• 22 Noyabr 2024 17:06

“İran onsuz da sanksiya altında olan ölkədir” –  Rusiyaya verilən PUA-lar İran üçün yeni cəbhə aça bilər

 

“Rusiyaya “Şahed” PUA-ı satmasına görə İrana ayrıca bir sanksiya düşünülə bilməz. Çünki hər bir ölkə özünün silah sənayesinin tələblərinə uyğun olaraq onu istehsal edib sata bilər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.

Millət vəkili İranın Rusiyaya satdığı “Şahed” PUA-ları nəticəsində bu ölkəyə qarşı yeni sanksiyaların tətbiq olunub-olunmayacağı məsələsinə toxunub. PUA-ların satışından söz açan müsahibimiz əlavə edib ki, burada hansısa bir məhdudiyyət yoxdur ki, satılan malı qarşı tərəf harada və necə istifadə edəcək:

“Amma bunu əsas götürərək, başqa istiqamətlərdə İrana sanksiyanı genişləndirə bilərlər. İran onsuz da sanksiya altında olan ölkədir və təbii ki, bunun da təsiri var. Çünki burada həm də Ukrayna məsələsi həssas bir məsələdir və bu addımların Ukraynada atılmasını Qərb ölkələri çox mənfi qarşılayır”.

Deputatın güman edir ki, bunun müəyyən proseslərdə İrana qarşı ağır nəticələri olacaq:

“Çünki bilavasitə hansısa silahla Kiyevin vurulması üzərindən bu müzakirəni aparmaq təbii ki, doğru deyil. Bəli, müəyyən sənədlərdə və məsələlərdə bunu vurğulamaq nəzərdə tutula bilər, amma ümumi şəkildə bu, İranın Qərb alyansına qarşı bir davranışı kimi qiymətləndirilməlidir. Onda belə bir addımların atılması hər halda mümkündür”.

“Çünki Ukrayna məsələsində Qərbin planlarına qarşı bu qədər fərqli bir formada çıxış etmək və Ukraynanın işğalını dəstəkləmək istiqamətində atılan addımlar təbii ki, Qərbi narahat edir. Yəqin ki, bunun da müəyyən nəticələri ortaya qoyulacaq və hansısa sanksiyaların genişlənməsi ilə bunu müşahidə etmək mümkündür”, – yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər