• 15 Oktyabr 2024 22:18

Azərbaycanda xərçəng xəstələrinin sayı sürətlə artır – Radioloq bu müayinləri vacib hesab edir

Dünya alimləri bildirir ki, koronavirus pandemiyası başlayandan sonra ağciyər xərçəngi xəstələrinin sayı artıb. Ümumiyyətlə, pandemiya sonrası onkoloji partlayış yaşanır.

Son 1 ildə icbari tibbi sığorta ilə bəzi müayinələr əlçatan olduğundan insanlar rentgen, MRT-dən (maqnit-rezonans tomoqrafiyası) keçir və bu müayinələr zamanı heç bir əlamət verməyən şişlər aşkarlanır. Bir ay ərzində Türkiyədə bir neçə məşhur simada ağciyər xərçənginin aşkarlanması da insanları narahat edir.

Radioloq-həkim Aydın Əliyev Bakupost.az -a açıqlamasında rentgen vasitəsilə xərçəngin aşkar olunmasının mümkünlüyü barədə danışıb. O, rentgenlə ağciyərlərdə şişin görünə biləcəyini deyib.

“Koronavirus pandemiyası dövründə və ondan sonra insanlar daha çox rentgen və KT (komputer tomoqrafiyasl) çəkdirdiyi üçün onların bir çoxunda gizli gedən onkoloji xəstəliklər üzə çıxdı. Bu o demək deyil ki, o, şişi koronavirus yaradıb. Bir şişin əmələ gəlib, bəlli bir ölçüyə çatması üçün müəyyən müddət, bəzən illər lazımdır”.

A. Əliyevin sözlərinə görə, ümumiyyətlə, onkoloji xəstələrin sayında kəskin artım var:

“Bunu sırf pandemiya ilə əlaqələndirməzdim. Bir il əvvəl koronavirus keçirmiş bir kişi rentgenə gəldi, təsadüfən onda xərçəng şişi aşkar etdik. Rentgendə xərçəngi aşkar etmək üçün onun növləri, hansı toxumada, orqanda yerləşməsi, hansı tərəfdə olmasının əhəmiyyəti var. Ölçüsünə gəldikdə isə lokalizasiyasından asılıdır, bəzən ola bilər ki, rentgendə ağciyəri normal görək, amma orda gizlənmiş kiçik bir törəmə olsun.

Ağciyər sahəsinin rentgendə görünən yerlərində 5 mm-dən başlayaraq 1 sm-ə kimi kiçik törəmələri də görə bilərik. Amma ağciyər xərçənginin aşkar edilməsində qızıl standart KT müayinəsidir. Lakin problem ondadır ki, KT müayinəni skrininq profilaktik proqramına daxil etmək olmaz, çünki şüalanma dozası çoxdur. Ona görə də, döş qəfəsi orqanlarının rentgen müayinəsi profilaktik olaraq ən azı ildə 1 dəfə aparılmalıdır. Siqaret çəkənlər, xüsusən 40-50 yaşdan yuxarı kişilər üçün bu, vacibdir”.

Mütəxəssisin sözlərinə görə, bəzi şişlər müəyyən ölçüyə çatana qədər heç bir əlamət vermir:

“İnsan xərçəng olduğunu hiss etmir. Döş qəfəsinin rentgeni, qarın boşluğunun ÜSM müayinəsi, süd vəzilərinin USM və mamoqrafiyası, qanın analizi vacibdir.

Dünyanın bir çox ölkələrində onkoloji skrininqlər var, təəssüflər olsun ki, bizdə hələ yoxdur. Bunun üçün səhiyyə siyasəti, tibbi sığorta xidməti düzgün təşkil olunmalı, insanlara çatdırılmalıdır ki, xərçəngə qarşı nə etsinlər, necə yoxlansınlar. İcbari tibbi sığortada da, təəssüf ki, hazırda həddən artıq neqativ hallar, çatışmazlıqlar var. Müayinələrin pulsuz olduğu müəssisələrdə həddən artıq növbələr olur. Həm də xərçəng ilk başda əlamət vermir, ona görə şikayəti olmayan insanlar müraciət etmir”.

A. Əliyev deyir ki, İcbari Tibbi Sığorta Agentliyi maariflənmə işlərini aparmalıdır, ildə1 dəfə vacib müayinələrin aparılmasını təşkil etməlidir:

“35 yaşdan yuxarı əhali qrupunu xərçəngə görə skrininqlərə cəlb etmək lazımdır”.

Bəs mədə-bağırsağın kontrastlı maddə ilə rentgenində xərçəng aşkar olunurmu?

Radioloqun sözlərinə görə, mədə-bağırsağın kontrastlı rentgen müayinəsində bunu əksər hallarda lokalizasiyadan asılı olaraq görmək olur:

“Qida borusu, mədədə 1 sm-dən böyük törəmələrin aşkar edilməsi daha rahat olur. Amma həzm orqanlarının, yoğun bağırsağın xərçəngə görə ən dəqiq müayinə üsulu endoskopik müayinədir. Orda ən cüzi dəyişiklik görülə bilər. Əgər bir orqanda törəmə aşkar edilirsə, mültəq şəkildə bütün yanaşı orqanlar, toxumalar KT və MRT olunmalıdır. Bəzən şiş kiçik olsa da, onun uzaq metastazları olur. Limfa düyünlərdə, daha uzaq toxumalar, ağciyər, sümüklərdə və s. Hazırda xərçəng yaşa görə gəncləşib. Amma mənim təcrübəmdə daha çox orta və yaşlı insanlarda aşkarlanıb. Elə də olur ki, hətta uşaqlarda da şiş tapılır. Məsələn, biz 5 yaşlı uşağı illər öncə rentgen etdik, bir şey tapmadıq, amma KT olundu, qarın boşluğunda şiş tapıldı. Yenə də risk qrupu 50 yaşın üzəridir”.

Tacxeber.com

Oxşar xəbərlər