• 22 Noyabr 2024 19:00

Bəhruz Məhərrəmov: “İranda baş verənlər bu ölkənin daxili işi olmaqdan çıxıb”

 

“İranda baş verənlər artıq bu ölkənin daxili işi olmaqdan çıxıb. İnsanlara qarşı amansızlıq, xüsusən də Azərbaycan türklərinin qəsdən hədəfə alınması, etirazları məhz azərbaycanlıların qanı ilə yatırmaq cəhdləri artıq beynəlxalq təsisatları hərəkətə gətirməlidir. İllərdən bəri molla rejimi tərəfindən təməl hüquqlarından məhrum edilmiş və ayrı-seçkiliyə əsaslanan təcavüzkar siyasətə məruz qalmış soydaşlarımız artıq bu gün molla rejimi tərəfindən aşkar soyqırıma məruz qalmaqdadır. Əfqanıstanda bir nəfərin Taliban rejimi tərəfindən  edamına görə açıqlama yayan BMT Baş katibliyi demək olar ki, İranda hər gün məhz azərbaycanlı olduğuna görə edam edilən insanları, xüsusən gəncləri görməzdən gəlir”.

Tacxeber.com-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.

B.Məhərrəmov qeyd edib ki, İran məhz Azərbaycana olan düşmən mövqeyinin ifadəsi kimi Ermənistanın təcavüzkar niyyətlərinə, habelə separatizmə rəsmən dəstək verərək bölgədə sülh və sabitlik üçün əsas təhdidə çevrilməkdədir: “Ali məqsədi sülh və təhlükəsizlik olan BMT həmçinin bu məsələdə susmağa üstünlük verir. Beynəlxalq cameə artıq İrana münasibətdə ikinci dərəcəli problemləri bir kənara qoyub Tehranın doğurduğu real təhdidlərini doğru qiymətləndirməli, təcavüzkar rejimə təzyiqləri artırmalıdır. Artıq BMT Cənubi Azərbaycana müstəqil bir subyekt kimi yanaşmaq istiqamətində addımlar atmalı, əsarətdə olan, təməl hüquqlarından məhrum edilmiş azərbaycanlıların haqq səsini eşitməli, müasir dünyada millətlər həbsxanası və terror yuvası olan İran təhdidini aradan qaldırmağa bəşəri vəzifə kimi yanaşmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər