• 22 Noyabr 2024 19:02

Əməkdar artist qalmaqallı nişandan danışdı: “5-10 gün sonra qız o kişidən qaçacaq”

Əməkdar artist qalmaqallı nişandan danışdı: “5-10 gün sonra qız o kişidən qaçacaq”

 

“17 yaşlı qız 50 yaşında adama gedib. Mən qızdan əvvəl həmin kişini qınayıram. Kişi sanki öz qızı ilə evlənir. Yəqin qızın başını nələrləsə aldadıb, könlünü oxşayıb, qız da ona getməyə razı. Yadınızda saxlayın ki. pula görə evlənənin axırı olmur. Mən indidən deyirəm ki, o qızla kişinin axırı yoxdur. 5-10 gün sonra qız özü ondan qaçacaq”. 

Bu sözləri Yenisabah.az-a Əməkdar artist Mehriban Xanlarova deyib. Son günlər geniş müzakirələrə səbəb olan Gədəbəydə 17 yaşlı qızla 50 yaşlı kişinin nişanlanması məsələsinə münasibət bildirən aktrisa gənc qızlara əvvəlcə təhsil almağı məsləhət görüb:

“Mən dəfələrlə efirdə demişəm ki, ucqar kəndlərdə, dağ yerlərində bəzi ailələr çalışırlar ki, erkən yaşda qızlarını ərə versinlər. Düşünürlər ki, birdən evdə qalar, sonra alan olmaz. Təəssüflər olsun ki, valideynlər fikirləşmir qızımı oxudum ki, sabah mən düşəndə oğlum, yaxud  qızım mənə arxa-dayaq olsun. Evlənmək, ərə getmək  həmişə var, buna tələsməyin nə mənası var axı?

Evi yığışdırırsınızsa, silib-süpürürsünüzsə, elə öz ata-ananınızın evini yığışdırın da. Onsuz ərə gedib o evdə də yığışdıracaqsınız, bir fərqi olmayacaq. Ondansa, qızlar oxusunlar, təhsil alsınlar, dünyagörüşlərini artırsınlar, oxumasalar belə ən azından bir sənətə yiyələnsinlər”.

Sənətçi qızların əvvəlcə işləyib öz ayaqları üzərində dayanmalı olduğunu bildirib:

“Şərt deyil ki, professor, yaxud elmlər namizədi olasan, peşəni öyrənib tanınmış dərzi ola bilərsən, saç ustası ola bilərsən. Bu gün saç ustası olan qızlarımız var, baxırsan ki, oxumayıb, amma əlləri qızıldır, sənətini sevir. Elə dərzilər var ki, tikdiyi libaslara baxanda elə bilirsən brend bir mağazadan alınıb. Qızlar tibb bacısı olsa, çörək pulunu elə qonşularından qazanacaq. Ən azından kiməsə bir iynə vuranda halallıqla pulunu alacaq. Gənc qızlarımız böyük sözü eşidirlərsə, onlara bir məsləhətim var: əvvəlcə çörəyinizi qazanmağı bacarın, sonra ərə gedin. Təəssüf ki, indi bəzi gənclər böyüklərə qulaq asmır”.

M.Xanlarova ailədə həm kişinin, həm də qadının bir-birinə maddi cəhətdən yardım etməsinin vacibliyini vurğulayıb:

“İndiki vəziyyət elədir ki, hər şey günü-gündən bahalaşır, həyat çətinləşir. Elə adam var ki, uşağına pampers ala bilmir. Ən azından qız da işləsə, namusu, qeyrəti ilə pul qazanıb həyat yoldaşına dəstək olar. Bax, sevgi budur. İstər kişi, istərsə qadın bir-birlərinə hər zaman dəstək olmalıdırlar. Onlar bir yola çıxırlarsa, bu mütləq olmalıdır. Mən demirəm ki, qızlar işləsin gətirib pulu qoysunlar ərin qabağına, xeyr, büdcə bir olmalıdır, ərinə də kömək etməlisən. Bəzən qızlar deyir niyə mən gedib işləməliyəm, ər baxsın. Bu düzgün yanaşma deyil, o sənin həyat yoldaşın, uşağının atasıdır. Bir gün nəyisə ərin ala bilməyəndə, sən çıxarıb kömək edəcəksən. Bu zəmanədə bəzi cavanlara söz demək olmur, az qalırlar basıb gözünü çıxarsınlar ki, hər şeyin doğrusunu mən bilirəm.

17 yaşında ərə getməyə hazırlaşan həmin qızın taleyi necə olacaq, bilmirəm. Allah qızlarımızın ağlını başından almasın. Ay bədbəxt, sabah səni atıb gedəndə sonra nə edəcəksən? Sonrakı peşmanlıq isə heç bir fayda vermir. Təəssüflər olsun ki, bəzi cavanlar heç bir halda böyüklərin sözünə baxmırlar”.

Tacxeber.com

Oxşar xəbərlər