Rusiya qüvvələri Belarus ərazisindən yenidən hücuma keçsələr də, Kiyevi ələ keçirə biləcəkləri ehtimalı çox azdır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.
Amerikalı analitiklərin fikrincə, Rusiya ordusu 2023-cü ilin qışında Ukraynanın şimalına hücumda 2022-ci ilin fevralından daha uğurlu olmayacaq.
“Rusiya qüvvələri Ukraynada əldə etdikləri uğurları möhkəmləndirə bilməyib və Kiyevi tərk etdikdən sonra işğal altındakı 70 min kvadratkilometrdən çox ərazini itirib. Xüsusilə, indi Baxmutdakı işğalçı qüvvələr gündə 100-200 metrdən çox irəliləyə bilmirlər”, – məlumatda deyilir.
Analitiklərə görə, Rusiya döyüş meydanında hava üstünlüyünə nail ola bilməyib. Bundan əlavə, ruslar yüksək dəqiqlikli silahlar arsenalını böyük ölçüdə tükəndirib. (Teleqraf)