İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış məlumata aydınlıq gətirilməsi məqsədilə bu ölkənin Azərbaycandakı Səfirliyinə müvafiq nota göndərilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
XİN rəsmisi qeyd edib ki, hazırda məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir.
“Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir”, – A.Hacızadə vurğulayıb.
Qeyd edək ki, son günlərdə 14 nəfər İran İslam Respublikası vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazisinə daxil olduğu barədə xəbərlər yayılıb.