• 27 Sentyabr 2024 01:48

Qarabağ erməniləri təşvişdə: “Tevos, bu dəfə vəziyyət ciddidir”

 

Azərbaycan ekoloqlarının Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyası Qarabağ erməniləri arasında vahimə yaradıb. Erməni analitik Tevos Arşakyan da dünən qələmə aldığı məqaləsində də bu bunu etiraf edərək yazır:

“Bu səhər İrəvandakı mənzilimdə telefon çaldı. Həyat yoldaşımın “Artsax”ın paytaxtında yaşayan əmisi oğlu zəng etmişdi. O, həyəcanlı səslə elan etdi ki, türklər “ekoloqlar” adı altında yenidən “Artsax Respublikası” ilə Ermənistanı birləşdirən dövlətlərarası magistral yolu bağlayıblar.

“Tevos, bu dəfə vəziyyət ciddidir. Deyəsən, növbəti müharibə gəlir. Mən ailəmlə bir müddət Yerevana köçsək, sizdə məskunlaşsaq və mümkün döyüşlərin bitməsini gözləsək, olarmı? Nə fikrindəsiniz?”, – qohumum soruşurdu. Təbii ki, mən ondan imtina edə bilməzdim. Amma qohumların ailəsi bizə gələ bilmədi, çünki rus sülhməramlıları onları dövlətlərarası magistraldan keçirməyə qoymadılar.

Saatın gec olmasına baxmayaraq, yol hələ də bağlıdır və iki “erməni dövlət”inin yüzlərlə vətəndaşı blokadada qalıb. Onların arasında çoxlu sayda qadın və uşaqlar var və ailə başçıları onları mümkün hərbi əməliyyatların episentrindən uzaqlaşdırmaq istəyirlər. Onları qınamağa nə mənəvi haqqım var, nə də istəyim – insanların keçmiş müharibənin dəhşətləri haqqında hələ də güclü xatirələri var”…

Qondarma “DQR”-ın “xarici işlər naziri” David Babayan da bu gün İrəvanda keçirdiyi mətbuat konfransında öz naharatlığını dilə gətirib.

D.Babayan bu vəziyyətdən ən yaxşı çıxış yolunu rus “sülhməramlı” kontingentinin sayını artırmaqda və onlara beynəlxalq mandat verməkdə görür.

“Perimetr ətrafında 1980 sülhməramlı – bu, kifayət deyil. İkincisi, biz sülhməramlılara beynəlxalq mandat verilməsini təklif edirik, daha yaxşı olar ki, BMT Təhlükəsizlik Şurası tərəfindən. Bu, sülhməramlılara beynəlxalq legitimlik verəcək və belə təxribatların qarşısını almağa kömək edəcək”, – Babayan bildirib. Nəzərə alsaq ki, ABŞ və Aİ Rusiya “sülhməramlı”larının Cənubi Qafqazdan çıxarılmasını istəyirlər, Babayanın bu təklifi boş xülyadan başqa bir şey deyil. Maraqlıdır ki, Babayanın özü də bunun fərqindədir. Erməni diplomat sülhməramlıların Kosovoda və digər yerlərdə də mövcud olduğunu xatırladaraq, bildirib ki, Qarabağdakı “sülhməramlı”ların digər ərazilərdəki missiyadaşlarından fərqli olaraq sülhü təmin etmək səlahiyyətləri yoxdur. Rusiyanın sülhməramlı missiyası olmadan Qarabağ ermənilərinin təhlükəsizliyi təmin edilməyəcəyini vurğulayan Babayan deyib: “Artıq dediyim kimi, Qarabağdakı rus sülhməramlılarının mandatı Kosovo, Bosniya və digər yerlərdəki sülhməramlılardan fərqlidir. Tərəflərin öz öhdəliklərini sivil şəkildə yerinə yetirməsinə əmin olmalıdırlar. Ona görə də biz deyirik ki, rus sülhməramlılarının mandatı uzadılsın, kontingentin sayı artırılsın və onlara beynəlxalq mandat verilsin”.

Bəs, sayı artırılan rus “sülhməramlıları” ehtiyac yaranarsa, məsələni güc yolu ilə həll edə bilərmi? Babayana görə, indiki mandatla, bu mümkün deyil: “Onların güc tətbiq etmək səlahiyyətləri yoxdur, kiçik görünən bu məsələ dövlət səviyyəsində həll olunur. Bəziləri üçün bu, kiçik görünə bilər, amma bizim üçün ölüm-dirim məsələsidir”, – David Babayan əlavə edib. (Ovqat.com)

Tacxeber.com

Oxşar xəbərlər