• 23 Noyabr 2024 01:06

Yanvarın 1-dən əhalini gözləyən YENİLİKLƏR – Pensiyalar, müavinətlər, güzəştlər…

 

Azərbaycanda 2023-cü ilin yanvarın 1-dən həm sosial müavinət, həm də pensiyaların məbləğində artımlar olacaq.

 Tacxeber.com xəbər verir ki, bu barədə cari ildə müxtəlif qurum nümayəndələri, deputatlar və səlahiyyətli şəxslər danışıblar.

Növbəti ilin yanvarın 1-dən əhalini gözləyən yenilikləri təqdim edirik:

Əmək pensiyalarının indeksləşdirilməsində yol verilən ayrı-seçkilik aradan qaldırılacaq. Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliklər sayəsində mümkün olacaq. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova deyib ki, bütün növ əmək pensiyaları hər ilin əvvəlində vahid qaydada indeksasiya edilərək artırılacaq.

Digər bir dəyişiklik isə Prezidentin ötənilki sərəncamı ilə pensiyalara 200 manatlıq əlavələrin də ümumi pensiya məbləğinə daxil edilərək birgə indeksasiya olunub artırılması ilə bağlıdır. Gələn il üçün pensiyaların artımı bu il ərzində qeydə alınmış orta aylıq əmək haqqının artım faizi ilə müəyyən ediləcək. Orta aylıq əmək haqqında artım faizini isə Dövlət Statistika Komitəsi müəyyənləşdirəcək.

Bundan başqa, təkliflər Milli Məclis tərəfindən təsdiq edilsə, qulluq stajına görə pensiya alan şəxslərin təqaüdləri də hər il orta illik əmək haqqının artım fazinə görə indeksləşdiriləcək. Yeni dəyişiklər təklifi bu sahədə inzibatçılığın yüngülləşdirilməsinə və əmək haqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan verəcək.

Azərbaycanda uşağın anadan olması və dəfn üçün verilən müavinətlərin məbləğinin artırılması təklif edilir. Bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb. Qeyd edilib ki, Hesablama Palatası rəyində əvvəlki illərin icra göstəricilərinin təhlilinə əsaslanaraq növbəti ildə müavinət məbləğlərində dəyişiklik edilməyəcəyi halda uşağın anadan olmasına və 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar, eləcə də dəfn üçün müavinətlər üzrə nəzərdə tutulmuş vəsaitin məbləğinə yenidən baxılmasını tövsiyə edib.

Xatırladaq ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanına dəyişiklik edilməsi barədə” 2021-ci il 20 dekabr tarixli 1496 nömrəli Fərmanına əsasən uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği cari ilin 1 yanvar tarixindən 50% artırılaraq 300 manata çatdırılıb.

Azad edilən ərazilərdə işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq olunacaq. Bununla bağlı Əmək Məcəlləsinə yeni maddənin əlavə olunması təklif edilir. Yeni maddəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda Məcəllədə və digər qanunlarda nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:

– Mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilən ərazilərdə vergi uçotunda olduqda;

– Mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilən ərazilərdə yerləşdikdə;

– Mütəxəssislər işğaldan azad edilən ərazilərdə məskunlaşdıqda.

Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına verilən əlavənin müddəti 2023-cü il yanvarın 1-dək uzadılıb.

Tacxeber.com

Oxşar xəbərlər