Yaradılan “Qaynar xətt”ə bugünədək 300-ə qədər müraciət daxil olub. Bu müraciətlərin hamısı kömək edilməsi məqsədilə olmayıb.
Tacxeber.com xəbər verir ki, bu sözləri mediaya açıqlamasında D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin əməkdaşı Dilarə Əfəndiyeva Xankəndi və ətrafında məskunlaşan erməni icması üçün yaradılan “Qaynar xətt”ə daxil olan müraciətlər haqda danışarkən deyib.
O bildirib ki, ilk günlər müraciətlər çox idi:
“Bu müraciət üsulu ermənilərin maraqlarına zidd olduğundan orada çox da yaxşı qəbul olunmadı. Ermənistan bizim Qarabağdakı ermənilərə kömək etməyimizi istəmir. İrəvandakılar Xankəndidəki ermənilərin blokada altında qalması ilə bağlı rəy yaratmaqda maraqlıdırlar”.
D.Əfəndiyeva qeyd edib ki, ermənilər zəng etdikləri zaman müraciət etdikləri üçün qorxduqlarını da deyirdilər:
“Əgər xəstə, dərman çatışmazlığı varsa, həll etməyə, hansısa sadə erməninin müalicəsi üçün Azərbaycanın digər xəstəxanalarına yerləşdirməyə, hətta Ermənistana getməsinə dəstək ola bilərik”.