“Əlbəttə, Bayden, Amerika və İsrail və Avropanın bəzi xüsusi xidmət orqanları Putinin məsələsini 5-7 saata həll edə bilər. Vəssalam. Əsas fiqur oyundan çıxır və müharibə bitir”.
Bu barədə rusiyalı müxalif siyasətçi, publisist Aleksandr Nevzorov özünün “Telegram-kanal”ında yazıb.
Lakin onlar, düşünürəm ki, bunu etmək istəmir. Çünki Putindən başqa heç kim Rusiyanın qəti iflasına və tam dağılmasına gətirib çıxara bilməz.
Bu, onları konvensial da olsa, hər hansı ciddi silah tətbiq etmək zərurətindən xilas edəcək. Putin hər şeyi özü edəcək. O, o qədər fərsiz, öz hərəkətlərinin nəticələrini görmək qabiliyyətindən o qədər məhrumdur ki, Rusiyanın dağılması ona tapşırılıb. Ona görə də o, hələ sağdır.
Hərçənd, əlbəttə ki, ben Laden Putinlə müqayisədə saçına çəhrayı bant bağlayan məsum qızcığaza bənzəyir.
Nevzorov güman edir ki, Putin Çauşesku və Qəzzafi kimi diktatorların taleyini yaşaya bilər.
O, Putinin Ukraynanın infrastrukturuna zərbələrinin səbəbləri barədə izahını yalan adlandırıb.
“Bu təqaüdçü necə də heyrətamiz və parlaq asanlıqla yalan danışır! Bunu o adamlar edə bilər ki, hansı dəhşətli yalanı uydurmaqlarına rəğmən, heç kimin cınqırını da çıxarmağa cəsarəti çatmayacağına 100 faiz əmindir”, – publisist yazıb.
Nevzorov kimsənin Putini yalançılıqda ifşa edəcəyini gözləmir, bu da onun əl-qolunu açmağa imkan verir.
“Yaltaqlar, qullar və züytutanlarla, Kreml salonlarının qaraçı qızılları və milyon mühafizəsi ilə əhatə olunan Putin nə istəsən uydura bilər. Sabah o, məlumat verə bilər ki, Yer kürəsi yastı formadadır, təyyarələri səmada hərəkətə gətirən mələklərdir, Şouqu transgenderdir. Hamı da ona boyun əyəcək, razılaşacaq və ondan iqtibas gətirəcək”, – Nevzorov güman edir
“Yalanın cəzasız qalması ağır nəticələrə gətirib çıxara bilər. Lakin…bu yolun final nöqtəsi Rumıniya diktatoru Nikolaye Çauşeskunun Tırqovişte şəhərindəki divarı və ya Liviya diktatoru Mömər Qəzzafinin Sirt şəhərindəki xəndəyidir”, – Nevzorov yazıb. (Moderator)