və Qarabağ ermənilərinin maraqlarına tamamilə ziddir”.
“İndi də Sergey Lavrov çıxıb bu sözləri deyir. Lakin həmin Lavrov bir neçə il bundan öncə demişdi ki, Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya, habelə münasibətlərin yaxşılaşdırılması, sülh müqaviləsinin imzalanması yalnız tərəflərin öz aralarındakı məsələlərdir və bunun Qarabağa aidiyyəti yoxdur. Onun sözündən elə çıxmışdı ki, sanki Qarabağ başqa bir dövlətdir və onun hələ statusu müəyyən olunacaq, eləcə də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalansa belə, bunun Qarabağın gələcəyinə heç bir əlaqəsi yoxdur. Əgər bu gün Ermənistan çıxıb desə ki, Qarabağ Azərbaycanındır, bu, artıq o deməkdir ki, Rusiya oradan çıxacaq və Qarabağı Azərbaycana təqdim edəcək”, – əlavə edib.
Mütəxəssis söyləyib ki, bu gün Rusiya “кнут и пряник” (qamçı və kökə – red.) siyasətini yürüdür:
“Eynilə həm Azərbaycana, həm də Ermənistana qarşı eyni siyasəti görürük. Ona görə də mən heç təəccüblənmərəm ki, Lavrovdan sonra hansısa bir deputat, yaxud Dövlət Dumasının sədri və ya XİN sözçüsü Mariya Zaxarova çıxıb Azərbaycana qarşı hansısa bir bəyanat verməsin. Ya da ki, eyni Lavrov 1 həftə, yaxud 1 aydan sonra çıxıb Azərbaycana qarşı hansısa bir bəyanat versin. Mən buna heç təəccüblənmərəm.
Qısası, bu mesajlar heç də səmimi deyil və bu, hər an dəyişə bilər. Amma bütün bu demarşlara, sözlərə və bəyanatlara baxmayaraq, hər iki ölkənin siyasi elitası arasında xoş münasibətlər var, dövlət başçıları görüşür və sənədlər imzalayır”.