• 23 Noyabr 2024 00:55

Həkim: “Narkozun əsəb yaratmaq kimi təsiri yoxdur” – MÜSAHİBƏ + FOTO  

Həkim: “Narkozun əsəb yaratmaq kimi təsiri yoxdur” - MÜSAHİBƏ + FOTO  

 

 

Türkiyədə bir neçə anestezioloq müsahibələrində, əməliyyatdan öncə xəstə ilə görüşürdüklərini, suallar verdiklərini bildiriblər. Azərbaycanda əməliyyata gedəndə isə, çox vaxt anestezioloqu əməliyyat masasında görürük. Düzdür, əməliyyatdan öncə xəstə ilə görüşüb söhbət edənləri də var, amma çox vaxt pasiyentdən müəyyən analizlər istənilir və onların nəticəsinə əsasən anesteziya (narkoz) verilir. Narkozla bağlı insanlarda narahatlıq yaradan suallar çoxdur.

 

Elə həmin suallar ətrafında anestezioloq-reanimatoloq Kahraman Seyfidarov Kaspi qəzetinə müsahibə verib.

 

– Kahraman bəy, anestezioloqun əməliyyatdan öncə xəstə ilə görüşməsi nə dərəcədə vacibdir?

 

– Anestezioloq əməliyyatdan öncə mütləq xəstə ilə görüşməlidir. Çünki xəstəni əməliyyatxanada tamamilə nəzarətdə saxlayan şəxs anestezioloqdur. Əməliyyat ediləcək hissədən başqa sağlamlığı ilə bağlı hər hansı problemləri varmı, bilməliyik. Anestezioloqun xəstə ilə öncədən görüşməsi onu tək fizioloji deyil, həm də psixoloji olaraq əməliyyata, əməliyyat otağına hazırlamaqdır. Hətta psixoloji durumunu da bilmək önəmlidir. Çünki əməliyyat günü xəstə ilk olaraq anestezioloqu görür. Əməliyyat otaqları quruluş formasına görə bir az soyuq yerdir. İnsanlarda olacaqları əməliyyatın narahatlığından dolayı istər-istəməz qorxu, həyəcan olur. Bir də otağın təsiri onun üzərinə gəlməsin. Biz öncədən görüşdüyümüzdə, xəstə əməliyyat otağına girəndə, bir tanış üz görür, tanış səs eşidir və bu, onlara güvən verir.

 

 

 

– Anestezioloqun əməliyyatdan öncə görüşməməyi hansısa risk yaradır?

 

– Siz deyən hallara daha çox regional anesteziya hallarında gedilir. Əgər xəstənin bir ayağı əməliyyat ediləcəksə, xəstə cavandırsa, ona regional bir narkoz tətbiq ediləcəksə, düşünürlər ki, orqanizmindəki başqa problemlər hansısa təhlükə yaratmaz. Amma o da doğru deyil. Çünki edəcəyin regional narkoz növü tutmaya bilər və ümumi narkoz verməyə məcbur qalarsan. Yerli, yaxud regional anesteziyanın tutmama ehtimalı var, amma ümumi anesteziyanın tutmama ehtimalı yoxdur. Sadəcə olaraq dozasını müəyyən etmək lazımdır. Bu səbəbdən hər xəstəni ümumi anesteziya alacaq şəkildə analiz edib, ala biləcək səviyyəyə gətirdikdən sonra əməliyyat otağına almalıyıq.

 

– Ümumi narkozda da xəstə ilə görüşülməməsi halları olur.

 

– Görüşməsələr belə, analizlərə əsasən dəyərləndirmə aparırlar. Ancaq özümdən götürsəm, hər zaman öncədən xəstə ilə görüşürəm. Bu gün 3 xəstə ilə görüşdüm, onlardan standart analizlərdən əlavə bir neçə analiz istədim. Bilməliyəm ki, əməliyyat zamanı, əməliyyat sonrası üçün nələrə hazır olaq.

 

 

 

– Anesteziyanın növlərinə gələk.

 

– An – yox, estezi – hissiyyat deməkdir. Anesteziya hissiyyatın olmaması anlamına gəlir. Növlərinə gəlincə, ümumi narkoz var. Bu zaman bütün bədən keyidilir. Regional anesteziyada isə bədənin hansısa bir hissəsi. Birdə beldən olan anesteziyanı misal götürə bilərik. Beldən aşağı bölgə keyiyir. Yerli anesteziyada isə əməliyyat ediləcək hissə keyidilir. Məsələn, ayaq əməliyyat olunacaqsa, yalnız həmin ayaq. Bir də sedasiya var. Buna isə yüngül narkoz verilərək yuxu halına gətirilməsi deyək. Ediləcək prosedur güclü ağrı vermir, amma adam narahat olur deyə, məcbur sedasiya edilir. Buna daha çox stomatoloqlar və qastroenteroloqlar gedirlər.

 

– Bəzən düşünürük ki, anestezioloqlar xəstəyə narkoz verib gedirlər. Sonrakı proses artıq cərrahlıqdır. Ancaq elə deyil. Anestezioloqları əməliyyat boyunca xəstənin başında durduran səbəblər nələrdir?

 

– Həkim xəstəni əməliyyat edir, anestezioloqlar isə əməliyyat boyunca orqanizmdə gedən proseslərə nəzarət edirlər.

 

 

– “Əməliyyat zamanı ayılsam, necə olar”  sualı çox adamda olur. Əməliyyat zamanı adam narkozdan ayıla, ağrını hiss edə bilərmi?

 

– Nadir olsa da, elə hallar olur. Bəzi əməliyyatlarda biz daha zəif narkoz verdiyimiz üçün oyanma ola bilər. Məsələn, ürək damarı əməliyyatlarında. Ancaq bu oyanma ağrını hiss edəcək səviyyədə olmur. 10 ildir tibdə tətbiq edilən modern monitorlar var. Türkiyədə var idi, Azərbaycanda da bəzi xəstəxanalarda istifadə edilir. Əməliyyat boyu monitorla biz pasiyentin durumuna nəzarət edirik. Monitorda beyinə baxmaqla adamın nə qədər dərin yuxuda olduğunu görürük. Oyanma əlamətləri gördükdə, xəstə hiss etmədən lazım olan prosedurları edirik. Yəni narkozdan oyanma ola biləcəyini artıq təxmin edirik və oyanma olmasına yol vermirik.

 

– “Əməliyyat zamanı oyanaram” narahatlığı ilə yanaşı, bir də “əməliyyatdan sonra  narkozdan oyanmaram” qorxusu var. Bu qorxu niyə yaranıb?

 

– Bu cür yanaşmalar daha əvvəldən var. “Əməliyyata girdi, narkoza bədəni tab gətirmədi, oyana bilmədi” kimi deyirdilər. Hətta dünən bir xəstə dedi ki, narkozdan oyanmağıma söz verirsən? O xəstə əməliyyat olundu, evə getdi. Bəzən gəlib deyirlər ki, mənə narkozun dozasını az ver, birdən əməliyyatdan sonra oyanmaram. Əməliyyatdan sonra oyanmamaq yox, necə oyanmaq məsələsi ola bilər. Əməliyyatdan sonra necə oyanmaq isə beyinlə bağlı məsələdir. Əgər xəstə oyanmırsa, oyandırmaq üçün lazım olan dərmanları veririk. Amma olmasa, digər orqanlara baxırıq. Nevroloji narahatlığı varmı? İstifadə etdiyi dərmanlar varmı? Antidepresant dərmanlar, pis vərdişlər – alkoqol, siqaret, narkotik vasitələr narkozda yatmalarına və oyanmalarına mənfi təsir edir.

 

 

– Xəstələrin onlara az doza narkoz verməyinizi istədiklərini dediniz. Norma məsələsində istək nə dərəcədə önəmlidir?

 

– Burda tibbi qaydalar var. Biz əməliyyat olunacaq şəxsin boyuna, çəkisinə, böyrəyinin necə işləməsinə, ağciyərinin durumuna və s. baxırıq. Hər orqanizmin öz norması var. Bəzən pasiyent elə dərmanlar istifadə etmiş olur ki, biz ona boyuna və çəkisinə görə olan normanın iki qat dozasını verməyə məcbur qalırıq. Antidepresant, psixotik dərmanlarda buna gedə bilirik. Adamın böyrək problemi varsa, digər hallarla müqayisədə narkozdan oyanması çətin olur. Çünki bədən narkozu gec atır.

 

– Pis vərdişlər məsələsini vurğuladınız. 30 ildir siqaret çəkən adamla siqaret istifadə etməyən eyni çəkidə, boyda adama verilən narkozun miqdarında hansı fərq olur?

 

– Siqaret çəkən adamlara ümumi narkoz verməkdən maksimum çəkinirəm. Əgər regional, yerli anesteziya imkanı varsa, onlar ilk seçimim olur. Çünki verəcəyimiz dərman ilk olaraq damarla maye şəklində daxil olur. Siqaret çəkən adamların damarları o qədər güclü olmur. Dərmana dəstək üçün ağciyərə verdiyimiz maddəyə gəlincə, ağciyərin də siqaretə görə normal fiziologiyası pozulduğu üçün narkozun bədənə təsiri də zəif olur, bədəndən xaric olunması da. Bəzən ağciyəri sağlam deyilsə, damardan daha çox dərman veririk, ciyərdən verdiyimiz maddəni azaldırıq. Şəkər xəstələri, artıq çəkili şəxslər də həmçinin. Bu cür adamlara çox hallarda tək bir növ – ümumi anesteziya tətbiq etmirik. Anesteziya növlərini qarışdırırıq. Xəstə üçün ən uyğununu edirik. Əməliyyat ediləcək hissəyə regional, yaxud yerli narkoz veririk, ümumi bədənə isə yüngül narkoz verərək yatırdırıq.

 

 

 

– Beldən olan anesteziyadan qorxu çox olur.

 

– Bizə xəstələr gəlir, deyirlər ki, əvvəllər beldə yırtıq yox idi, beldən narkoz verildi, məndə yırtıq yarandı və s. Amma bu səbəb olacaq faktor deyil. Beldən narkoz deyilən, regional anesteziyadır. Regional anesteziya edən anestezioloqların ayrı bir təhsilli, təcrübəli olması lazımdır. Xüsusilə yaşlı xəstələrdə, doğuma gedənlərdə və s. beldə anatomiya dəyişir. Onları göz önünə gətirərək tətbiq etmək lazımdır. Ona görə, bunu edən anestezioloq peşəkar olmalıdır. Azərbaycandakı mütəxəssislər peşəkardır, özlərini inkişaf etdirirlər. Düzgün edilibsə, beldə yerli ağrı ola bilər, o da müəyyən müddət sonra keçir. Yaxud 4-5 gün baş ağrısı verə bilər.

 

– Əməliyyatdan sonra kimsə əsəbi olurdusa, “narkozu qusmadı, ondan sonra belə oldu” deyirdilər. İndi isə deyilir ki, müasir narkozlar qusma vermir. Ancaq yenə də narkozdan sonra qusanlar və qusmayanlar var. Niyə?

 

– Azərbaycana yeni gəldiyimdə bu şeyləri eşitməyə başladım. “3 dəfə narkoz almışam, çox əsəbiyəm” kimi fikirlər eşidirdim. “Xəstəmiz narkozu qusmadı, necə olacaq” deyə soruşurdular. Ancaq narkozun əsəb yaratmaq kimi təsiri yoxdur. Narkozdan qusma halı verdiyimiz bəzi dərmanların yan təsiri olaraq ortaya çıxan məqamdır. Yəni dərman sizin orqanizminizdə yan təsir olaraq qusma verə də bilər, verməyə də. Əvvəllər geniş tətbiq edilən dərmanlar var idi. O dərmanlar verildiyində insanlar özlərini tuneldən boşluğa düşən kimi hiss edirlər. Yəni ovaxtkı narkozların bulantı, qusma kimi yan təsiri daha çox idi, ona görə qusma da çox olurdu. Amma modern narkoz dərmanları elə deyil. Daha gözəl, rahat şəkildə yatırsan. İndiki narkozların həmin yan təsirləri xeyli azdır. Çünki onların qarşısını alan dərmanlarımız var. Narkozla yanaşı, onları da bədənə vururuq. İndi də qusanlar və qusmayanlar var. Orqanizmdən, əməliyyatlardan asılıdır. Bəzən iki əməliyyatda qusmayan adam üçüncüdə qusur.  Biz narkozu qana veririk, ya da ağciyər üzərindən qana sovrulmasını təmin edirik, o da beyinə gedir. Mədəyə heç bir şey vermirik.

 

– Narkozun müddətindən danışaq. Müddətin çox olması hər hansı risk yaradır?

 

– Narkoz fizioloji proses deyil. Biz xəstənin beyni, ürəyi, qaraciyəri və digər orqanlarını basqı altında tutaraq,  cərrahi əməliyyatın bitməsini təmin edirik. Nə qədər uzanarsa, yan təsirləri o qədər olur. Amma uzun müddətli əməliyyatlardan sonra xəstələri birbaşa oyandırmaq da düzgün deyil. Reanimasiyaya alırıq, saatlar içərisində yavaş-yavaş oyanır. Ürək, beyin əməliyyatlarında, qarışıq travmadırsa, lazım olarsa, 2 gün sonra oyandırırıq. Tez oyanmasının bəzən ürəyinə, beyninə, yaxud digər orqanlara yan təsiri daha çox ola bilər deyə, daha balanslı şəkildə oyandırmağa çalışırıq.

 

– Narkoz dərmanları nə qədər müddət sonra orqanizmdən xaric olunur?

 

– Verdiyimiz dərmanlar ortalama 48 saat içərisində bədəndən atılır.

 

– Ard-arda bir neçə əməliyyata gedən şəxslər olur. Orqanizmin narkoz qəbuletmə aralığının nə qədər müddətdən bir olması məsləhətdir?

 

– Cərrahi əməliyyat da bədən üçün bir travmadır. Orqanizmdə sistem olaraq hər şey bir-birinə bağlıdır. 1 həftə içində 2-3 dəfə narkoz verdiyimiz olub. Amma məcburiyyət yoxdursa, 2-3 həftə gözlənməli və bədən özünə gəlməlidir.

 

 

– Yaşlılar və uşaqlar üçün narkozdan daha çox ehtiyat edirlər. Yaş burda rol oynayır?

 

– Narkoz mövzusunda uşaqlar daha şanslıdır. Orqanları daha yeni, sağlam, beyin güclü olduğu üçün sürətli şəkildə uyğunlaşırlar. Normalda bir insanın oksigensiz qalma müddətini 4-6 dəqiqə deyirlər, uşaqlarda 10 dəqiqəyə qədərdir. Uşaqlar daha tez toparlanırlar. Yaşlıların xəstəlikləri çox olduğu üçün çətin olur.

 

– Narkoz zamanı görülən yuxular da çox danışılır. Bəzən isə heç nə görmədiyini deyib məyus olanlar olur.

 

– Səthi, zəif narkozlarda yuxu görülür. Məsələn, regional narkoz istifadə edirik, amma onun yanında zəif şəkildə ümumi narkozumuz da olur. Bu zaman yuxu görülür. Əməliyyat otağındakı səslərin, musiqinin təsiri altında beyin bir yerlərə gedir. Əməliyyatdan öncə xəstələri həm də ona görə psixoloji hazırlayırıq. Həyəcanlı, narahat olan adamlar yuxuda narahatlıqlar görür. Necə yatsan, elə də oyanırsan deyirlər. Çox dərin narkozda yuxu görmə halı nadirdir.

 

– Narkozdan sonra niyə bu maraqlı hadisələr baş verir? Niyə adi vaxtda danışmadıqlarımızı danışırıq?

 

– Şüurlu insan nəyisə deməmişdən öncə beynində düşünür, nəyi deyib-deməyəcəyinə qərar verir. Narkoz zamanı verdiyimiz dərmanların təsirindən şüurlu düşünmə ortadan qalxır. Şeir deyənlər, mahnı söyləyənlər, həkimlərə qonaqlıq sözü verənlər, gülənlər, ağlayanlar və s. olur.

 

– Yadınızda qalan nə isə varmı?

 

– Azərbaycanda tanıyanlar ola bilər deyə, burdakılardan misal çəkə bilmərəm. Türkiyədə bir əməliyyatımda olanı deyim. Xəstə oyananda, “Fatma, canım, ciyərim” deyib. Köməkçilərimizdən biri də zənn edir ki, həyat yoldaşını çağırır. Həyat yoldaşı da klinikada gözləyirmiş. Köməkçi gedib xanıma yaxınlaşıb deyir ki, Fatma xanım, keçmiş olsun, xəstəniz yaxşıdır, sizin adınızı çəkir. Qadın da deyib ki, mən onun həyat yoldaşıyam, amma adım Fatma deyil. Yəni şüur altında kimi düşünürsə, onun adını çəkir (Gülür).

 

– Ona görə xəstələr əməliyyata gedəndə deyirlər ki, tam ayılmayana qədər məni yaxınlarımla görüşdürməyin.

 

– Xəstələr deməsə də, sadəcə hərəkət olaraq deyil, həm də psixoloji olaraq hazır olduğunda yaxınları ilə görüşdürürük. Xəstə anlaqsız olanda, yanında ancaq tibbi heyət olur. Oradakı heyət də elə yetişir ki, xəstə narkoz altında nə danışıbsa, orda da qalmalıdır.

 

– Ağır xəstələrlə əməliyyatdan öncə və sonra görüşən şəxs olaraq bu, psixoloji durumunuza necə təsir edir?

 

– Yoldaşım psixoloqdur. Ondan yardım alıram (Gülür).

 

– Sahənizin ən zövqlü tərəfi nədir?

 

– Anesteziyanın yaxşı tərəfi odur ki, lazım olanda pediatr, terapevt, cərrah, lor və s. olursan. Yəni cərrahiyyənin hər sahəsi ilə iç-içə ola bilirsən. Reanimasiya və anesteziya ayrılmaz olduğu üçün, sən reanimasiyada çox olursan. Bunun bir mənfi tərəfi var. Bəzən o qədər ağır xəstələr görürəm ki, yaxınlardan biri hansısa yüngül narahatlığından danışanda, mənə adi gəlir. Bu yanaşmam doğru deyil, hər xəstənin özünə görə canı yanır. Amma istər-istəməz mənə elə gəlir. Amma anesteziyanın ən gözəl tərəflərindən birini deyim. İnsanların ən səmimi halını əməliyyat masasına uzananda görürəm. Daxilən necədirlərsə, o cür olurlar. İnsan o masada nə qədər aciz olduğunu anlayır. İnsanlar bəzən dünyanı anlamaq üçün tabutda yatırlar, günlərlə orda zaman keçirirlər. Amma əməliyyat masası təbiidir. Əməliyyatdan öncə görüşdüyümdə qəddar gördüyümüz birini, əməliyyat masasına uzananda səmimi görürük.

Tacxeber.com

Oxşar xəbərlər