Səudiyyə Ərəbistanı millisinin futbolçularına dünya çempionatında Argentina üzərindəki qələbəyə (2:1) görə vəd edilən “Rolls-Royce” avtomobilləri verilməyib.
Tacxeber.com xəbər verir ki, Argentina ilə oyundan əvvəl yayılan məlumatda qeyd olunurdu ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Cənubi amerikalılar üzərində qazanılacaq qələbəyə görə hər futbolçuya “Rolls-Royce” hədiyyə edəcək.
Buna baxmayaraq, futbolçular ayrı-ayrılıqda verdikləri müsahibələrdə hər hansı bahalı xarici markalı avtomobillə mükafatlandırılmadıqlarını deyiblər.
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal isə futbolçulara hər hansı avtomobil hədiyyəsinin vəd edilmədiyini deyib.
“Xeyr, xeyr. Futbolçularımız təmsil etdikləri ölkənin komandasında qürurla oynayırlar. Milli komandanı tarixi matçda təmsil etmək onlar üçün şərəf idi. Bahalı avtomobil ətrafında yayılan şayiələr həqiqətə uyğun deyil. Əlbəttə ki, mükafat nəzərdə tutulmuşdu, lakin bu, sadə bir bonus idi. Belə hallar üçün bizim öz qaydalarımız var. Onlar mükafat üçün yox, ölkələri üçün oynayırlar. Tarix yazmaq üçün oynayırlar. Onların bir çoxu Argentina üzərində qələbədən sonra məşhur oldu”, – deyə Yasir Əl-Mişal vurğulayıb. (Oxu.az)