Baba Vəziroğlu qardaşı Anarla Şəfiqə Nağıyeva qalmaqalı haqda: “Şəfiqə Nağıyeva qalmaqal həvəskarıdır, Anardan geri qalmır, bir-birilərini elə yaxşı tapıblar”
Tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun qardaşı Anar Vəziroğlu Xəzər TV-nin efirində canlı yayımlanan “”Təsir dairəsi” verilişində yaşanan qalmaqal zamanı vəkil Şəfiqə Nağıyevaya qarşılıq verərək, üstünə su atmasına görə tənqid olunur. İctimaiyyət bunun bir kişiyə, şairə yaraşmayan hərəkət olduğunu bildirir, Şəfiqə Nağıyevadan çox, Anar Vəziroğlunu qınayır.
Qalmaqalla bağlı Baba Vəziroğlu Pravda.az-a fikirlərini bölüşüb.
O bildirib ki, “Təsir dairəsi” verilişinə baxmır: “Anar Vəziroğlu uşaq deyil, yetişkin adamdır, nəvələri var. Hər qoyunu öz ayağından asırlar. Bunu elə-belə deməyiblər ki. Vallah, mən elə verilişlərə getmirəm. Artıq neçə illərdir, özümə söz vermişəm. Nə mənim, nə də heç kimin səlahiyyəti yoxdur, kiməsə desin ki, sən niyə arvadını boşamısan, niyə uşaqlarını atıb getmisən, niyə aliment ödəmirsən… Hər kəsin öz ailəsi, öz çevrəsi var. Ailə məhrəm bir yerdir. Mən ona necə müdaxilə edə bilərəm? İsa peyğəmbərə daş atanlar deyirlər ki, kimin günahı yoxdursa, o daş atsın. Ramiz Rövşən də şeirində deyir ki, “hamı günahkardır bu yer üzündə, amma heç kimin günahı yoxdur…” Hamı günahkardır, kim kimə daş ata bilər? Kimin buna haqqı səlahiyyəti var? Bu, mümkün deyil. Ona görə də belə verilişlərə getmirəm, heç baxmıram da. Hərdən mənə deyirdilər ki, “Anar belə danışdı”. Gördülər, heç bir reaksiya vermirəm, bu söhbətlər mənə xoş deyil, indi heç onu da demirlər. Amma hərdən bir-iki xam adam tapılır. Anar deyir, deyir də… Deyir, cavabını da alır, özləri bilər. Normal adam o verilişlərə getməz. Çünki televiziyalar həmin verilişlər hesabına özlərinə reytinq qazanır, belə şeylər onlara xoş gəlir. Bu verilişlər birbaşa yox, gecikmə ilə efirə gedir. Redaktorun kifayət qədər vaxtı var ki, həmin hissələri efirə verməsin. Amma əksini edir, millət də baxır, saytların da kefi kökdür ki, xəbər kimi verəcəklər. Televiziyaya da bu lazımdır. Halbuki həmin kadrı çıxarıb, yerinə reklam qoya bilərdi…”
Baba Vəziroğlu “Şəfiqə Nağıyeva sizə bir stəkan su atsaydı, bəs necə reaksiya verərdiniz?” sualını isə belə cavablandırıb: “Bunu heç qorxulu yuxu kimi də təsəvvür edə bilmirəm. Əvvəla, mən elə verilişlərə getmərəm. Şəxsən, qadın üstümə su yox, yekə bir daş da atsa, ona cavab vermərəm. Qadına cavab verməyi heç vaxt özümə sığışdırmaram. Ən əsası da, mən heç vaxt işi o həddə çatdırmaram ki, kimsə mənə nəinki su atmaq, heç güldən ağır söz deyə bilsin. Əksinə, bütün rəqiblərimlə yüksək səviyyədə danışıram. Anarla xarakterimizdə çox fərq var. Ən qatı əleyhədarımla danışanda belə, deyirəm “dəyərli filankəs”, “hörmətli filankəs”. Qarşımdakına “sən düz demirsən” sözünü demirəm. Deyirəm “yəqin, qənaətiniz belədir, amma mən bu cür düşünürəm.” “Məncə” sözünü çox tez-tez işlədirəm. Sərraf dinləyici görür, müəyyənləşdirir ki, kim düz deyir, kim yox. Dünyada mütləq həqiqət yoxdur axı. Bəlkə heç birimizin dediyi düz deyil? Hər kəsin öz həqiqəti var. Hər şey nisbidir. 30 ildir erməni oturub torpağımızda, xarabaya, Xirosimaya çevirib. Dünyada özünü sivil sayan ölkələrin, ordakı siyasətçilərin mövqeyinə baxın. Eyni şeydir də. Allah ancaq onların cəzasını verə bilər. Mütləq həqiqəti yalnız Allah bilir ki, nə düzdür, nə əyri. Belə bir zəmanədə yaşayırıq. Efirdə yaşanan həmin qalmaqalı da anormal bir hadisə sayıram. Söhbət təkcə qardaşımdan getmir, hansı qələm sahibi bunu etsəydi, qınayardım. Belə olmamamlıdır. Şəfiqə xanımı şəxsən yaxşı bir vəkil kimi tanıyıram. Deyəsən, qalmaqal həvəskarıdır, Anardan geri qalmır. Bir-birilərini elə yaxşı tapıblar. Su axar, çuxurunu tapar. Dünyanın düz vaxtında Şəfiqə xanımla bir neçə verilişdə olmuşam. Hörmətlə, “maç-maç, quc-quc” deyib, ayrılmışıq. Şəfiqə xanımla bizim nə ortaq malımız var ki, dalaşaq, yaxud mübahisə edək? O öz fikrini, mən də öz fikrimi deyə bilərəm. Əgər o ailə dramları, faciələri gəlib efirə qədər çıxırsa, deməli, heç kimi müdafiə etməyə ehtiyac yoxdur. Deməli, tərəflərin hamısı günahkardır ki, bu məsələ gəlir on milyon tamaşaçının qarşısına belə biabırçı şəkildə açıqlanır. Deməli, orda təmiz adam yoxdur…”