• 22 Noyabr 2024 10:19

Azərbaycanda bir qrup dindar İranın siyasətinə etiraz bəyanatı qəbul ediblər

Azərbaycanda bir qrup dindar İranın siyasətinə etiraz bəyanatı qəbul ediblər

 

Son zamanlar İranın Azərbaycanın sərhəd ərazilərində keçirdiyi hərbi təlimlər və Ermənistana verdikləri dəstəyə etiraz olaraq Aran rayonlarında, o cümlədən Ucar, Göyçay, Kürdəmir və Zərdabda fəaliyyət göstərən din xadimləri bəyanat qəbul ediblər.

Tacxeber.com-ın Yuxarı Şirvan bürosu xəbər verir ki, bəyanatda bildirilir ki, çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıb.

“Azərbaycan vətəndaşları və bölgənin din xadimləri olaraq vətənpərvərlik ruhunda tərbiyə almış, sadiqlik nümayiş etdirərək daim dövlətimizin və Ali Baş Komandanımızın siyası kursunu dəstəkləmişik. Dövlətimizə qarşı yönəlmiş hər bir təhlükədə və şübhəli məqamlarda iradəmizi ortaya qoyaraq cənab Prezidentin ətrafında dəmir yumruq kimi birləşmişik”, – bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, Azərbaycan dövləti demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verir:

“Bu həyat tərzinin düzgün qiymətləndirilərək, hüquqi və siyasi müstəvidə öz yerini tapması isə məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi və müstəsna səyləri ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətti bu gün də böyük rəhbərin layiqli davamçısı Prezident İlham Əliyev inamla davam və inkişaf etdirir”.

“İran ilə Azərbaycanı bir-birinə bağlayan dini və milli dəyərlər əsrlər ərzində formalaşmışdır. Bu amil xalqların bir-birinə yaxınlaşmasına xidmət etməlidir. Təəssüf hissi ilə bildiririk ki, Azərbaycanın əsas dərdi olan Qarabağ məsələsi həllini tapana qədər və ondan sonra da İranın münaqişə və müharibənin səbəbkarı olan təcavüzkar Ermənistana münasibəti birmənalı şəkildə himayədarlıq olmuşdur. Ermənilərin dünyada hər zaman xristian təəssübkeşliyindən yararlandığı məlumdur, ancaq müsəlman İranın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistana hərtərəfli dəstəyi biz bölgə dindarları tərəfindən qınanılır. Uzun illər ərzində əsl qardaşlıq və dostluq kimi İslam həmrəyliyi mövqeyindən çıxış edərək təcavüzkar Ermənistanla siyasi, diplomatik əlaqələr qurmayan, səfirliyini açmayan, beynəlxalq təşkilatlarda işğalı pisləyən bəyanatlarla çıxış edən digər müsəlman ölkələrindən fərqli olaraq, İran 67 müsəlman məscidinin 63-nü tamamilə, 4-nü isə qismən dağıdan, məscidləri təhqir edən ölkə ilə bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirmişdir”, – bəyanatda vurğulanır.

Bəyanatda daha sonra qeyd edilir: “Bu, islami birlik və məzhəbi yaxınlıq amalları ilə bir araya sığmayan münasibət biz – bölgənin din xadimləri tərəfindən qəbul olunmur, heysiyyətimizə toxunur. Biz – din xadimləri özünü İslam Respublikası adlandıran İranın bölgədə dini dəyərlərlə bir araya sığmayan haqsız siyasətinə və Azərbaycana qarşı səsləndirdiyi təhdidedici yersiz bəyanatlarına, xüsusilə də sərhəd boyunca həyata keçirdiyi hərbi təlimlərə görə öz narahatlığımızı bildiririk və İranın bu hərəkətlərinin müqəddəs İslam dininin qardaşlıq ruhuna uyğun olmadığını bəyan edirik”.

Tacxeber.com

Oxşar xəbərlər