Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Fransa prezidenti Emmanuel Makronun qərəzləri” sərlövhəli məqalə dərc olunub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tanınmış israilli poitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə qeyd edib ki, Fransa vaxtilə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk Qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, sözügedən format hələ qüvvədə olanda belə yeritdiyi ermənipərəst siyasətlə neytrallığını pozub və bu ölkənin Ermənistana dəstək siyasəti Beşinci Respublikanın rəhbəri Emmanuel Makronun dövründə daha da irəli gedib.
Fransa prezidentinin qərəzli mövqeyi onun idarə etdiyi dövlətin Azərbaycan və Türkiyə, eləcə də bir sıra Qərb dövlətləri ilə münasibətlərinə mənfi təsir göstərir.
Müəllif Ermənistanın son 30 ildə beynəlxalq hüququ pozaraq Azərbaycan torpaqlarını işğal altında saxlamasına rəğmən, komandası erməni diasporunun təsiri altında olan Makronun Azərbaycanı 44 günlük İkinci Qarabağ müharibəsinə görə ittiham etdiyini də diqqətə çatdırıb.
Məqalədə qeyd olunub ki, 44 günlük Vətən müharibəsi zamanı bu torpaqların Azərbaycanın tərkib hissəsi kimi tanınması səbəbindən heç nə edə bilməyəcəyini bəyan edən Makron bu yaxınlarda verdiyi müsahibədə keçmiş bəyanatlarını unudaraq, Dağlıq Qarabağ ətrafında vəziyyətin müzakirə altında olduğunu bildirib. İsrailli politoloq bu qəbildən olan bəyanatların təcavüzkar niyyətlərindən əl çəkməyən Ermənistanın özünəinamını artırdığını, danışıqlar prosesinin Ermənistan tərəfindən dəfələrlə əsassız olaraq pozulmasına gətirib çıxardığını və beləliklə, bölgədə sülhün əldə olunmasını ləngitdiyini vurğulayıb. Beynəlxalq təcrübədə vasitəçi kimi çıxış etməyə çalışan istənilən dövlətin müəyyən mövqedən çıxış etməklə öz neytrallığını pozmasının sülh prosesinin yenidən dalana dirənməsi ilə nəticələndiyinə çox rast gəlindiyini qeyd edən müəllif Fransa prezidenti Emmanuel Makronun hazırkı siyasətindən doğan vasitəçilik cəhdlərinin yaranan yeni geosiyasi vəziyyətdə mənfi dəyişikliyə səbəb olacağını proqnozlaşdırıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: