Rusiyada müharibənin yetərincə əleyhdarları var. Ölkənin 200 minə qədər hərbçisi döyüşlərdə ya həyatını itirib, ya da əlil qalıb. İnsanlar qorxduğundan ortaya fəal etiraz nümunəsi qoya bilmirlər. Buna baxmayaraq, cəmiyyətin Vladimir Putinin müharibəsinə qarşı müqaviməti ayrı-ayrı jestlərlə aşkar hiss olunur.
Rusiyada “Z” işarəli avtomobilləri yandırırlar. Çkalov rayon ərazisində belə maşınlar sıradan çıxarılır. Bir neçə avtomobilə “Molotov kokteyli” atılıb. Yekaterinburq polisi bölgədə Banderovçu ovqatın hökm sürdüyü ilə bağlı açıqlama yayıb. Yəni Ukraynanın tərəfdarları bilərəkdən avtomobillərə zərər vurur.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Valeri Qorelıx avtomobillərin yandırılması ilə bağlı xəbəri təsdiq edib. O, daha çox Sverdlovsk vilayətində belə hadisələrin baş verdiyini bildirib.
“Daxili İşlər Nazirliyi gecə yanğın törədənlərin kimliyini müəyyənləşdirməyə çalışır. Əməliyyatçılar CCTV kameralarından gələn görüntüləri təhlil edir, mikrorayon sakinləri ilə söhbət aparır, həmçinin reklam olunmayan digər əməliyyat tədbirləri həyata keçirirlər”.
Qorelıx baş verənlərin təhlükəli tendensiya olduğunu dilə gətirib. O, Yekaterinburq sakinlərini hücum edənlər haqıqnda ən azı məxfi şəkildə məlumat verməyə çağırıb.
Noyabrın 28-də jurnalist Aleksandr Nevzorov Yekaterinburqda üzərinə “Z” hərfləri yapışdırılmış yanan avtomobillərin videosunu yayıb. Naməlum şəxslər maşınların üzərinə “Molotov kokteyli” atıb və ya benzin tökərək yandırıblar. Nevzorov qeyd edib ki, yanğını kimin törətdiyini bilmir və videonu ona göndəriblər.
Bundan əvvəl Yekaterinburqda “Z” və “V” işarələri olan avtomobillərə qırmızı boya tökən yerli sakin saxlanılıb. O, əməllərini pasifist baxışlarla izah edib. Saxlanılan şəxs barəsində “ordunun nüfuzdan salınması” ilə bağlı 3 protokol tərtib edilib (İnzibati Xətalar Məcəlləsinin 20.3.3 maddəsi).
Bundan başqa, oktyabrın əvvəlində oxşar başqa hadisə də baş vermişdi. Naməlum şəxs “Uralmaş” mikrorayonunda həyətlərin birində “Z” yazısı olan avtomobili balta ilə sıradan çıxarmışdı. (Bizimyol)