• 22 Noyabr 2024 23:08

Naxçıvanın polis rəisləri əllərində “Qara dəftər” Bakıdan gələcək müfəttişləri gözləyirlər

Halaldır, Naxçıvanın polis rəislərinə. Sən demə, hamısının əlinin altında bir “Qara dəftər” var imiş. Özü də yeni deyil. Hələ Fazil Ələkbərovun dövründən başlayaraq bütün polis rəisləri bir “Qara dəftər” götürüb, aldıqları və verdikləri bütün “hörmət”lərin qeydiyyatını tuturmuşlar. Rüşvətin alınma tarixindən verilmə anına qədər bütün ayrıntılar bu dəftərlərdə öz əksini tapıb. Hətta özlərinə qalan faizlər də səmimi şəkildə “Qara dəftər”ə yazılırmış.

Qara Pişiyin dediyinə görə, əsl alman dəqiqliyi ilə bütün rüşvət alış-verişlərinin qeyd olunduğu bu “Qara dəftər”lər bu gün Naxçıvan polisləri arasında daha da aktuallıq qazanıb. Rəislər hər axşam evə gedəndə qabaqlarına bir “Qara dəftər”i, bir də kalkulyatoru qoyub hesablamağa girişirlər. Bəzi xırda detalları belə xatırlayıb ona əlavə edirlər.

Onların bu çirkli maliyyə hesabatları hazırlaması isə təsadüfi deyil. Zira Naxçıvan MR DİN-də pıçıltılar dolaşır ki, yaxın günlərdə onlara Azərbaycan DİN-dən müfəttişlər gələcək. Həmin müfəttişlərin əlində müvafiq qurumların hazırlayıb ərsəyə gətirdiyi rüşvət siyahısı olacaq. Hansı polis rəisi kimdən nə qədər rüşvət alıb, kimə torba tikib, kimi necə aldadıb və s. məlumatlar təsbit edilib və müvafiq orqanlara çatdırılıb. Azərbaycan DİN-dən Naxçıvana gedəcəyi gözlənilən təftiş qrupunun da əlində daşdan keçən bu məlumatlar var və metro Tağının sözü olmasın, heç kimin burcutmağa yeri qalmayacaq.

İnsafən, polis rəisləri də burcutmağa çox həvəsli deyillər. Onların fikrincə, əmr yerinə yetiriblər və topladıqları rüşvətin 90%-i Naxçıvan MR DİN-in rəhbərliyinə ötürülüb. Rəhbərlik də bu “qənimət”in 50%-ni Ali Məclisin yetkililəri ilə bölüşüb. Xüsusilə də “xanzadə” həzrətləri Seymur “müəllim” ilə.

Naxçıvanın polis rəislərinin “Qara dəftər” tutmalarının maraqlı bir səbəbi var. MR DİN-ə 18 il rəhbərlik edən Əhməd Əhmədovdan sonra tez-tez dəyişilən nazirlər çətin vəziyyətə düşən kimi, binəva rəisləri və digər polis əməkdaşlarını güdaza verirmişlər. Məsələn, bu cür güdaza vermələrdən biri 2021-ci ilin iyul ayında yaşanıb. Qara pişiyin iddiasına görə, həmin vaxt məzuniyyətdə olan Babək rayon şöbəsinin rəisi polkovnik-leytenant Teymur Quliyev təbiətin qoynunda gül kimi istirahətə daldığı anda birdən bəd xəbərlə üzləşir. Eşidir ki, onu heç bir səbəb göstərmədən işdən qovublar. Üzərindən 2 gün keçəndən sonra Naxçıvan MR Prokurorluğu Teymur Quliyevi çağırıb vətəndaşlardan 800 min manat yığdığını bildirir. Teymur Quliyev nə illah edirsə, yığdığı rüşvəti Naxçıvan MR DİN-in rəhbərliyinə verdiyini əsaslandıra bilmir. Onu dərhal qandallayıb Vasif Talıbovun Böyükdüz əsirxanasına göndərirlər.

Teymur Quliyevin qohum-əqrəbaları əllərində olan bütün əmlaklarını satıb yaxınlarını çətinliklə əsirxanadan qurtara bilirlər. Sabiq polis rəisi içəridə yatarkən onun Naxçıvan şəhərində Beko dükanın yerləşdiyi binadakı 4-otaqlı evi, Hyundai Sonata markalı maşını, qardaşının Bakıdakı mənzili, gəlinlərinin qızıl əşyaları satılıb 350-400 min dollar düzəldilib “azadlıq parası” kimi Seymur Talıbova verilir. Quliyevlər tayfası tam soyulduqdan sonra sabiq polis rəisi Böyükdüz əsirxanasından çölə çıxa bilir.

Son zamanlar ortaya çıxan məlumatlara görə, Quliyev Böyükdüzdə əsir həyatı yaşayarkən onun barəsində həbs qətimkan tədbiri də seçilməyibmiş. Yəni binəvanı tam qanunsuz şəkildə əsirxanada saxlayıblarmış.

Buna bənzər bir başqa hadisə cəmi altı aydan sonra baş verir. Məlumata görə, Gestapo Cəlilin əmri ilə Naxçıvanın bütün rayonlarında araşdırmalar başlayır. Hansı vətəndaşdan nə qədər rüşvət alınması barədə məlumatlar toplanır və rəislər Ali Məclisə çağırılır. Onlardan aldıqları rüşvətin vətəndaşa qaytarılması bəhanəsilə Ali Məclisin yetkililərinə verilməsi tələb olunur.

Eyni tələblə qarşılaşan Culfa rayon Polis Şöbəsinin rəisi Şərif Hüseynəliyev Ali Məclisdən çıxan kimi birbaşa özünü yetirir Naxçıvan MR Daxili İşlər Nazirliyinə və nazirliyin Maliyyə şöbəsinin rəisi Əbülfəz Vəliyevin yaxalayıb camaatın pulunu ondan istəyir. İki polis rəisi arasında dava başlayır. Şərif Hüseynəliyevin Əbülfəz Vəliyevi əməlli-başlı əzişdirdiyi xəbər verilir.

Bu iki qalmaqaldan əvvəl də bənzər hadisələr yaşandığından polis rəislərinin nazirlərinə və Seymur Talıbova etibarları itir. Onlar başa düşürlər ki, zorla rəislərdən pul tələb edən rəhbərlik əslində öz işçilərini qəsdən cinayətə bulaşdırırlar ki, sabah boğazlarına çöküb bütün varidatlarını əllərindən alsınlar. Odur ki, bütün rəislər öz “əmək fəaliyyətlərini” əks etdirən gündəlik tutmağa başlayıblar. Naxçıvan polisləri arasında bu gündəlik “Qara dəftər” adlanır.

İndi polis rəisləri onları cinayətə bulaşdırıb sonra varidatına qonan “xan” rejimindən qurtulmaq və ya qisas almaq üçün əllərində “Qara dəftər” səbirsizliklə Bakıdan gələcək müfəttişləri gözləyirlər.

Tacxeber.com

Oxşar xəbərlər