• 22 Noyabr 2024 23:23

Boksçu Məhəmməd Əli intihar etməyə çalışan Conu xilas etdi.

 

Məhəmməd Əli intihar etməyə çalışan Co adlı şəxsi fikrindən daşındırır. 

1981-ci il yanvarın 19-da “The Los Angeles Times” qəzetinin fotoqrafı Boris Yaro hündürlükdən tullanmağa hazırlaşan intiharçı barədə xəbər alır. Redaktor bu xəbərə etinasız yanaşır, amma Boris yenə də hadisə yerinə gedir və bunun sayəsində nadir fotolar çəkir.

Vyetnam müharibəsinin veteranı olan Co 9-cu mərtəbədə yanğın pilləkəninin məhəccərində oturmuşdu. Deyilənə görə, o, hələ də Vyetnamda olduğunu, hər tərəfdən üzərinə vyetnamlıların gəldiyini düşünürdü. Heç kəsi yaxınlaşmağa qoymurdu, kimsə cəhd edəndə də ayaqlarını sallayıb “tullanacam” qışqırırdı.

Aşağıda yığılan kütlənin içində Məhəmməd Əlinin yaxın dostu Hovard Bingem də vardı. O, yaxınlıqda yaşayan Əliyə zəng edir və Əli tələsik hadisə yerinə gəlir. Qonşu otağın pəncərəsindən başını çıxaran Əli intiharçıya “Sən mənim qardaşımsan. Səni sevirəm” deyir. Onunla danışanın həqiqətən məşhur boksçu olduğuna əmin olmaq istəyən Co boşluğa tərəf əyilərək boylanır və bir çoxları onun yıxılacağını düşünərək nəfəslərini çəkirlər.

Bir neçə dəqiqədən sonra yanğın pilləkəninə keçən “the greatest” Conu qucaqlayaraq məhəccərdən düşürür. Əli intiharçını öz maşınında əvvəlcə polis məntəqəsinə, sonra da xəstəxanaya aparır.

P. S. bəzi mənbələrdə Conun Vyetnam müharibəsində iştirak üçün çox gənc olduğu, veteranlığının qeyri-sağlam fantaziyasının məhsulu olması deyilir. Zatən bu, o qədər də önəmli deyil.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər