“Etibarlı nəqliyyat marşrutu olaraq ön plana çıxan Orta Dəhliz kontekstində əməkdaşlıq ortaq mənfəətimizə xidmət edir. Dəhlizin mühüm bir hissəsini Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə tamamladıq”.
Tacxeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənbaşı şəhərində Azərbaycan və Türkmənistan Prezidentləri ilə geniş tərkibdə görüşdəki çıxışında bildirib.
“Marmaray”ı, Yavuz Sultan Səlim körpüsünü, İstanbul hava limanını, Osman Qazi və 1915 Çanaqqala körpülərini istifadəyə verərək Şərq-Qərb istiqaməti boyunca bütöv nəqliyyat marşrutunu təmin etdik. Bu marşrutu daha əlverişli vəziyyətə gətirmək üçün birlikdə çalışmalı, sərhəd-keçid və gömrük prosedurlarını sürətləndirməliyik”, – dövlət başçısı deyib.
Ərdoğan qeyd edib ki, hər üç ölkənin daşıyıcıları üçün quru yolu ilə keçid rüsumlarının və vizaların ləğv edilməsi, yaxud müəyyən bir səviyyədə saxlanılması, viza rüsumlarına endirimlər edərək viza müddətlərinin uzadılması ticarət dövriyyəmizi artıracaq. Nəqliyyat və gömrük sahəsində imzalanacaq sənədlər bu səylərimiz üçün əsas təşkil edəcək.