• 23 Noyabr 2024 04:07

“Bakını bombalayaq” deyən “Mixaylo” haqda ilginc məlumatlar – kəşfiyyatın adamı…

Barəsində axtarış elan edilən Mixail Aleksandrovun hədə açıqlamasının arxasında dayanan qüvvələr kimlərdir? 

Azərbaycanın Baş Prokurorluğu Azərbaycanın enerji sistemini bombalamağa çağıran rusiyalı ekspert Mixail Aleksandrov barəsində axtarış elan edib.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun (MDBMİ) hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti, hüquq elmləri doktoru Mixail Aleksandrov müxtəlif kütləvi informasiya vasitələrində verdiyi geniş auditoriya kütləsinə ünvanlanan audiomüraciətində “Azərbaycanın bütün neft sənayesini, enerji sistemini raketlərlə bombalamağa və tamamilə məhv etməyə” çağırıb, deyə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir.

Dekabrın 19-da “Mixail Aleksandrovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (kütləvi informasiya vasitələri ilə təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (odlu silahdan istifadə etməklə terrorçuluğun törədiləcəyi ilə hədələmə) və 283.2.1, 283.2.2-ci (qulluq mövqeyindən yararlanaraq zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan cari ilin dekabrın 19-da Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunmuşdur”, deyə Baş Prokurorluğun məlumatında bildirilir.

Baş Prokurorluq saytlara xəbərdarlıq etdi – 01.04.2022, Sputnik Azərbaycan

Qurumdan qeyd olunub ki, ittiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından Mixail Aleksandrovun Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışı elan edilib.

“Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib”.

Qeyd edək ki, rəsmi Bakının Rusiya hakimiyyətinə müraciətindən sonra Aleksandrov MDBMİ-dən xaric edilib.

Aleksandrov 27 fevral 1960-cı ildə Moskvada anadan olub. 1982-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ) bitirib. 1982-1992-ci illərdə – SSRİ Xarici İşlər Nazirliyinin əməkdaşı (Rusiya) olub. O, Yeni Zelandiya və Zimbabvedəki səfirliklərdə, həmçinin Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatında – 2-ci Avropa Departamentində, Konsulluq İdarəsində və Qiymətləndirmə və Planlaşdırma İdarəsində çalışıb.

1997-ci ildə “Postsovet dövründə Rusiya-Qazaxıstan münasibətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Eyni adlı kitab ABŞ-da nəşr edilib.

2003-cü ildə Moskvada MDB ölkələri İnstitutuna daxil olub. 2003-2009-cu illərdə MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinə, 2010-2013-cü illərdə MDB-nin Baltikyanı ölkələrlə Əlaqələr İnstitutunun şöbəsinə rəhbərlik edib.

O, “Stalinin xarici siyasət doktrinası”, “Qafqaz uğrunda döyüş: 2004 – 2008” kitablarının müəllifidir. Tərcümeyi-halından da göründüyü kimi, sovet vaxtından diplomat təcrübəsi olan Mixaili -“Mixaylo”nu bu sahədə təsadüfi adam hesab etmək olmaz. Sovet dövründə doplomatlar xüsusi xidmət orqanlarına və kəşfiyyata bağlı adamlar olub. Mixail Aleksandrovun “Bakını bombalamaq” kimi sərsəm bəyanat  onun öz “ağlının” məhsulu olmaya da bilər. Aleksandrovun bu bəyanatın Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirə biləcəyini də hesablamamış ola bilməsi ağlabatan deyil. O halda, bu hədə açıqlamasının arxasında dayanan qüvvələr daha maraqlıdır və kimlər ola bilər?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a deyib ki, Mixail Aleksandrovun bəyanatı təsadüfi deyil: “Son zamanlar Rusiyadan Azərbaycana qarşı hədələyici açıqlamalar sayı artıb. Bunun bir neçə səbəbi var. Rusiya tərəfi Azərbaycanın Qarabağ yolunda nəzarəti ələ keçirməsindən narazıdır. Bu, Rusiyada söz sahibi olan hərbi-siyasi dairələrin xoşuna gəlmir. Bununla belə real addım da ata bilmirlər. Çünki sözdə də olsa, Azərbaycanı tərəfdaş adlandırırlar. Bundan başqa, Azərbaycanın Türkiyə ilə hərbi ittifaq qurması da Rusiyadakı dairələrin xoşuna gəlmir. Prezident İlham Əliyevin siyasəti budur ki, Azərbaycan ordusu Türkiyə ordusunun modelinə çevrilməlidir. Bu yöndə görülən işlər, Bəxtiyar paşanın müdafiə nazirinin müşaviri təyin olunması da çox önəmli faktdır. Nəhayət daha bir narazılıqları Azərbaycanın Ukraynaya verdiyi dəstəklə bağlıdır. Hazırda qış aylarıdır, Rusiya Ukraynada elektrik stansiyalarının əksəriyyətini məhv edib. İnsanlar soyuqdan donurlar. Belə bir vaxtda Azərbaycan da digər dövlətlər kimi Ukraynaya humanitar yardım yolladı. Bu, bir insani yardımdır. Generatorlar göndəridi ki, insanlar qaranlıqda qalmasınlar, soyuqdan donmasınlar. Bundan da Rusiya tərəfi narazıdır. Hətta Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycana yönəlik bir tənqidi açıqlaması da olmuşdu. Qeyd olunanları nəzərə aldıqda Mixail Aleksandrovun səsləndirdiyi fikirlərin təsadüfi hesab etmirəm. O, təlimat əsasında danışıb. Rusiya tərəfi onun bu açıqlamasından sonra açıqlama yaydı ki, guya Mixail Aleksandrovu işdən çıxarıb, bu məlumat da inandırıcı deyil. Çünki Mixail Aleksandrovdan sonra Azərbaycana yönəlik təhdidedici açıqlamalar səngimədi”.

Politoloq deyir ki, Rusiya tərəfi belə açıqlamalarla Azərbaycanı müstəqil siyasət aparmaqdan çəkindirməyə çalışır: “Mixail Aleksandrovun məlum sərəsləməsindən 1 gün sonra Kremlə yaxınlığı ilə seçilən Rusiyanın Yaxın Şərq İnstitutunun sədri Yevgeni Satanovskinin Azərbaycanı təhdid edən bir videosu yayıldı. Satanovski Ukraynadan sonra Rusiyanı Azərbaycana hucum etməyə çağırış edir. Kremlə yaxınlıqları ilə tanınan siyasi ekspertlərin dilindən də belə tezislər tez-tez səslənir. Deyirlər ki, “Ukrayna ilə işimizi bitirək, növbədə Azərbaycandır”. Mixail Aleksandrovun açıqlaması öz ağlının məhsulu deyil. Ona bu açıqlamanı verdirən Rusiya siyasi hakimiyyətidir. Rusiya heç zaman Azərbaycanın dostu, tərəfdaşı olmayıb. Rusiya Azərbaycana qonşu ölkədir, vəssalam. Yaxşı qonşuluq münasibətlərini saxlamaqla Azərbaycan hər zaman öz sözünü deməldir. Rusiyanın 200 illik siyasəti Azərbaycanın maraqları əleyhinə olub. Bu gün də həmin siyasət davam etdirilir”.

Politoloq deyir ki, Azərbaycan Baş Prokurorluğunun Mixail Aleksandrovun barəsində cinayət işi başlaması tam qanunidir və o, harada olmasından asılı olmayaraq tutulmalı, Azərbaycan məhkəməsində cinayətkar çağırışlarına görə cavab verməlidir: “Mixail Aleksandrov cəzaya çatdırılmalıdır ki, onun kimi sərsəm açıqlama verənlərə dərs olsun. Azərbaycanın sistemli şəkildə təhdid olunmasının qarşısını almaq üçün kəsərli addımlar atılmalıdır. Azərbaycanı təhdid edən dillər qanunun gücündə istifadə edilməklə kəsilməlidir”.

 

Tacxeber.com

Oxşar xəbərlər