• 03 Dekabr 2024 21:24

Əyyaş şair yoxsa dahi alim

İslam mədəniyyətinin 1400 illik tarixi boyunca bəlkə də Ömər Xəyyam qədər mübahisələrə səbəb olan, haqqında ziddiyyətli fikirlər irəli sürülən ikinci şəxsiyyət tapmaq mümkün deyil. Bəziləri onu az qala ulu Loğman qədər hikmət sahibi, İbn Sina qədər qüdrətli filosof, Biruni qədər bacarıqlı astronom hesab etmişlər.

Bəziləri isə tam əksinə, onu rindanə həyat sürən və bu cür həyatı təbliğ edən, axirət aləminə inanmayan və ölümdən sonra həyat olmadığını söyləyən, dünyanın puçluğunu anlamaqdan doğan peşmançılığı şərabla unutmağa çalışan, gözəllərin qıvrım saçlarından, al yanaqlarından ilham alan eyş-işrət şairi kimi təqdim etmişlər. Elə bu üzdən Ömər Xəyyamın rübailərini kef məclislərində sağlıq əvəzinə söyləmiş və bu gün də söyləməkdədirlər. Bəs həqiqət nədən ibarətdir? Doğrudanmı Ömər Xəyyam kafir, dinsiz və allahsız imiş?

Əvvəla, Ömər Xəyyamın rübailərini təklikdə və mücərrəd mənada yox, o dövrün və ondan sonranın böyük ədiblərinin, hikmət və irfan sahiblərinin düşüncə dünyası kontekstində qəbul etmək, anlamaq lazımdır. Əgər Ömər Xəyyamı dinsiz kimi qəbul etsək, Hafizi, Sədini, Füzulini, Seyyid Əzimi də kafir bilməliyik. Çünki onlar da öz əsərlərində eyni ifadələrdən, mey, meyxanə, saqi, canan kimi obrazlardan gen-bol istifadə edirdilər. Onların da əsərlərini vərəqləyəndə məscid, namaz, oruc, təsbeh kimi dini atributlara qarşı barışmaz çağırışlarla rastlaşırıq.
Ömər Xəyyam

Demək, Quranı 14 qiraəti ilə əzbər bilən Hafizi, ömrünü Kərbəlada İmam Hüseyn (ə) məqbərəsində xidmətkarlıqla keçirən Füzulini, Nəcəfdə mükəmməl ruhani təhsili alan Seyyid Əzimi kafirlikdə ittiham etməyə nə qədər haqqımız çatırsa, Ömər Xəyyama da eyni ittiahamı irəli sürməyə o dərəcədə haqlıyıq. Unutmayaq ki, orta əsrlər Şərqinin şeir və hikmət dünyası Bayezid Bəstami, Güneyd Bağdadi, Əbdülqadir Gilani, Mənsur Həllac, Şibli, Səriyy Səqəti, Zünnun Misri, Əbu Səid Əbül-Xeyr, Səhl Tüstəri, Şəqiq Bəlxi kimi böyük sufilərin irsi üzərində qurulub. Unutmayaq ki, Nəsiminin, Nəiminin, Mövlananın əsərlərinin öz dili, öz lüğəti var.
Burada hər şey rəmzlərə, simvollara bağlıdır. Bu dilin lüğətini bilməyincə, onu anlamaq qeyri-mümkündür. Və bütün bu ittihamlar həmin lüğəti bilməməkdən irəli gəlir. Unutmayaq ki, bizim böyük Şərq klassikləri barədə təsəvvürlərimiz ya 70 illik sovet ideologiyasından, ya da Şərqi özünə sərf edən şəkildə anlayıb təqdim edən Qərb orientalistikasından qaynaqlanır.
Ömər Xəyyamın öz sağlığında da ona qarşı mənfi fikirdə olanlar, onu küfr və ilhadda müqəssir bilənlər vardı. Məhz bu səbəbdən zəmanənin ən böyük irfan sahiblərindən biri, “Hədiqətül-həqiqə”nin müəllifi Həkim Sənai Ömər Xəyyama məktubunda onu “hikmət sahiblərinin başçısı” adlandırır və “Zülfiqara bənzər dilini” qından çıxarıb bu töhmətlərə cavab verməyə çağırırdı. Ömər Xəyyamın ilk baxışda İslam ehkamı ilə uyğun gəlməyən, zahirən əyyaşlığı, şərabı, eyş-işrəti təbliğ edən rübailəri barədə öncə bunu deyək ki, bu rübailərin hamısının həqiqətən ona məxsus olub-olmadığı şübhə altındadır.
Tarixdən yaxşı məlumdur ki, bir çox böyük şairlərə aid edilən əsərlərin içində xeyli qondarma yazılara və əlavələrə də rast gəlinir. Şairlərin qazandığı sevgi onların adına çıxılan yalançı əsərlərin yaranmasına səbəb olur. Rübai isə bildiyimiz kimi, həm sadə xalq kütlələri, həm də elita tərəfindən sevilən və oxunan bədii janrdır. Buna görə də zaman-zaman naməlum “şairlər” öz bayağı fikirlərini təbliğ etmək üçün Ömər Xəyyamın adından istifadə etmiş, öz fikirlərini onun adına yazmaqla bunların yayılmasına nail olmuşlar.
Şairin bədii irsinin ilk tədqiqatçılarından olmuş İran alimi Sadiq Hidayət yazırdı ki, Ömər Xəyyamdan sonra yaşamış eyş-işrət şairlərindən bir çoxu şəriət cəzasından qaçmaq üçün öz əsərlərini onun adından yazmışdır. Bunu qeyd etmək kifayətdir ki, məşhur rus şərqşünası, Ömər Xəyyam irsinin ən məşhur tədqiqatçılarından sayılan V.A.Jukovski (1858-1918) şairə aid edilən yüzlərlə rübaidən yalnız 82-sinin həqiqətən onun qələmindən çıxdığına inanır, qalan rübailəri isə naməlum müəlliflərin əsəri hesab edirdi.
Ömər Xəyyamın rübailərinin ölümündən üç əsr yarım sonra toplanıb məcmuə halına salındığını nəzərə alsaq, bu fikrin doğruluğunu qəbul etmək çətinlik törətməz.
Bunu da nəzərdən qaçırmayaq ki, Ömər Xəyyam haqqında allahsız, dinsiz, şərabxor kimi mənfi təsəvvürlərin formalaşmasında XIII əsrdə yaşamış təəssübkeş sufi müəllif Nəcməddin Razinin “Mirsadül-ibad” kitabının və daha bir neçə əsərin böyük rolu olmuşdur.

Ömər Xəyyam dini və dünyəvi elmlər sahəsində dərin bilik sahibi olmuşdur. Onun elmi irsinin böyük bir hissəi itib-batmışdır. Amma günümüzə kimi gəlib-çatmış əsərləri belə, şairin zəkası haqqında təsəvvür yaratmağa kifayət edər. Ömər Xəyyam öz əsərlərini iki dildə – ərəb və fars dillərində yazmışdır. Hətta şairin fars dilindəki məşhur rübailərindən əlavə, ərəb dilində də rübailəri olmuşdur. Ömər Xəyyamın qələmə aldığı əsərlərdən 18-nin adı məlumdur. Onun əsərləri əsasən, fəlsəfə, cəbr, həndəsə, astronomiya elmlərini əhatə edir. Alimin musiqi və minerologiya sahəsində də kitabları vardır.

Ömər Xəyyam cərçivə içərisində yerləşdirilmiş qiymətli daşları çərçivədən çıxarmadan çəkisinin hesablanması üçün üsul təklif etmişdir. Onun cəbr və həndəsə sahəsindəki nailiyyətləri müasir alimlər tərəfindən də yüksək dəyərləndirilir. Belə ki, Ömər Xəyyam Evkilidn 5-ci postulatının isbatını vermiş, kubik bərabərliklərin orijinal həllini təklif etmiş, irrasional ədədlərin mövcudluğunu sübut etmişdir. Əldə olan bəzi məlumatlara görə, riyazi tənliklərdə məchulu ifadə edən “x” anlayışını da ilk dəfə elmə o gətirmişdir. Bəziləri onu Nyuton binomunun müəllifi hesab edirlər. Binomial əmsallardan ibarət Paskal üçbucağının Ömər Xəyyama aidliyi isə şübhəsizdir; hətta Iranda bu riyazi modeli “Xəyyam üçbucağı” adlandırırlar. Lakin Qərb burada da öz yolu ilə gedib, bu elmi kəşfi Xəyyamdan 550 il sonra yaşamış Blez Paskala aid etdi.

Ömər Xəyyam bacarıqlı astronom idi. İsfahanda, səlcüq sultanı Cəlaləddin Məlik-şahın zamanında saray rəsədxanasına rəhbərlik etmiş və məşhur təqvimi yaratmışdır. Ömər Xəyyamın yaratdığı təqvim sultanın şərəfinə “cəlali” adlandırılıb. Cəlali təqvimi o zamanlar Avropada tətbiq edilən Yulian təqvimindən və XVI əsrdə islahat nəticəsində qüvvəyə minmiş və hazırda miladi təqvim adı ilə istifadə etdiyimiz Qriqorian təqvimindən daha dəqiqdir.
Cəlali təqvimində yaz gecə-gündüz bərabərliyi günü, yəni Novruz bayramı günü ilin başlanğıcı kimi qəbul edilirdi. Yulian təqvimindəki dörd ildən-bir uzun il, Qriqorian təqvimindəki 400 ildə 97 uzun il qaydasına rəğmən, cəlali təqvimində hər 33 ildən 25-i normal, 8-i uzun sayılırdı, ayın günlərinin sayı isə 29-dan 32-yə kimi dəyişirdi.
Cəlali təqviminin bəzi xüsusiyyətləri müasir Iranda istifadə edilən hicri-şəmsi təqvimdə də nəzərə alınıb.
Ömər Xəyyamın ən məşhur ləqəbi «ğiyasəd-din»dir ki, bunun da tərcüməsi “dinin köməyi (köməkçisi)” deməkdir. Onun daha bir neçə ləqəbi kitablarda qeyd edilib. Məsələn, həkim (hikmətli), sultanül-üləma (alimlərin sultanı), taliyi-Ibni-Sina (Ibn Sinanın ardıcılı), əş-şeyxül-imam (rəhbər, başçı), nüsrətəd-din (dinin yardımı) və s.
Müasiri olan məşhur şair Nizami Əruzi onu “hüccətül-həqq” (Allahın hüccəti), tarixçi Beyhəqi isə “öz əsrinin imamı” adlandırmışdı. Imam Qəzzali astronomiya barədə bilmədiyi məsələləri Ömər Xəyyamdan soruşurmuş.
Ömər Xəyyam yalnız dünyəvi deyil, dini elmləri də mükəmməl mənimsəmişdi. Deyirlər ki, ömrünün sonlarına yaxın Ömər Xəyyam bir gün Sultan Səncər Qəznəvinin vəziri Şihabül-İslam Əbdürrəzzaqın yanına gəlir. Zəmanənin məşhur Quran bilicilərindən sayılan Əbül-Həsən Qəzzal Nişaburi də burada imiş (onu İmam Qəzzali ilə qarışdırmayın). Söhbət Qurani-kərimin bir ayəsinin qiraətindən düşür. Vəzir bu barədə Ömər Xəyyamın fikrini soruşur. Şair həmin ayənin qiraət fərqlərini sadalayır, sonra özünün doğru saydığı nəzəriyyənin sübutu üçün dəlillər gətirir.
Əbül-Həsən Qəzzal şairin qiraət sahəsindəki biliklərinə heyran qalır və deyir: “Mən güman etməzdim ki, bu incəlikləri nəinki fəlsəfə alimi, hətta hər hansı Quran qaresi bilmiş olar”. Ömər Xəyyamın vəfatı barədə də Beyhəqi maraqlı bir rəvayət verir. Şair ömrünün son günlərini Ibn Sinanın “Şifa” əsərini oxumaqla keçirirmiş. Bir gün yenə dişlərini çöplə təmizləyərək kitabı oxuyurmuş. “Şifa”nın ilahiyyat bölümünə çatanda diş çöpünü vərəqlərin arasına qoyub kitabı bükür, ayağa qalxıb namaz qılır. Bundan sonra bir daha yemir və içmir. Axşam namazını qılıb qurtarandan sonra səcdəyə gedib Allaha belə dua edir: “İlahi, bilirsən ki, mən Səni öz imkanım səviyyəsində dərk etdim. Məni bağışla, Sənin haqqında biliyim Sənə doğru gedən yolum imiş”.

Şair bu sözləri söyləyib dünyanı tərk edir. Yeri gəlmişkən, şairin rübailərindən birində də buna bənzər fikir vurğulanır:
 

Könlüm heç bilikdən olmadı məhrum,
Bir çox sirlər mənə oldular məfhum.
Yaşadım dünyada yetmiş iki il,

Yenə heç nə mənə olmadı məlum.

Sonda möhtərəm oxuculara bu sualı vermək istərdim: Əgər Ömər Xəyyam həqiqətən gününü əyyaşlıqla keçirirmişsə, hikmət və fəlsəfənin, cəbr və həndəsənin çətin bəhslərini necə öyrənib mənimsəmişdir? Əgər onun rübailərini eyş-işrətin tərənnümü kimi qəbul ediriksə, dini biliklərə bunca vaqif olduğunu, müasirləri olan şəriət və irfan sahibləri tərəfindən bu qədər böyük hörmətlə yad edildiyini necə izah edək? Başı kef məclislərinə qarışan, dünyanın problemlərindən sərxoşluq vasitəsilə qaçmağa çalışan bir adamda zehn aydınlığı, sağlam məntiq, güclü hafizə ola bilərmi?

Bu böyük şəxsiyyətin elmi irsini, fəlsəfə, riyaziyyat, astronomiya sahəsindəki əsərlərini, müasirlərinin hörmətlə dolu fikirlərini fakt olduğu halda kənara qoymağa və rübailərdəki rəmzləri yozmadan zahiri mənası əsasında hökm verməyə haqqımız varmı? Bu sualların cavabı barədə düşünməyə dəyər.

Tacxeber.com

Oxşar xəbərlər