“Qurban Qurbanov istəyir ki, daha da böyüyək” – Müsahibə
Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin Qol.az saytına müsahibəsi
– Elvin, hazırda öz oyunun ilə müsbət mənada hər kəsin diqqətini üzərinə çəkə bilirsən. Bəs, sən öz oyununu necə qiymətləndrirsən?
– Kimlərəsə müsbət təsir bağışlamışamsa, bu, yaxşıdır. Amma tam olaraq öz oyunumuzdan razı deyiləm. Daha da inkişaf etməyə çalışıram. Hələ oyunumdan tam razı olmaq üçün bir şey etməmişəm.
– Bir gənc futbolçu kimi inkişaf etmək, formada qalmaq üçün nələr edirsən?
– Futbolçu öz rejimində fikir verməlidir. Həm də məşqlərdə daha çox işləməklə öz formanı qoruyub-saxlaya bilərsən.
– Baş məşqçiniz Qurban Qurbanovla münasibətin necədir?
– Hoca ilə münasibətim çox yaxşıdır (gülür). O da istəyir ki, daha da böyüyək, inkişaf edək. Potensialımız da buna imkan verir. Qurban Qurbanov gənclərə qarşı daha diqqətlidir. Bizə qarşı çox diqqətli davranır.
– “Qarabağ”da hansı futbolçularla daha yaxın, səmimisən?
– Gənc futbolçu olduğum üçün daha çox gənclərlə birlikdə oluram. Onlardan Musa Qurbanlı, İsmayıl İbrahimli, Toral Bayramovun adını çəkə bilərəm. Bazada onlarla daha çox vaxt keçirirəm. Komandamızda təcrübəli futbolçular çoxdur. Lazım olanda onlardan məsləhətlər də alıram.
– Elvin, artıq avrokubok təcrübəsi də qazanmısan. Avropa miqyaslı oyunlarda meydana çıxmaq necə bir hissdir?
– Bəli. Şükürlər olsun ki, avrokuboklarda da artıq xeyli oyuna çıxmışam, iştirak etmişəm. Bu, çox möhtəşəm hissdir. Xüsusən də ev matçlarına çıxanda, doğma azarkeşlər önündə oynayanda adam daha çox motivasiyalı olur.
– Avrokubokda oynayıb, sonra Azərbaycan çempionatında çıxış etmək çətinlik yaradırmı? Bu fərqi nə qədər hiss edirsən?
– Burada azarkeş dəstəyi də rol oynayır. Həm də avrokubok matçlarında oyunun tempi yüksək olur. Sən hücum edirsən, rəqib daha basqılı oynayır, hücumameyilli çıxış edir… Nəticədə temp yüksək olur. Ona görə mən bu çempionatları temp baxımından fərqləndirərdim. Həm də avrokuboklardakı komandalar daha güclü olur. Avrokubok matçlarına çox azarkeş gəlir. Onda daha çox motivasiyalı olursan.
– Bəs, Elvin üçün ən yadda qalan avrokubok oyunu hansıdır?
– “Lex”lə Bakıdakı matçımızı və “Nant”la ev oyunumuzu qeyd edərdim. Qələbə qazanmışdıq. Mənfi mənada isə “Frayburq”la ev matçımızı misal göstərərdim. Biz qrupu adlayan tərəf ola bilərdik, amma məncə, hakim qərarları öz sözünü dedi.
– Ümumilikdə “Nant” son turda “Qarabağ”ı qabaqlayaraq 1/8 finala çıxdı…
– Bəli. “Nant” 1/8 finala yüksəldi. Amma həvəsdən düşmək olmaz. Biz həmişə öz üzərimizdə işləyirik. Konfrans Liqasına düşdük. Halbuki, biz də “Nant”ın yerində ola, Avroliqada 1/8 finala adlaya bilərdik. Amma olsun, qismət…İnşallah, gələn avrokubok matçlarında mərhələ adlayan tərəf biz olarıq.
– Yeri gəlmişkən, Konfrans Liqasının pley-off məhələsində Belçika “Gent”i ilə qarşılaşacaqsınız. Bu haqda nə düşünürsən?
– Qarşıda bizi “Gent”lə oyun gözləyir. Amma məncə, hələ bu matçlar haqqında danışmaq tez olar. Çünki heç biz bu komandanı analiz etməmişik. İnşallah, vaxtı gələndə “Gent”lə oyunlara yaxşı hazırlaşacağıq.
– Elvin, bir az da yerli çempionatdan danışaq. Ötən tur Premyer Liqada “Neftçi”yə böyük hesabla qalib gəldiniz…
– “Neftçi” ilə “Qarabağ” arasındakı oyunlar həmişə maraqlı alınır. Həm rəqibin. həm də bizim azarkeşlərimiz oyuna daha da maraq qatırlar. Böyükhesablı qələbə qazadıq, amma “Neftçi” həmişə “Neftçi”dir. Bu matçlar hər zaman maraqlı olur. Əlimizdən gələni etdik ki, yaxşı qələbə qazanaq. Şükürlər olsun, buna nail olduq.
– Hər kəs “Qarabağ”ın şübhəsiz çempion olacağını düşünür. Sən durumu necə dəyərləndirirsən, çempionluq yolunda “Qarabağ”a problem yarada biləcək komanda varmı?
– Məncə, çempionluq barədə danışmaq üçün hələ tezdir. Hələ qarşıda çox oyun var. Mövsümün yarısı irəlidədir. Qarşımızdaı matçlara köklənəcəyik. Çalışacağıq ki. oyunlarımızın hər birini müsbət nəticə ilə başa vuraq. İnşallah. sonda hər şey bəlli olacaq.
– Qış transfer pəncərəsinə az qalıb. Səninlə maraqlanan klublar varmı? Yoxsa ancaq “Qarabağ”da qalmağı düşünürsən?
– Mən “Qarabağ”da çox xoşbəxtəm. Bura mənim üçün çox doğmadır. Amma bu transfer məsələləri ilə mənim menecerim maraqlanır. Bu haqda çox məlumat verə bilmərəm. Amma bilmək olmaz, yaxşı təkliflər gəlsə, fikirləşmək olar.
– Legioner həyatı yaşamaq istəyirsən?
– Mənim hələ “Qarabağ”la müqaviləm var. Açığı, bu mövzularla bağlı fikirləşmirəm. Özümü buna tam hazır hiss etmirəm. Amma dediyim kimi, bilmək olmaz. Gələcəkdə yaxşı təklif gələrsə, Qurban Qurbanov və menecerimlə məsləhətləşib bir qərar vermək olar. Amma indiki durumda özümü buna hazır hiss etmirəm.
– Elvin, oyununla təkcə “Qarabağ”da yox, millidədə diqqət mərkəzinə düşdün. Şimali Makedoniya ilə yoxlama oyununda (3:1) yığmada ilk qolunu vurdun. Hansı hissləri yaşadın?
– Milli komanda bizim qürur mənbəyimizdir. Yığmamız üçün hər zaman əlimdən gələni edərəm. Bu formanı geyindiyim üçün çox xoşbəxtəm, qürur duyuram. Qola gəldikdə isə bəli, millidə ilk qolumu vurdum. Çox sevincliyəm. Amma ən əsası, komandamız qalib gəldi. Mənim üçün ən vacibi budur.