Avropa niyə Rusiya qazı olmadan donmur və bu nə qədər davam edəcək?
- Dünya
- 16 Dekabr 2022 16:07
- 130
Avropa işığa və istiliyə qənaət edir, zavodların və krematoriyaların sobalarını zəiflədir, küçələrin və vitrinlərin işıqlandırılmasını söndürür. Bütün bunlar Rusiyanın hələ Ukraynaya təcavüzdən əvvəl başlatdığı qaz müharibəsində qalib gəlməkdən ötrü edilir. Qoca qitə bacaracaqmı?
Toplum Tv BBC-nin yayımladığı məqaləni azərbaycan dilində təqdim edir:
İstilik mövsümünün üçdə bir hissəsi arxada qalıb və nəticələr heyrətamizdir. 450 milyon əhalisi olan 27 AB ölkəsi qaz istehlakını 25% azalda biliblər və indi avropalılar, demək olar, əmindirlər ki, qışı blekautsuz (elektrik enerjisində kəsintilər) keçirəcəklər.
Buna necə nail oldular, nəyə başa gəldi, vəsaitləri və səbirləri uzun müddət yetəcəkmi?
BİRİNCİ RAUND AVROPANIN XEYRİNƏ
Neft və kömürdən fərqli olaraq, qaz Avropa sanksiyalarına məruz qalmadı, çünki AB ucuz və nisbətən təmiz yanacaqdan imtina etmək istəmirdi. Ancaq Vladimir Putin kranı özü bağladı: Kremlin nəzarətində olan “Qazprom” Avropaya qaz tədarükünü 80% azaltdı.
Rusiyanın bütün qazının 40 faizini AB-nin aldığını, hətta göylə gedən qiymətlər müqabilində alternativ tədarükçülər tapmağın asan olmadığını nəzərə alanda, avropalıların gözünün qabağına sənayenin ardıcıl dayanması və donan əhalinin kütləvi etirazları kabusu gəldi.
Amma bu, baş vermədi. Beş əsas səbəbə görə.
Rusiya tədarükü tam dayandırmadı.
Qaz anbarlarını, demək olar, ağzına kimi doldurmaq mümkün oldu.
Subsidiyalar insanların və biznesin köməyinə yetişdi.
Oktyabr və noyabrda havalar rekord səviyyədə isti keçdi.
Avropalılar qaza qənaət etməyi öyrəndilər (ya da məcbur oldular).
Bu səbəblərdən yalnız sonuncusu sırf Avropa Birliyi ölkələrinin ixtiyarındadır. İndi avropalılar Kremlə təkcə birinci qış qaz döyüşündə deyil, bütün enerji müharibəsində qalib gəlmək üçün məhz ona söykənməyə hazırlaşırlar.
“İndi biz diqqətimizi növbəti qışa hazırlaşmaq üçün cəmləməyə borcluyuq. Bu qışa yox, gələn qışa. Bu qış biz təhlükəsizlikdəyik”, – Avrokomissiyanın rəhbəri Ursula fon der Lyayen ötən həftə deyib.
“Əlbəttə, biz buna görə böyük bədəl ödədik”, – o, əlavə edib.
AB ölkələri enerji böhranı ilə mübarizəyə 600 milyard avro ayırıblar. Bunun, az qala, yarısı Almaniyanın – AB-nin ən böyük iqtisadiyyatının və müharibəyə qədər Rusiya qazının əsas idxalçısının – payına düşüb. AB-yə daxil olmayan Böyük Britaniyanın da əhaliyə və biznesə 100 milyard dollar subsidiya ayırmaq planını nəzərə alsaq, Kremllə qaz müharibəsi Avropaya 700 milyard avroya başa gəlib.
İkinci qış üçün belə səxavətə bel bağlamaq olmaz, çünki kovid böhranından sonra təzə-təzə özünə gələn Avropa Rusiyanın Ukrayana təcavüzü üzündən başqa ölkələrə nisbətən daha sürətlə iqtisadi böhrana yuvarlanır. Başqa tədarükçülərin və yaşıl enerjinin hesabına Rusiyadan enerji asılılığını azaltmaq olardı, amma bu, uzun və bahalı yoldur.
O üzdən də avropalıların əsas vəzifəsi qənaətdir.
“İstehlakı azaltmaqla biz işıq pulunu da, zərərli tullantıları da, rusların qaz oyunlarından ziyanı da azaldırıq. Tələbatı azaltmasaq, heç nə alınmayacaq”, – Avropa komissiyasının vitse-prezidenti Frans Timmermans belə deyir.
AVROPA QAZA NECƏ QƏNAƏT EDİR
AB hələ yayda – Putinin qaz kranını yavaş-yavaş fırlatmaqdan kəskin hərəkətlərə keçdiyini anlayanda – qənaət barədə razılığa gəldi.
Mayda Rusiya qaz tədarükünü üç il əvvəllə müqayisədə iki dəfə, hər gün 250 milyon kubmetrə qədər azaltdı. İyulun əvvəlində isə tarixi minimum əldə olundu – 80 milyondan az. İyulun sonlarında AB-nin 27 ölkəsi qərara gəldi ki, Rusiya etibarlı enerji təchizatçısı kimi daha itirilib və son beş illə müqayisədə qaz istehlakını orta hesabla 15% azaltmağı öhdələrinə götürdülər.
Plan artıqlaması ilə yerinə yetirildi.
ICIS tədqiqat mərkəzinin hesablamalarına görə, istilik mövsümünün ilk iki ayında AB-də qaz isehlakı 24% azalıb. Almaniya və İtaliya kimi sənaye ölkələrində tələbat 21% aşağı düşüb. Britaniyada nəticələr daha mütəvazidir – 19%.
Buna necə nail oldular? Könüllü-məcburi yolla.
Qaz tələbatının 40 faizi insanların payına düşür: qazla isinirlər, su qaynadırlar, yemək hazırlayırlar. 30 faizə qədərini sənaye istehlak edir.
Sənayenin tələbatı əsasən məcburi azalır, əhalininki isə könüllü, çünki zavodlar və bizneslə müqayisədə insanlar üçün subsidiyalar müqayisə olunmaz dərəcədə çoxdur, qiymətlər isə aşağıdır.
İlk növbədə enerji çox sərf edən müəssisələr qənaət etməli oldular: metallurgiya və sement zavodları, şüşə, keramika, gübrə və digər neftkimya məhsulları istehsalçıları. Qaza olan sənaye tələbatının yarısı onların payına düşür.
Əgər vəziyyət düzəlməzsə, tələbatın müvəqqəti azalmasının daimi olmaq və AB-nin sənaye bazasını sarsıtmaq təhlükəsi var. Şirkətlərin bir hissəsi başqa ölkələrə gedəcək, məsələn, neft və qazın bol olduğu, dolayısı ilə, enerji təchizatının ucuz, əlçatan və etibarlı olduğu ABŞ-a.
Daha az enerji sərf edən biznesin və dövlət sektorunun seçimi daha sadədir. Qaydaların yumşaldılması, bərpa olunan energetika, ya da sadəcə vərdişlərdən imtina istehlakı azaltmağa imkan verəcək.
Ratuşanı və ya mərkəzi meydandakı fəvvarəni işıqlandırmaq qəşəngdir, yaxşı isidilmiş kitabxanada və ya ofisdə oturmaq xoşdur, gecə vitrinlərinə baxmaq zövqdür. Amma bu payızda məlum oldu ki, avropalılar qitədə müharibəyə son qoymaq üçün bu israfçı vərdişlərdən imtina etməyə hazırdırlar.
İndi, Fransada, İspaniyada və digər ölkələrdə qapalı mağazaları işıqlandırmaq, gündüzlər isə isidilən məkanlarda qapını açıq qoymaq qadağandır. Küçə işıqlanması sönükləşib, ictimai binalarda hərarət 19 dərəcədən çox deyil, o da gündüzlər, tualetlərdə isə isti su yoxdur.
Rusiya qazından asılılığı azaltmaq işinə hətta ölülər də töhfə verirlər.
Almaniya krematoriyaları qaza 80% qənaət etməklə əvvəlki sayda cəsəd yandırmaq üçün öz planlarını təklif ediblər: sobaların yarısını söndürmək, digərlərini günboyu rejiminə keçirmək, hərarəti isə 850°-dən 750°-ə endirmək. “Bunun üçün hakimiyyətin icazəsi lazımdır”, – Röyter Almaniyanın krematoriyalar ittifaqının başçısı Svend-York Sobolevskidən sitat gətirir.
Əhali hələ ki, qənaətə məcbur edilmir, hətta təklif olunmur – ancaq məsləhət görülür. O da hamıya yox. Məsələn, Böyük Britaniyada əvvəlki hökumət sosial reklam kampaniyasını maliyyələşdirmək istəmirdi, yalnız baş nazir dəyişəndən sonra britaniyalılara poçtla enerji qənaətinin üsulları və faydaları haqqında məktublar göndərilir.
Bu zaman, sahə üzrə mütəxəssislərin fikrinə görə, Britaniya evlərində hərarətin cəmi 1% azalması qaza 7% qənaət etmək imkanı verir. Analoji addım əsasən qazla isidilən bir çox Avropa ölkələri, xüsusən də Almaniya, İtaliya və Niderland üçün aktualdır.
SOYUQLA BİRİNCİ İMTAHAN
Buna görə də Rusiya qazından asılılığı azaltmaq üçün Avropanın yeganə ümidi sənaye yox, insanlardır.
Hazırda əhali subsidiyalarla və qaz tariflərinin məhdudlaşdırılması ilə dəstəklənir. Bu üzdən çoxları qənaətə ehtiyac duymur. İşıq və istilik qiymətləri əgər qalxırsa da, çox qalxmır və insanlar sərfiyyatı azaltmaq zərurətini hiss etmirlər.
“Bir çox ölkələr tələbatın azalması lazım olan yerdə hələ də yanlış olaraq enerji sərfinə subsidiya ayırır. Belə yanaşma risklidir. Dövlət dəstəyi tükənəndə bazara etimad sarsılacaq, Rusiyaya qarşı sanksiyaların tətbiqi çətinləşəcək, tullantıların neytrallaşdırılması baha başa gələcək”, – avrokomissar Timmerman deyinir.
Tələbatın azalması çox aktualdır. Çünki Rusiyadan idxalın 80% azaldığı halda Avropaya istilik mövsümünün əvvəlini ağrısız keçirməyə imkan verən digər dörd amil tezliklə yox ola bilər.