“Hakimiyyət Qarabağ ermənilərini qorumaq üçün hətta hərbi əməliyyatlara da əl atmağa borcludur”
Bunu Ermənistan patlamentinin “Hayastan” müxalifət fraksiyasından olan üzvü Artsvik Minasyan yerli mətbuata müsahibısində deyib.
Şuşa-Laçın yolunda azərbaycanlı fəalların keçirtdiyi dinc aksiyanı soyqırımı təhdidi olaraq görən A.Minasyan Ermənistan rəhbərliyini hərbi əməliyyatlar da daxil olmaqla bir sıra tədbirlər görməyə səsləyib:
“Əlbəttə, 9 noyabr bəyanatının müddəalarının həyata keçirilməsini təmin etmək üçün əsas missiya Rusiya sülhməramlılarının üzərinə düşür. Lakin Ermənistanda əllərini yuyub kənara çəkilən hökumət öz soydaşlarını qorumaq üçün hərbi əməliyyatlar da daxil olmaqla tədbirlər görməyə borcludur. Lazım gələrsə, Azərbaycana müharibə elan etməliyik”.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanı Qarabağla birləşdirən yolu bağlamaqla insanları öldürməyə və ya erməniləri Qarabağdan qovmağa çalışır: “Bu yol təcili olaraq çox sərt tədbirlərlə açılmalı, üstəlik, ermənilərin Qarabağı tərk etməməsi üçün bütöv bir təminat sistemi tətbiq edilməlidir. Ermənistan ilk növbədə sərt tədbirlərə əl atmalıdır, çünki o, Qarabağda ermənilərin yaşamaq hüququnu qorumaq üçün öz üzərinə aydın öhdəliklər götürüb. Bu, beynəlxalq səviyyədə də qeydə alınıb”.
Erməni deputat vurğulayıb ki, Ermənistan hərbi potensialından istifadə edərək, bunu bacarmasa belə, müttəfiqlərinin qüvvələrinə arxalanmalı, həmçinin müvafiq qüvvələrin cəlb edilməsi üçün beynəlxalq təşkilatlara müraciət etməlidir. (Bakupost.az)