• 23 Noyabr 2024 08:45

Tələyə düşdük: status getdi, ruslar da çıxır – Martirosyan

 

Əgər Rusiya Qərblə hazırkı qarşıdurmada zəifləsə, o zaman Gürcüstan və Azərbaycandan qoşunlarını əvvəllər çıxardığı kimi, sülhməramlılarını da Qarabağdan çıxaracaq.

 

Bu sözləri erməni mediasına açıqlamasında danışıqlar üzrə ekspert Artur Martirosyan deyib.

Onun sözlərinə görə, hər şey Qarabağdakı sülhməramlıların Rusiyanın ekzistensial marağına cavab verib-verməməsindən və ya onunla alver etməyin mümkün olub-olmamasından asılıdır:

“Nədənsə biz (ermənilər – red.) hesab edirik ki, sülhməramlıların mövcudluğu daimi xarakter daşımalıdır. Halbuki beynəlxalq münasibətlərdə belə şey olmur. 2025-ci ilə qədər Rusiyada nə dəyişəcək? Sabah Rusiyanın maraqları dəyişə bilər. Bakı sülhməramlıları gözdən salır və istisna deyil ki, 2025-ci ildən sonra onların Qarabağdan çıxarılması artıq müzakirə olunub”.

Martirosyan rus sülhməramlıların mövqelərinin zəif olduğunu da qeyd edib:

“Onlar heç vaxt güc tətbiq etməyəcək, bu isə Qarabağdakı ermənilərin narazılığına səbəb olacaq, Ermənistanda isə düşünəcəklər ki, sülhməramlılar öz vəzifələrinin öhdəsindən gəlmir. Ona görə də ən pis varianta hazırlaşmaq lazımdır.

Siz başa düşməlisiniz ki, 2025-ci ildə sülhməramlılar indi etdiklərini etməyə bilərlər. Bu halda Azərbaycan güc tətbiq edəcək”.

O vurğulayıb ki, Ermənistan Rusiyanı arbitr kimi görür, ancaq Moskva üzərinə belə bir funksiya götürməyib:

“Rusiya yalnız vasitəçidir, arbitr deyil, vasitəçi isə tərəfləri güclə heç nəyə məcbur edə bilməz. Vasitəçi təklif verə, inandırmağa çalışa bilər. Ermənistan buna hazır olmalıdır. Lavrov deyir ki, biz Qarabağın statusunu gələcəyə saxlamağı təklif edirdik, ancaq İrəvan digər variantlar ətrafında müzakirələr apardı, sonra yenə Moskva variantına qayıtdı, ancaq artıq Rusiya əvvəlki təklifləri davam etdirə bilməz. Çünki Paşinyan Əliyevin siyasətinə uyaraq, Qərbdə müəyyən danışıqlara razılaşaraq, Rusiyaya problem yaradıb. Əliyev Moskvaya Qərbdəki danışıqların səbəblərini izah edə bilər, lakin Paşinyanın izahatları Rusiya üçün qəbuledilməz olacaq, çünki Moskvanın Ermənistandan gözləntiləri fərqlidir”. (Axar.az)

Tacxeber.com

Oxşar xəbərlər