ABŞ-ın “Wall Street Journal” qəzetində “Putinin ət maşını” adlı redaksiya məqaləsi dərc olunub. Məqalənin tərcüməsini təqdim edirik.
Rusiya hakimiyyəti kişiləri küçələrdə yaxalayıb Ukraynaya – döyüşə və ölümə göndərir.
Prezident Vladimir Putinin səkkiz aydır Ukraynada başlatdığı müharibə Rusiya cəmiyyətində populyarlığını itirməkdə, gündən-günə gözdən düşməkdədir.
Son vaxtlar on minlərlə rusiyalı hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk edib.
Deyilənə görə, hökumət mülki əhali arasında kişiləri axtarıb tapıb ön cəbhəyə göndərə bilmək üçün jurnalist qruplarının da xidmətindən yararlanmağa başlayıb.
“Vaşinqton Post” qəzetinin yazdığına görə, paytaxt Moskvanın ticarət mərkəzində musiqiçiləri məşq etdikləri, kuryeri mal çatdırdığı yerdə yaxalayıblar.
50 yaşlı bir kişini də tutublar, aşa-aşa gedirmiş, çünki həm sərxoş imiş, həm də əlil – ayağında şikəstlik varmış.
Moskvada evsizlər üçün sığınacaqda reyd keçiriblər, neçə-neçə adamın burada yenicə məskən saldığı üzə çıxıb.
Rusiyada sentyabrın 21-də elan edilmiş qismən səfərbərlik prosesi çərçivəsində 300 min əsgər toplanmalıdır. Oktyabrın 14-də Putin 220 min nəfərin qeydiyyatdan keçdiyini, onlardan 16 min nəfərin isə artıq təlimləri başa vurub döyüşə göndərildiyini açıqlayıb.
Vaşinqtonda yerləşən Müharibə Araşdırmaları İnstitutunun şərhinə görə, Putinin açıqlaması Rusiya mediasından, bloqçularından və səfərbərliyə cəlb edilmiş adamlardan daxil olan əcaib məlumatları təsdiqləyir.
Həmin məlumatlarda təlim keçməmiş, hərbi geyimlə, ləvazimatla tam təchiz olunmamış hazırlıqsız insanların bir qisminin artıq cəbhə xəttinə göndərildiyi, onlardan bəzisinin Ukrayna ordusuna təslim olduğu, yaxud öldürüldüyü bildirilir.
Müharibə Araşdırmaları İnstitutu vurğulayır ki, bəzi hərbi hissələrdə səfərbər edilmiş insanlara keçilən 10 günlük təlimlərin özü də formal xarakter daşıyır, bu təlimlərdə adamlar gerçəkdən döyüşə hazırlanmırlar: “Qeyri-rəsmi xəbərlərə görə, səfərbərliyə cəlb edilən bir sıra dəstələr Ukraynaya göndərilməzdən qabaq günlərlə təlim meydançalarında komandirsiz, yeməksiz və sığınacaqsız boş-bekar dolaşmaqla məşğul olub”.
Putin əzəldən Ukrayna ilə amansız davranıb, onun bu ölkəyə, bu xalqa kin-küdurətini heç nə soyuda bilmir. Amma onun öz xalqına da münasibəti eynidir. Putin öz xalqı ilə də amansız davranır.
Məlumatlara görə, bu ay Rusiyadan iki nəfər kiçik qayıqla 50 mil məsafə qət edərək Alyaska adasına üzüb. Onlar adada ABŞ-dan sığınacaq istəyiblər.
Okean – qorxulu yerdir. Ancaq rusiyalıların çoxundan ötrü qorxusuz variant qalmayıb, hansı variantı seçsələr təhlükə ilə üzləşəcəklər.
Bu gedişatla zaman Putinin yox, Ukraynanın xeyrinə işləyəcək.(pressklub.az)