Laçın dəhlizi BAĞLANMIR, İrəvanın Qarabağ sərsəmliyi DAVAM EDİR və s. – Mövcud SİTUASİYA
2020-ci ilin sonlarına təsadüf edən 44 günlük savaş Azərbaycanın qələbəsilə başa çatdı və ermənilər “Dəmir Yumruq”dan qorxmağa başladılar. Lakin 2 il ərzində onların xofu azalana oxşayır. Belə ki, İrəvan Fransa xoruzunun dimdiyinə və Tehran zooparkındakı aslanın quyruğuna güvənir. Bəlkə də buna görə, erməni və onların havadarlarına “Qardaş yumruğu” təlimləri ilə mesaj verdik.
İrəvan sülh sazişi ilə bağlı Bakının təklifini alıb və ilin sonuna qədər Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş baş tuta bilər. Görüş öncəsi hər iki ölkənin deputatları müxtəlif şərh və bəyanatlarla yadda qalır. Məsələn, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Qafqaz haqında əhatəli fikirlərə müəlliflik edərkən Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağdan bəhs edib:
“Bu gün bizim qarşımızda Qarabağın ermənilər yaşayan hissəsinin əhalisini qorumaq kimi tapşırıq dayanıb. Azərbaycan Qarabağ probleminin, oranın köklü erməni əhalisi kimi mövcud olmadığını bəyan etməyə başlayıb. Bugünlərdə Azərbaycan Müdafiə Nazirliyi sülhməramlılardan tələb edib ki, onlar Dağlıq Qarabağ və erməni toponimlərindən istifadə etməsinlər. Bununla yanaşı, Azərbaycan tərəfinin Laçın dəhlizini bağlamaq niyyətini görürük. Bu koridor Qarabağın erməni əhalisi üçün humanitar əhəmiyyətli yeganə yoldur”.