Edit Kouen Universitetinin avstraliyalı alimləri hesab edirlər ki, fiziki məşq zamanı xərçənglə mübarizəyə yönəlmiş zülalların miqdarı artır.
Tədqiqatçılar prostat xərçəngi olan 10 kişi üzərində təcrübə aparıblar. Onların hamısı 12 həftəlik məşq proqramını tamamlayıblar. Sonda məlum olub ki, resipiyentlərin qanında miyokinlərin səviyyəsi xeyli yüksəkdir. Bunlar skelet əzələləri tərəfindən istehsal olunan zülallardır. Onlar şiş böyüməsinə maneə törədir və orqanizmdə bir sıra digər xərçəng əleyhinə prosesləri gücləndirir.
Sonrakı araşdırmada prostat xərçəngi olan doqquz xəstə stasionar velosipeddə 34 dəqiqəlik bir məşq seansını tamamlayıb. Elm adamları məşqdən dərhal əvvəl, dərhal sonra və daha yarım saat sonra qan nümunələrini götürüblər.
Nəticələr göstərib ki, məşqdən dərhal sonra alınan xəstələrin qanında miyokinlərin səviyyəsi yüksəlir. Və 30 dəqiqədən sonra o, normal vəziyyətinə qayıdır.
“Daha sonra biz laboratoriyada zülalları prostat xərçəngi hüceyrələrinə yerləşdirərək tədqiq etdik və müəyyən etdik ki, miyokinlər şişin böyüməsini 17 faiz maneə törədir. Nəticələr idmanla məşğul olan xərçəng xəstələrinin niyə xəstəliyin daha yavaş inkişaf etdiyini anlamağa kömək edir. Hələ görüləcək çox iş var, lakin tədqiqatın nəticələri ümidvericidir. Xəstələrin ehtiyac duyduğu məşq müddətini dəqiq verə bilməsək də, bunun əzələ böyüməsinə yönəlmiş gündəlik 20 dəqiqədən bir qədər çox fiziki fəaliyyət olduğu təklif edilir”, – alimlər vurğulayıblar. (Lent.az)