• 03 İyun 2025 17:46

“Bir xanım yaxınlaşıb dedi ki, sizə manat versəm, dollara çevirə bilərsiniz?”-FOTOLAR

 “Bir xanım yaxınlaşıb dedi ki, sizə manat versəm, dollara çevirə bilərsiniz?”-FOTOLAR
Paylaş

 

“40 ildən çoxdur ki, illüziya sahəsi ilə məşğulam. Ölkəmizdə bu sənətin vəziyyəti heç də ürəkaçan deyil. Sehrbazlıq, illüziya sənəti bizdə heç vaxt məşhur sahə olmayıb. Düzdür, bir neçə illüzionist olsa da sənət özü inkişaf etməyib. Amma buna baxmayaraq yenə də sehrbazlıq sənətini yaşadanlar az deyil”.

 

Bunu Moderator.az-a açıqlamasında məşhur fokusçu, “sehrbaz Tofiq əmi” kimi tanıdığımız aktyor Tofiq İsgəndərli deyib. O daha sonra əlavə edib.

“Ölkəmizdə bu sənətin məktəbi yoxdur. Bu sənət hər zaman sirk daxilində inkişaf edib, yaranıb. Fokus göstərərkən qəza qaçılmazdır. Bu illər ərzində qəza etməsəm də, amma çatışmazlıqlar olub. Bunları da əksər tamaşaçılar görməyib. Fokusun bir neçə qızıl qaydası var. Həmin qaydalardan biri də odur ki, əgər fokus alınmasa belə tamaşaçılar gülsə, sən də onlarla birlikdə gül və özünü elə göstər ki, bu belə də olmalıdır. Tamaşaçıların 80 faizi inanır ki, bunlar həqiqətən də baş verir. Bəzən insanlar real həyatla illüziyanı səhv salır. İllər əvvəl maraqlı bir hal yaşanmışdı. Dənizkənarı parkda tədbirdə iştirak edirdim. Fasilə vaxtı bir xanım yaxınlaşıb demişdi ki, sizə manat versəm, dollara çevirə bilərsiniz? Cavab vermişdim ki, manatı dollara çevirə bilsəydim soyuq havada fokus göstərərdim?! Kağızı pula çevirmək mümkün olsaydı milyonçu olardım” deyə aktyor bildirib.

 

Tofiq İsgəndərli uşaqların psixologiyasına təsir edən fokuslardan da danışıb.

“Uşaqların psixologiyasına təsir edən fokuslar onlarda qorxu hissi yarada bilər. Valideynlər uşağı başa salmalıdırlar ki, bu sadəcə fokusdur. 3 yaşından 6 yaşına qədər olan uşaqlar üçün fokus repertuarı tamam başqadır. Uşaqlar üçün elə fokus nümunələri seçilməlidir ki, onlar bunu qavraya bilsinlər. Onlar üçün fokuslar qısa, konkret, maraqlı olmalıdır. Mən o vaxtı Aztv də “Sehrli güzgü” verilişində uşaqların görüşünə gəlirdim. Bəzən sual verirlər ki, indiki uşaqları aldatmaq rahatdır yoxsa əvvəlki? İndikiləri aldatmaq daha rahatdır. Müasir texnalogiyalar dövrüdür. İnternet hazırkı uşaqları o qədər asılı vəziyyətə salıb, beyinlərini silib ki, müstəqil düşünə bilmirlər” deyə aktyor bildirib.

Tacxeber.com

Oxşar xəbərlər