Birinci Dünya müharibəsi Avropanın nüfuzunu məhv edən mədəni intihar idi. Tarixçi Kristofer Klarkın ifadəsi ilə desək, Avropa liderləri elə bir münaqişəyə daxil oldular ki, əgər onlar 1918-ci ildə müharibənin sonunda dünyanın necə olacağını təsəvvür etsəydilər, heç biri bu münaqişəyə girməzdi. Əvvəlki onilliklərdə onlar öz rəqabətlərini strategiyaları özlərinə məxsus səfərbərlik proqramları ilə əlaqəli olan iki ittifaq qrupu yaratmaqla ifadə etmişdilər. Nəticədə, 1914-cü ildə Bosniyanın Sarayevo şəhərində serb millətçisi tərəfindən həyata keçirilən Avstriya vəliəhdinin sui-qəsdinin Almaniyanın Avropanın o biri ucunda yerləşən neytral Belçikaya hücum edərək Fransanı məğlub etmək üçün çoxməqsədli planını həyata keçirməsi ilə başlayan ümumi müharibəyə çevrilməsinə şərait yaradıldı.
Texnologiyanın öz hərbi imkanlarını nə qədər gücləndirdiyini tam dərk etməyən Avropa dövlətləri bir-birilərini misli görünməmiş tərzdə məhv etməyə başladılar. 1916-cı ilin avqustunda iki illik müharibədən və milyonlarla insan itkisindən sonra Qərbdəki əsas döyüşən tərəflər (Britaniya, Fransa və Almaniya) qırğına son qoymaq imkanlarını araşdırmağa başladılar. Şərqdə bir-biri ilə rəqabətdə olan Avstriya və Rusiya da eyni təmaslar qurmağa başladılar.
Müxtəlif liderlər formal sülh prosesini başlatmaqda tərəddüd edirdilər, çünki heç bir ağlasığmaz kompromis verilən qurbanlara haqq qazandıra bilməzdi və heç kim zəiflik təəssüratı yaratmaq istəmirdi. Buna görə də onlar vasitəçilik üçün Amerikaya müraciət etdilər. Prezident Vudro Vilsonun xüsusi nümayəndəsi polkovnik Edvard Hausun araşdırmaları göstərdi ki, dəyişdirilmiş status-kvona əsaslanan sülh əldə etmək mümkündür. Lakin Vilson vasitəçilik etməyə hazır və həvəsli olsa da, bunu noyabr ayında keçiriləcək prezident seçkilərindən sonraya təxirə saldı. O vaxta qədər Britaniyanın Somme və Almaniyanın Verden döyüşləri daha iki milyon insan itkisi ilə nəticələndi.
Diplomatiya daha az müraciət edilən bir yola çevrildi. Böyük müharibə daha iki il davam etdi və milyonlarla insanın ölümünə səbəb oldu, Avropanın qurulmuş tarazlığını bərpa olunmaz şəkildə pozdu. Almaniya və Rusiyada inqilab baş verdi, Avstriya-Macarıstan dövləti xəritədən silindi. Fransa qan içində idi. Böyük Britaniya qalib gəlmək üçün gənc nəslinin və iqtisadi gücünün böyük bir hissəsini qurban verdi. Müharibəyə son qoyan Versal cəza müqaviləsi əvəz etdiyi strukturdan daha kövrək oldu.
Qış mövsümünün genişmiqyaslı hərbi əməliyyatlara mane olduğu Ukraynada bu gün dünya oxşar dönüş nöqtəsindədirmi? Mən dəfələrlə Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almaq üçün müttəfiqlərin hərbi səylərini dəstəklədiyimi bildirmişəm. Lakin artıq əldə edilmiş strateji dəyişikliklərə əsaslanmaq və onları danışıqlar yolu ilə sülhə nail olmaq üçün yeni struktura inteqrasiya etmək məqamı tədricən yaxınlaşır.
Ukrayna müasir tarixdə ilk dəfə olaraq Mərkəzi Avropanın mühüm dövlətinə çevrilib. Müttəfiqlərinin köməyi və prezident Zelenskinin verdiyi ilhamla Ukrayna İkinci Dünya Müharibəsindən bəri Avropanı təhdid edən Rusiyanın konvensional qüvvələrinin qarşısını aldı. Çin də daxil olmaqla beynəlxalq sistem Rusiyanın nüvə silahı ilə təhdidinə qarşı çıxır.
Bu proses Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı ilkin məsələləri gündəmə gətirib. Ukrayna Amerika və müttəfiqləri tərəfindən təchiz edilmiş Avropanın ən böyük və ən effektiv quru ordularından birinə sahibdir. Necə ifadə olunmasından asılı olmayaraq, sülh prosesi Ukraynanı NATO ilə bağlamalıdır. Xüsusən Finlandiya və İsveçin NATO-ya üzv olmasından sonra neytrallığın artıq mənası yoxdur. Ona görə də mən may ayında Rusiyanın fevralın 24-də müharibəyə başlamazdan əvvəl mövcud olan sərhədlər boyu atəşkəs xəttinin yaradılmasını təklif etdim. Beləliklə, Rusiya o vaxtdan etibarən zəbt etdiyi torpaqlardan əl çəkəcək, lakin Krım da daxil olmaqla, on ilə yaxın əvvəl işğal etdiyi torpaqları əlində saxlayacaqdı. Bu ərazilər atəşkəsdən sonra danışıqların predmeti ola bilər.
Əgər Ukrayna ilə Rusiya arasında müharibədən əvvəlki vəziyyətə döyüş və ya danışıqlar yolu ilə nail olmaq mümkün deyilsə, o zaman öz müqəddəratını təyinetmə prinsipinə müraciət etmək olar. Öz müqəddəratını təyinetmə prinsipi əsasında beynəlxalq nəzarət altında keçirilən referendumlar xüsusilə əsrlər boyu dəfələrlə əl dəyişdirmiş separatçı ərazilərə şamil edilir.
Sülh prosesinin məqsədi iki elementdən ibarət olmalıdır: tərəflər Ukraynanın azadlığını möhkəmləndirməli və xüsusilə Mərkəzi və Şərqi Avropa üçün yeni beynəlxalq struktur hazırlamalıdır. Rusiya isə tədricən bu nizamda öz yerini tapmalıdır.
Bəziləri üçün üstünlük verilən nəticə müharibə nəticəsində gücsüz vəziyyətə salınmış Rusiyadır. Mən bununla razı deyiləm. Rusiya zorakılığa meylli olmasına baxmayaraq, beş əsrdən artıqdır ki, qlobal tarazlığın və qüvvələr balansının qorunmasına həlledici töhfə verib. Onun tarixi rolunu qiymətləndirməmək olmaz. Rusiyanın hərbi uğursuzluqları onun qlobal nüvə potensialına heç bir təsir göstərməyib və bu potensial Ukraynada eskalasiya təhlükəsi yaratmağa imkan verib. Bu imkanlar azalsa belə, Rusiyanın dağılması və ya strateji siyasət formalaşdırma qabiliyyətinin məhv edilməsi onun 11 saat qurşağını əhatə edən ərazisini mübahisəli vakuuma çevirə bilər. Rəqabət aparan icmalar mübahisələrini zorakılıqla həll etmək qərarına gələ bilər. Digər ölkələr öz iddialarını güc yolu ilə genişləndirməyə çalışa bilər. Bütün bu təhlükələr Rusiyanı dünyanın iki ən böyük nüvə dövlətindən birinə çevirən minlərlə nüvə silahı ilə daha da artacaq.
Dünya liderləri iki nüvə dövlətinin konvensional silahlara sahib ölkə uğrunda mübarizə apardığı münaqişəyə son qoymağa çalışmaqla yanaşı, yeni yaranan yüksək texnologiya və süni zəkanın bu münaqişəyə və uzunmüddətli strategiyaya təsirini də nəzərə almalıdır. Artıq “öz mülahizələri ilə” hədəfləri müəyyən edə, təhlil edə və vura bilən, yəni artıq öz müharibəsini başlatmağa qadir olan avtonom silah sistemləri mövcuddur.
Bu sahəyə daxil olan xətt keçdikdən və yüksək texnologiya standart silaha çevrildikdən sonra və kompüterlər strategiyanın əsas icraçılarına çevrildikdə – dünya özünü elə bir vəziyyətdə tapacaq ki, onun hələ müəyyən konsepsiyası yoxdur. Biz bu sahədə olan xətti keçdikdə və yüksək texnologiya standart silaha, kompüterlər strategiyanın əsas icraçılarına çevrildikdə dünya hələ də konsepsiyanın formalaşdırılmadığı bir yer olacaq. Kompüterlər insan nəzarətini məhdudlaşdıran və təhdid edən miqyasda və tərzdə strateji göstərişlər verəndə liderlər nəzarəti necə həyata keçirə bilər? Sivilizasiya bu ziddiyyətli məlumatların, qavrayışların və güclü məhvetmə vasitələrinin girdabında necə sağ qala bilər?
Gələcək dünya üçün hələ heç bir nəzəriyyə mövcud deyil və dünya ictimaiyyəti hələ bu mövzunu müzakirə etmir, bəlkə də ona görə ki, istənilən mənalı danışıqlar yeni kəşflər haqqında məlumatı ictimailəşdirə bilər və bu cür təbliğat özlüyündə gələcək üçün risklər daşıya bilər. Onların istifadəsinə nəzarət etmək üçün müasir texnologiyalar və strategiyalar arasında uçurumu aradan qaldırmaq və ya onların nəticələrinin nə ola biləcəyini başa düşmək bu gün iqlim dəyişikliyi qədər vacibdir və həm texnologiyanı, həm də tarixi mükəmməl mənimsəməyən liderlər tələb edir.
Sülh və asayiş axtarışının bəzən bir-birinə zidd hesab edilən iki komponenti var: təhlükəsizlik strukturu qurmaq və barışıq aktlarına ehtiyac. Hər ikisinə nail ola bilməsək, heç birinə də çata bilməyəcəyik. Diplomatiya yolu mürəkkəb və məyusedici görünə bilər. Lakin bu yolda addımlamaq həm vizyon (baxış), həm də cəsarət tələb edir.
Qeyd edək ki, yuxarıda təqdim etdiyimiz məqalənin müəllifi məşhur amerikalı strateq, sabiq dövlət katibi Henri Kissincerdir və ilk dəfə “Spectator” nəşrində dərc edilib. Məqalə Azərbaycan dilinə Modern.az saytıtərəfindən tərcümə edilib.
Kissincerin məqalədə qeyd olunan fikirləri müzakirələrə səbəb olub. Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak özünün “Telegram” kanalında qeyd edib ki, Kissincer 10 aylıq müharibənin mahiyyətini və onun dünya nizamına təsirini hələ də başa düşməyib:
“Keçmiş dövlət katibinin tələb etdiyi, lakin ucadan deməkdən çəkindiyi resept sadədir: “Şərqi Avropanın digər dövlətlərinə təcavüz etməmək zəmanəti vermək, Ukraynanın bəzi hissələrini qurban verməklə təcavüzkarı sakitləşdirmək. Sadə həll yollarının bütün tərəfdarları aşkar olanı yadda saxlamalıdır. Ukrayna ərazisi hesabına şeytanla istənilən razılaşma pis sülhdür. Belə bir razılaşma Putin üçün qələbə və bütün dünyada avtokratlar üçün uğur resepti olacaq”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Henri Kissincerin ideyaları ilə tanış olduğunu bildirib:
“Kissincerin hazırkı situasiyanın həlli ilə bağlı ideyalarını böyük maraqla öyrənirik. O, istedadlı, təcrübəli mütəxəssisdir. Kissincer öz məqaləsində Rusiya və Ukrayna arasında sülhü, Avropa təhlükəsizliyinin arxitekturasını necə gördüyünü ifadə edir”.