Beynini Amerikaya, meyitini Azərbaycana bağışlayan Lütfi Zadə
Belə bir siyasi fənd mövcuddur: dirilərin heykəli qoyulmur, adına küçə verilmir, nailiyyətləri əbədiləşdirilmir. Çünki, demək olar, dünyanın hər yerində heykəli qoyduran, küçəni adlandıran hakimiyyətdir.
Sağ məşhur isə partlamamış bombadır, o, hər an mövqeyini dəyişə bilər. Məsələn, hakimiyyətə əks mövqe tuta bilər, bu hakimiyyətə böyük zərbə olar. Ən əsası, sağ adamın adı ona görə əbədiləşdirilmir ki, o hələ sağdır və hər an qatı cinayətkar, terrorist ola biləcək potensiala məxsus bir canlıdır — insandır. Buna görə yaşayan məşhurların adının əbədiləşdirilməsi məsələsi bütün dövlətlərdə hakimiyyətin yüz ölçüb bir biçərək qərar verdiyi məsələdir.
Şərqdə isə sağ məşhurla mərhum məşhura münasibət təkcə siyasi ideoloji müstəvidə deyil, həm də mənəvi, fəlsəfi plastda həll olunur.
Şərqli təfəkküründə istənilən uğurlu adam potensial rəqibdir. Sanki həmin adamın uğur qazandığı yöndə bircə yer var, o da yeddibaşlı əjdaha bulağa çökən kimi həmin yerə sahib çıxıb. Həmin uğurlu şəxs müflis olsa, bütün imtiyazlardan məhrum edilsə, onun yeri boşalacaq və bizim o yerə qalxmağımız üçün şərait yaranacaq. Bu təkəbbürlü təfəkkür ucbatından Şərq, Qafqaz ölkələrində intriqa daha kəskindir.
Atası Möhsün qədər olmasa da, yetərincə uğur qazanan İran rejissoru Samirə Məhməlbalfın “Günortadan sonra, saat 5…” filmində səhrayla gedən ailə qatırı ölmüş bir qoca əfqanla rastlaşır. Qoca əfqan ölkənin ucqarından paytaxt Kabilə getdiyini deyir. O, 4 aydır yoldadır və az öncə qatırı susuzluqdan ölüb.Məşəqqətli yolda addımlamasının səbəbi isə şərqli təkəbbüründən alayı bir məna vermir: “Üsamə bin Laden yaxalanıb. Onu özümüz cəzalandırmalıyıq, yoxsa ABŞ-a təhvil verməliyik? Bu suala cavab tapmaq üçün səsvermə olacaq paytaxtda. Mən də gedirəm, öz fikrimi çatdırım onlara”.
Qoca əfqan özünün önəmli adam olduğunu hiss etdirmək üçün 4 ay səhrayla yol gəlir, zülm çəkir, qatırı ölür…
Şərqli və qərblinin müqayisəsində ilk gözə çarpan cəhət bizim liderliyə daha çox can atmağımızdır. Müsəlman ölkələrində “ikinci”lik dəbdə deyil. Vəzir olmaq istəyən yoxdur. Hərçənd ən çox iş görən də, ölkəni idarə edən də vəzirdir.
Zəlilcəsinə birinciliyə mübtəla olmaq bizi tamam əldən salıb. Təbii, birinci olmağı hamı istəyir, bizimki isə istək yox, xəstəlikdir. Hədəfimiz problemin həll olunması yox, həmin problemi özümüzün həll etməyimizdir.