• 22 Noyabr 2024 16:37

Eyyub Kərimli: “Sülhməramlılara çay da təklif edirik, imtina edirlər, elə bil daşdandırlar, lal, kar eləcə orada durublar”

 

Şuşada keçirilən aksiyada iştirak edən İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli ərazidə hazırkı vəziyyət barədə fikirlərini bölüşüb.

E.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, Rusiyanın sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkov aksiya keçirilən əraziyə gəlməkdən imtina edir.

“Baxmayaraq ki, dünən də, bu gün də gələcəyi ilə bağlı informasiya yayılmışdı. Lakin o, aksiya ərazisinə öz müavini Kavalçok adlı polkovniki göndərmişdi. Kavalçok da sərxoş vəziyyətdə gəldi, zabit andı içdi, söz verdi ki, Volkov gələcək. Lakin gəlmədi. Düşünürük ki, Volkov başda olmaqla, rus sülhməramlıları Xankəndində təbii sərvətlərimizin, Qızılbulaq və Dəmirli qızıl yataqlarımızın, iqtisadi resurslarımızın istismarı, xaincə talanmasına şərikdirlər. Onlar Xankəndindəki separatçıları himayə edirlər. Burada həm də siyasi aspekt var. Xankəndində hazırda keçmiş Rusiya vətəndaşı, Rusiyanın adamı sayılan Vardanyan “baş nazir”dir. Sülhməramlılar orada sabitliyin təmin olunmasında maraqlı görünürlər…”, – E.Kərimli bildirib.

O qeyd edib ki, sülhməramlılar vətəndaş cəmiyyəti institutunun nümayəndələri, aktivistlərlə heç bir kontakta girmirlər: “Hətta danışmırlar. Onlarla dəfələrlə kontakta gedirik, müraciət edirik. Onlara çay da təklif edəndə, imtina edirlər, heç nə danışmırlar. Elə bil daşdandırlar, lal, kar eləcə orada durublar. Bu gün sayları artıb. Onlar bizim əzmlə dayanmağımızı, çadırlarımızın sayının getdikcə artdığını, qalmaqda israrlı olduğumuzu görüb, özləri üçün əlavə yaşayış konteynerləri gətiriblər. Çünki həmin ərazi post idi, orada, sadəcə, növbə çəkirdilər, yaşamırdılar. Lakin hazırda iki ədəd konteyner gətirilib. Aksiyanın uzunmüddətli keçirələcəyini nəzərə alırlar, bilirlər ki, bu məsələ uzana bilər. Özləri üçün şərait yaratmağı düşünürlər. Bu isə bizi qorxutmur. Bakıdan bizə çoxlu müraciətlər var. Digər vətəndaş cəmiyyətləri, QHT nümayəndələri Qarabağa axışırlar. Təkcə bu gün 400-ə yaxın gənc fəal, QHT nümayəndəsi aksiyaya qoşuldular. Aksiyanın fasiləsiz davam etməsinə yardım göstərirlər. Havanın şaxtalı olmasına baxmayaraq, gecə-gündüz buradayıq, yatmırıq, tonqallar qalamışıq. Yüksək səsli musiqilər, Azərbaycan himnini dinlədirik…. Tələblərimiz qəbul edilməyənə, monitorinq qruplarımızın maneəsiz keçidi təmin edilməyənə, təbii resurslarımızın vəhşicəsinə istismarı dayandırılmayanadək aksiya davam edəcək. Bu, birmənalıdır. İnsanların əzmi və iradəsi, hədsiz yüksək əhval-ruhiyyəsi buna imkan verir…”

Tacxeber.com

Oxşar xəbərlər