Avropa Məhkəməsi 4 müxalifətçinin lehinə qərar çıxarıb
- Gündəm
- 16 Dekabr 2022 09:53
- 132
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 15-də Azərbaycandan göndərilmiş 6 şikayət üzrə qərarlarını elan edib.
Bu barədə aihmaz.org saytı məlumat verib.
Bildirilir ki, sözügedən ərizələrdə Avropa Konvensiyasının 5-ci və 18-ci maddələrinin pozuntuları mübahisələndirilmişdi. Məhkəmə 4 bənzər ərizəni – müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Cabbar Savalanlı və Murad Ədilovun və Müsavat Partiytası üzvləri Fərəc Kərimov və Sirac Kərimlinin ərizələrini birləşdirərək, birgə qərar çıxarıb.
Savalanlı və Başqaları Azərbaycana qarşı
Bu iş ərizəçilər Cabbar Savalanlı, Fərəc Kərimov, Sirac Kərimli və Murad Ədilovun narkotik vasitələrin saxlanması və qanunsuz dövriyyəsi ilə bağlı saxlanılmaları, evlərində axtarış aparılması, istintaqa cəlb edilməsi ilə bağlı idi. Ərizəçilər hökumət əleyhinə fəaliyyətlərinə görə, qurama sübutlar əsasında, əsaslı şübhələr olmadan saxlanılma və həbs edilmələrindən, yerli məhkəmələrin onların həbsdə saxlanmaları üçün yetərli səbəblər təqdim edə bilməməsindən şikayət etmişdilər. Müxtəlif vaxtlarda verilmiş şikayətləri AİHM yeni icraatda birləşdirmişdi.