• 22 Noyabr 2024 23:48

Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı – Müsahibə

Politoloq Natiq Miri Teleqraf.com-a müsahibə verib.

Tacxeber olaraq müsahibəni təqdim edirik.

 

– Azərbaycanın tələbindən sonra Laçın yoluna gömrük postu qurulacaq. Sizcə, bu gəlişmə Laçın yolundan Azərbaycana qarşı separatçı-terrorçu fəaliyyətlər üçün istifadə edilməsinin qarşısını alacaqmı?

– Düşünürəm ki, almayacaq. Qənaətimə görə, ora qoyulacaq post və burada quraşdırılacaq ən müasir cihazlara nəzarət Rusiya sülhməramlılarının öhdəliyində olacaqsa, heç nə dəyişməyəcək. Məsələ budur ki, Rusiyanın Qarabağla bağlı siyasəti dəyişməyib. Təklif etdiyi sülh müqaviləsinə baxdıqda da görürük ki, Rusiya bölgəki problemlərin həllini birmənalı olaraq istəmir. Bu kontekstdə də öz hərbçilərinin uzun müddət Qarabağda qalmasını istəyir. Rusiyaya Azərbaycana təzyiq mexanizmi lazımdır ki, bu da Azərbaycan ərazilərindəki separatçılar və Ermənistandır. Ona görə də, düşünürəm ki, Laçın yolunda qurulacaq posta nəzarət Azərbaycan dövlətində olmasa, burada heç bir nəzarətdən söhbət gedə bilməz.

 

 

Baxın, Volkovun açıqlamasından iki gün keçməmiş İran xüsusi xidmət orqanlarının casusları və ya terrorçu yetişdirən diversantları qanunsuz olaraq yenidən Azərbaycan ərazilərinə – Qarabağın dağlıq hissəsinə buraxıldı. Bu, bütün sualların cavabıdır. Buna görə də Rusiya ilə heç bir anlaşma keçərli deyil. Ötən illərdə baş verənlər bunu sübut edib. Təkcə Azərbaycana yox, bütün dünyaya bəllidir ki, Rusiyanın atdığı imza suya atılmış imzadır. Yəni etibarsızdır. Necə ki, Rusiya imza atdığı 10 noyabr anlaşmasının müddəalarını yerinə yetirmir, eynilə Azərbaycanın bu ölkə ilə imzaladığı digər razılaşmalar da keçərsizdir. Özümüzü aldatmayaq.

 

– İrandan Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazilərə gələnlərin sayı da artıb. Ötən dəfə 14, bu dəfə isə 13 nəfər iranlının Azərbaycan ərazilərinə qanunsuz keçid etdiyi müəyyən edilib. Sizcə, İran-Azərbaycan münasibətlərindəki gərginliyin pik həddə olduğu vaxtda bu şübhəli gəlişlər nədən xəbər verir?

– Bu o deməkdir ki, artıq Rusiya bölgədə İranla müttəfiqlik səviyyəsində əməkdaşlığa başlayıb. Hiss olunur ki, Rusiyanın Ukraynada məğlub olması fonunda İranın Cənubi Qafqazda fəallaşmasını istəyirlər. Yəni Rusiya bölgədə İranın imkanlarından istifadə etmək niyyətindədir. Biz bunu Ukraynada da görürük. Çox təəssüf ki, Qarabağ və Ermənistanda da müşahidə edirik. Ona görə də, bu, birbaşa olaraq İran-Rusiya anlaşmasının nəticəsi kimi düşünülməlidir. Anlamalıyıq ki, Rusiya ilə bölgədə sülhün təmin olunmasında, kommunikasiyaların açılmasında və Ermənistan-Azərbaycan münasibətlərindəki problemlərin qalıcı həllində maraqlı deyil. Rusiya ilə əldə edilmiş anlaşmalar da buna imkan yaratmayacaq.

Hesab edirəm ki, Azərbaycan və qardaş Türkiyə Ermənistanla ikitərəfli müstəvidə problemləri çözməyə çalışmalıdır. Bunun üçün ciddi əsas var. Bu gün Ermənistana havadarlıq edən dövlətlərin heç biri bu ölkəni subyekt olaraq görmürlər. Ermənistana söz və müəyyən maraqlarını ifadə etmək haqqı tanıyan yeganə iki dövlət Azərbaycan və qardaş Türkiyədir. Düşünürəm ki, az da olsa, Ermənistanda buna inanan insanlar var. Fəaliyyət də təxminən bu yöndə olmalıdır. İran və Rusiya ilə isə bölgəyə sülh gətirmək mümkün deyil.

 

– Azərbaycan və Türkiyənin ilk dəfə olaraq İranla sərhədlərimizdə birgə təlim keçirməsi də gündəmin əsas mövzularından biridir. Təlim İran, Rusiya və dünyanın bir çox ölkələrində əks-səda doğurdu. Təlimlərdən sonra Türkiyə müdafiə naziri Hulusi Akarın verdiyi mesaj da kifayət qədər sərt idi. Akar bildirdi ki, Azərbaycana təhdid haradan gəlir-gəlsin, qarşılarında Azərbaycanı Türkiyə ilə birlikdə görəcəklər. Təlimləri və Türkiyə müdafiə nazirinin bu mesajını hansı kontekstdə şərh etmək olar?

– Bu, hər kəsə – İrana, Rusiyaya, Ermənistana və bölgədə qarışıqlıq yaratmaq istəyən digər qüvvələrə verilən mesajdır. Amma bu, təkcə mesaj xarakteri daşımır. Ortada strateji anlaşma var. Bu, Azərbaycan və Türkiyənin təhlükəsizlik sistemlərinin birləşdirilməsi ilə əlaqəlidir. Azərbaycan və Türkiyə orduları bütün məsələləri koordinasiya edərək, birgə fəaliyyət mexanizmi yaradırlar. Bir cümlə ilə desək, bu, iki qardaş dövlətin vahid ordusunun yaradılması prosesi və ya fəaliyyətidir. Son hərbi təlimlərə də bunun sınaqdan keçirilməsi kimi baxmaq lazımdır.

Təbii ki, bu təlimlərin mesaj tərəfi də var. Ancaq artıq buz yerindən təpənib və heç kim bunu dayandıra bilməz. Əgər əvvəllər Türkiyə geosiyasi çərçivədə hərəkət etmək üçün NATO-dan icazə alırdısa, artıq belə bir şey yoxdur. Türkiyə artıq öz müttəfiqlərini özü müstəqil şəkildə seçir vəbu yöndə hərbi fəaliyyətə başlayıb. Türkiyə qlobal gücə çevrilməkdə olan bir gücdür.

Son birgə təlimlər çox ciddi hərbi-siyasi hadisədir. Eyni zamanda, bunun təkcə Türkiyə-Azərbaycanla məhdudlaşacaq proses olmadığına inanıram. Əmin olun ki, Türkiyə və Azərbaycan ordularının birləşdirilməsi Orta Asiyanın türk dövlətlərinə də bu yöndə stimul verir. Bu gün Türkiyə və Azərbaycan arasında olan birlik sabah digər türk dövlətlərini də əhatə edəcək. Ona görə də, bu mesaj sadəcə regional deyil, qlobal xarakterlidir. Alanlar bu mesajı aldılar, almayanlar da gec-tez alacaqlar, ya da bunun nəticələrini görəcəklər.

Tacxeber.com

Oxşar xəbərlər